“Gencaile.az” saytı “Lent.az”-a istinadən klinik psixoloq, seksoloq və psixoterapevt Təhmasib Cavadzadənin müsahibəsini təqdim edir:
– Təhmasib bəy, sizi oxuculara necə tanıdaq?
– Bakıda, Maştağa kəndində doğulmuşam və orda da yaşayıram. Təhsilimi İranda, Tehran şəhərində almışam. 10 il İranda yaşadıqdan sonra, 2012-ci ildə Azərbaycana qayıtmışam. O vaxtdan bəri də fəaliyyətimi burda davam etdirirəm.
– Ailələrin ayrılma səbəbləri içərisində daha çox məişət qayğıları gəlir, yoxsa?..
– Bir çox səbəb var təbii ki, o cümlədən də intim münasibətlər. Gəlin statistikaya nəzər salaq. Elə iki ay ərzində iki min boşanma olub. İlin ilk 4 ayında isə bu rəqəm dörd mindən çoxdur. Yəni, 6 aya yeddi minə yaxın boşanma var. Bunların da çoxu düzgün şəkildə ailə qurmayanlardı. Məsələn, evlənəndə ya ailənin məsləhəti ilə, ya da sevgi yox, ehtiras üzərində ailə qururlar. Bundan başqa, oğlanla qız bir-birilərini düzgün dəyərləndirmirlər, xarakterlərini kəşf etmirlər. Nə qədər ki, evlənməyiblər bir-birilərinin istədiyi kimi davranırlar. Amma evlənəndə isə özləri olurlar.
– Demək istəyirsiniz ki, fərqli göstərirlər özlərini?
– Çox xanım deyir ki, mən evlənməmişdən qabaq yoldaşım belə deyildi, indi dəyişib. Çünki tanışlıq müddətində onlar maskalanmışdı. Heyvanlarda da var bu. Erkək gəlib dişinin qabağında mahnı oxuyur. Bu zaman da dişi özünə tərəfmüqabil seçir. İnsanlar da özlərini ideal şəkildə göstərirlər, maskalanırlar. Amma anlamalıdırlar ki, maskalanmaq çox uzun çəkmir. Ona görə də ailə qurandan sonra tamam başqa insana çevrilirlər. Maskalanmağa da ona görə ehtiyac duyurlar ki, özlərini qəşəng göstərsinlər.
– Bəs boşanmaların bu qədər artmasına səbəb nədir, maskalanma?
– Bəzən evli şəxslər bizim yanımıza tək-tək gəlirlər. Tutaq ki, kişi deyir mən nə edim? Deyirəm axı mən tək sizə necə kömək edim? İkiniz də gəlməlisiniz. Boşanmalar da ona görə artır ki, cütlüklər nə evlənməmişdən qabaq, nə də sonra psixoloqa müraciət edirlər. Hətta boşanmadan əvvəl də gəlmirlər.
Mən Tehran seks klinikasında (İran seks institutu) işləyəndə insanlar evlilikdən qabaq gəlirdilər. Biz onları, xarakterlərini şəxsiyyətlərini analiz edirik ondan sonra onlara evlənə bilərlər ya yox və yaxud da evlənsələr, bu nöqtələrə riayət etməlidirlər onu deyirdik.
– Boşanmaq daha asanlaşıb deyə bilərik, Təhmasib bəy?
– Cütlüklər iç üzlərini, istəklərini gizlədirlər. Bir-birilərinə hörmət etmirlər, fikirlərini saymırlar, dəyər vermirlər. Hər iki tərəf istəyir ki, başçılığı o etsin. Və ya oğlan istəyir ki, ailəyə həmişə o başçılıq etsin, hər zaman onun dediyi olsun. Artıq 21-ci əsrdir və qadınların ər evinə gəlinliklə girib, kəfənlə çıxdığı dövr deyil.
Rahat gedib boşanırlar. Ailələr də elədi. Qızın ata anası yanıma gəlir ki, oğlan belədi, bundan boşayıb, başqasına verəcəyik. Elə bil pişik balasıdı, heyvandı bundan alıb başqasına verirlər. Ailə də belə düşünür, baxmayaraq ki, sovet düşüncəli ailədir. Boşanmaq çox rahatlaşıb.
Çox vaxt deyirlər ki, psixoloqlar cütlüklərə boşan deyir…
Psixoloqlar görür ki, artıq yara infeksiya verib və bunu sağaltmaq mümkün deyil.
