BMT-nin dünyanın 30 ölkəsində apardığı araşdırmalar zamanı 50-100 milyon arasında ev qulluqçusunun olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, həmin ölkələrdə təxminən 70-100-140 adama bir ev qulluqçusu düşür.
Ölkəmizdə belə bir statsitika aparılmasa da, bu cür “işçilərin” ölkəmizdə, xüsusilə böyük şəhərlərimizdə son illərdə artdığı məlumdur. Deməli, bu çoxluğun da hüquqlarının tam olaraq qorunması üçün həm hüquqi bazanın formalaşdırılması, həm də qanunvericiliyin işləkliyinin təmin edilməsi baxımından addımlar atılmalıdır.
“Azərbaycanda evlərdə fəaliyyət göstərən qeyri-rəsmi işçilərin – ev qulluqçularının sayı 30-40 minə yaxındır”. Bunu Vətəndaşların Əmək Liqası təşkilatının rəhbəri Sahib Məmmədov hələ 2013-cü ildə jurnalistlərə açıqlamasında bidirmişdi.
Onun sözlərinə görə, son 15 il ərzində ölkədə ev qulluqçuları sahəsi geniş yayılıb. Bu peşələrin çeşidi də artıb, dayə, aşpaz, mühafizəçi, şəxsi sürücü, bağban və s.: «İndi bəzi ailələrdə 30-40 nəfər ev qulluqçusu var».
S.Məmmədov bildirib ki, qulluqçuları işə cəlb edənlər təkcə varlı əhali deyil. Hər iki üzvü işləyən gənc ailələr də ev işlərini görmək və ya uşağa baxmaq üçün qulluqçu tutur. Təqribi qiymətləndirmələrə görə, hazırda Azərbaycanda 30-40 min belə işçi olsa da, onlarla əmək münasibətləri rəsmiləşdirilməyib. Bu sahə nə vergiyə, nə də icbari sosial ödənişlərə cəlb edilmir, eləcə də bu işlərdə çalışanların əmək hüquqları qorunmur.
Ekspert bildirib ki, bu problemlərin həlli, eləcə də qeyri-qanuni işsizliyin aradan qaldırılması və iş yerlərinin rəsmiləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik edilməli və hazırda heç bir yerdə qeydə alınmayan belə işlərdə işləyənlər ayrıca kateqoriya kimi göstərilməlidir: «Bunlarla əmək münasibətlərini rəsmiləşdirmək mümkün deyil. Çünki qanunvericilik buna imkan vermir. Üstəlik, bu adam vergi orqanına hesabat verə bilirsə, əmək müqaviləsi bağlaya bilirsə, daha niyə qulluqçu işləsin?».
S.Məmmədovun təklifinə görə, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı daxil edilməli və qulluqçuları işə qəbul edən şəxslər bu adla qeydə alınmalıdır: «Bu sahibkar deyil, amma digər şəxsləri muzdlu işə cəlb etməyə haqqı çatır. Bu təcrübə digər ölkələrdə geniş tətbiq olunur».
Bundan başqa, ekspertin fikrincə, Əmək Məcəlləsində ev qulluğunda çalışanlarla əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı xüsusi fəsil olmalıdır. Çünki bu sahəni ümumi prinsiplə tənzimləmək mümkün deyil, onlar fərqli üsulla tənzimlənməlidir.
***
S.Məmmədov “168 saat”ın əməkdaşı ilə söhbətində bildirib ki, bu vəziyyət, təəssüf ki, 3-4 il öncəki kimi qalır. Göründüyü kimi, ev qulluqçuları ilə bağlı məsələ də insan alveri ilə bağlı problemin əhatə dairəsindədir. Bu gün onların əmək hüquqları əsasən ciddi şəkildə pozulur. Nadir hallarda onlarla əmək müqaviləsi bağlanır, ödəniş əlbəəl qeyri-rəsmi formada edilir və s.
Ekspert əlavə edir ki, belə ev qulluğuna cəlb edilənlər üçün birdəfəlik vergi sistemi də tətbiq etmək olar. Məsələn, Patent vergiqoyma sistemi. Amma bunun üçün də Vergilər Məcəlləsinə müvafiq anlayış gətirilməli və tənzimlənməlidir.