Yəni, evlilik kökdən səhv olub, biz o zaman da boşan demirik, hər şeyi onlara göstəririk və qərarı onlar verir. Boşanan ailələrin bəlkə də çoxunu düzəltmək olardı. Çünki onlar bir-biriləri ilə danışmırlar, narazı olduqları şeyləri demirlər. Bəzən deyirlər psixoloqa niyə gedim ki, dəli deyiləm ki? Psixoloq dəlilər üçün deyil. Böyrək xəstəsi ilə ruhi xəstənin heç bir fərqi yoxdur. İkisinin də orqanında problem var. Birinin böyrəyində digərinin də beynində problem. Bunu cəmiyyət başa düşmür. Qaçırlar birinci məhkəməyə, sonra da qırğın-dava və bitdi.
– Şəhvətlə sevgi necə sintez ola bilər? Münasibət yalnız birinin üzərində qurularsa bu ziyanlı ola bilərmi?
– Seks bir ehtiyacdır. Həyatın hər bir anından ləzzət almaq lazımdır. Seks də digər yemək, içmək, tualetə getmək kimi bioloji istəkdir. İnsan evlənir ki, bir insanla münasibətdə olsun, hər şeyini, sevgisini onunla bölüşsün. Cinsi ehtiyacını başqaları ilə deyil, bir nəfərlə ödəsin. Bu insandan uşaqları olsun, onları böyüdüb, tərbiyə etsin. Daha doğub-töküb, necə gəldi böyütməsinlər.
– Niyə cütlüklər evləndikdən sonra daha çox problemlərlə qarşılaşırlar?
– Ümumiyyətlə, boşanmaq istəyən insanlardan soruşmaq lazımdır ki, sən niyə evlənmisən? Ailə həyatının yükünü daşımağa hazır idin? Onlar çox vaxt belə deyir:
Hə, valideynlərim məsləhət gördü, ev qızı idi, yaxşı qız idi… Axı sən ev qızını alıb, universitetdə oxuyan və digər qızlarla gəzirsən. İnsanlar nə istədiklərini bilmirlər. Əsas problem budur və qlobaldır.
Soruşanda ki, əvvəldən o qız səni cəzb edirdi? Deyir, yox, yaxşı qız idi deyə evləndim. Bax, səhv burdadır. Bunu alacam, sonra gedib başqasıyla gəzəcəm söhbəti. Axı o da axırda üsyan edəcək. Oğlan gəzəcək və öz həyat yoldaşına yaxın durmayacaq. O zaman qız da başqası ilə görüşəcək. Sonra da oğlan qızı öldürür və deyir mən yaxşı oğlanam. Hamı biləcək də sən arvadını niyə öldürmüsən. Deyəcəklər arvadı gəzirdi ona görə. Guya qeyrətini yudu. Və bu heç vaxt yaddan çıxmayacaq.
Mən özüm cəzaçəkmə müəssisəsində işləyirəm və hər şeyi də yaxşı görürəm. Seks ehtiyacı mütləq ödənilməlidir. Yoxsa, həyat yoldaşı heç vaxt açıq formada demir ki, sən mənim seks ehtiyacımı ödəmirsən mən ona görə sənə qarşı aqressivəm. Yemək qoyanda qabı çırpır, xırda bir şeyin üstündə dava edirlər. Ailəni saxlayan ehtiyaclardan biri də seksdir. Ailəni bir-birilərinin cinsi ehtiyacını ödəməklə saxlayırlar.
– Cütlüklər necə bilsinlər ki, onlar bir-birilərinə uyğundurlar?
– Birincisi ailə psixoloquna getmək lazımdır. 15 dəfə yox, bir dəfə ilə bunu bitirmək olar. Bir seansa şəxsiyyətləri analiz etmək olur. Başqa bir tərəfdən bir-birilərinə istəklərini desinlər. Qızlar bəzən deyir ki, oğlan evlənməmişdən qabaq deyirdi ki, sənə hər şeyə – oxumağa da , işləməyə də icazə verəcəm. Amma evlənəndən sonra icazə vermir. Qız da qalır heçnəsiz. Bu isə düzgün deyil və nəticədə boşanırlar.
Oğlanı tanımaq lazımdır ki, ailəsinə necə davranır, ailəsindən asılıdı yoxsa müstəqildi. Bunun şalvarını da, köynəyini də anası alırsa, bu oğlan necə ailə həyatına hazır ola bilər?! Müstəqil deyil, anasından, atasından icazə alır. Bəzən böyüklər yaxşı məsləhət verirlər, amma hər şeyi nəzərə almırlar. Mən çox nadir hallarda görmüşəm ki, anası onu hərtərəfli nəzərə alsın.
Deyirlər ki, dədə-babadan bizdə analar, atalar bəyəniblər qızı. Bəli, onlar indikindən daha savadlı və daha müdrik idilər. Qızları hamamda bəyənirdilər. Qızın bədəninə, duruşuna baxırdılar. Yoxsa, indikilər heç uyğun gəlmirlər bir-birilərinə.
Təhmasib bəy, qadınlarımız çox çəkinir bu məsələlərdə. Niyə?
– Oğlanlar gəlib mənə deyir ki, yoldaşım heç nə bacarmır. Başa düşmək olmur, hardan bacara bilərlər axı. Cinsi əlaqə, ümumiyyətlə təcrübədir. Təcrübəylə qabağa gedir. Cinsi əlaqəni heç kim məktəbdə, universitetdə öyrənmir. Bu təcrübəni də cütlüklər bir-birindən qazanmalıdır.
Düzdü, oğlanlar çox vaxt evlənməmişdən qabaq cinsi əlaqə yaşayırlar. Yaşamayanlar da var, bu da çox böyük problemdir. Əgər ər-arvad intim həyatları barədə rahat danışa bilmirlərsə, onların arasında mütləq problem olacaq. Səmimi olmurlar deyə, budur 2 aya 2 min boşanma.
– Seksoloq olmağınız necə qarşılanır?
– Bizim cəmiyyətdə hər şey seksin üzərində qurulub. Cinsi orqanı kəsirlər toy edirlər, iki nəfər evlənir bunlar gecə nəsə yaşayacaqlar və onu da qeyd edirlər. Hamısı da buna sevinir. Amma seksdən danışmaq olmaz. Hamı bilir də nə olacaq axşam.
Və sonra da bizə deyirlər seksdən danışmaq mentalitetə uyğun deyil. Bizim mentalitet elə seks üzərində qurulub da. Sonra problem yarananda molla axtarırlar, molla bunları birləşdirib axı… Cəmiyyət inkişaf etməlidir.
– Bəs, intim münasibətlərin pozulmasında xəyanətin payı nə qədərdir?
– Səmimi olmayanda, istəklərini deməyəndə və bundan başqa bayaq saydıqlarım olmayanda xəyanət olur. Bəzən qızlar deyir ki, mən ərim üçün hər şey etmişəm, amma yenə də xəyanət edir. Deməli, səhv səndədir ki, belə birini seçmisən. Araşdırmaq lazımdı, qızlar anlasın ki, əyri bitən bir insanı düzəltmək olmaz. Onun gözü həmişə orda-burda olacaq. Xanımlar da tez-tez deyinir, kişi də belə olanda bezir. Gedib başqasını tapır, onunla ehtiyaclarını ödəmək üçün görüşür.
– LGBT nümayəndələri olan cütlüklər arasında sizə müraciət edənlər olur?
– Hər cəmiyyətin 10-12 faizi homoseksual, 6-7 faizi lezbiyanlar, 17 faizi biseksuallardır.
Azərbaycanda belə cütlüklər az müraciət edir, amma İranda çox idi. Fərdlər tez-tez öz psixoloji durumlarına görə müraciət edirlər. Mən onları ayırmıram, biz insanlara ümumi baxırıq. Bəzən də onlar müraciət edirlər ki, mən bu halımdan razı deyiləm. Biz onda baxırıq ki, həqiqətən bu homoseksualdı yoxsa yox. Bəzən doğrudan da homoseksualdı, amma cəmiyyətə adaptasiya ola bilmir. Çünki bizim cəmiyyət də onları anlaya bilmir. Onların bəziləri heç özlərinə iş də tapa bilmirlər. O zaman da gedib seks işçisi olurlar. Onu da qeyd edim ki, doğuşdan homoseksual olanları dəyişmək olmur.
– Maştağalı olmağınız işinizə əngəl olmur?
– Bir insan hər şeyi düşünə, qavraya bilirsə, onun harda doğulmağı və böyüməyi mənasızdır.