Ev qulluqçuları ilə bağlı daha bir problem ondan ibarətdir ki, bəzən onlara qarşı kobud rəftar edilir. Onlar təhqir olunur, hətta döyülürlər, ancaq təəssüflər olsun ki, bəzən bu hallarda belə “işçi qadın” işsiz qalmamaq üçün şikayət etmir. Və ya şikayət edilsə də, bəzən hüquqlar tam olaraq bərpa olunmur.
Gültəkin Əsədova (ad və soyad şərtidir) ev qulluqçusu işləyir. Deyir ki, artıq 10 ilə yaxındır ki, bu işlə məşğuldur. İmkanlı ailələrdən birinin evini təmizləyir, uşaqlarına baxır, yeməklərini hazırlayır: “Həftənin 6 günü təxminən 10-12 saat o evdə oluram. Mənə çox etibar edirlər. Yaxşı ailədirlər. Maaşımdan əlavə imkan olduqca mənim üçün də bazarlıq edirlər, əyin-baş alırlar. Ayda 350 manat maaş alıram. Çox razıyam”.
Əmək müqaviləsi bağlanıb-bağlanmaması ilə bağlı suala isə G.Əsədova bildirir ki, müqavilə bağlamayıb, ancaq buna ehtiyac da görmür.
Başqa bir ev quluqçusu Şamama (ad şərtidir) xala isə Əmək müqaviləsi barədə indiyədək eşitməyib: “Əmək müqaviləsi nədir ki?! 15 ildir ki, işləyirəm – 2-3 evdə ev işləri görürəm, ancaq heç vaxt belə sənəd görməmişəm”.
Başqa bir xanım – Səriyyə Xəlilova (ad-soyad şərtidir) isə hüquqlarının pozulduğunu bildirir: “Çoxdandır işləmirəm. İş tapmadım deyə evlərdə aşpazlıq etmək istədim. Bir ailədə işlədim, razı qaldılar, başqa bir ailəyə tövsiyə etdilər. Təəssüf ki, orda mənimlə kobud rəftar edirdilər. Ödənişi həftəlik verirdilər. Sonuncu həftə isə işlədim, ancaq pulumu verən olmadı”.
***
Məlumat üçün bildirək ki, yaxın vaxtlarda ev qulluqçuları da vergi ödəyicisi ola bilər. Bu, ev qulluqçularını da, onları işə götürənləri də öz əməklərini sənədləşdirməyə, rəsmiləşdirməyə məcbur edəcək.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədovun sözlərinə görə, sahibkarlıq hüququ olmayan fiziki şəxslərin hesabına vergi ödənişçiləri artırılacaq. Bu siyahıya özəl təmirçilər, dayələr, bərbərlər, hətta ev qulluqçuları daxil edilir. Yeni mexanizm əsasında onlar muzdlu kimi qeydiyyata alınacaq, patent veriləcək.
Doğrudur, nazir müavini bu kateqoriyadan olan işçilərin işə götürülməsi, fəaliyyətin rəsmiləşdirilməsinə nəzarətin mexanizmləri barədə danışmayıb, ancaq gəlin ümid edək ki, bu da çətin olmayacaq.
Vətəndaşların Əmək Hüquqlaını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov Azərbaycanda ev işləri üzrə qulluqçuların fəaliyyətinin qanunla tənzimlənmədiyini deyir: “Əmək Məcəlləsində sahibkar kimi qeydiyyatdan keçməyən fiziki şəxs anlayışı yoxdur. Özünüməşğul insan fəaliyyət göstərməsi üçün vergi orqanında qeydiyyata durmalı və VÖEN almalıdır. Bunu edən insan rübdə bir dəfə vergi bəyannaməsi doldurub, hesabat verməlidir. DSMF-yə də həmçinin. Bu, mühasib səviyyəsində görüləcək işdir və savadsız insan üçün çətindir. Hesabat gecikdiriləndə cərimə sanksiyası tətbiq olunur. Evinə qulluqçu götürənlə qulluqçu arasında mövcud qanunvericiliklə əmək müqaviləsi bağlana bilməz. Çünki onu heç kim təsdiq etməyəcək. Bu müqavilə sistemə yüklənə bilməz. Bu sahədə patentləşmə, lisenziya sistemi olmadığından firmaların cəhdləri özünü doğrultmadı və həvəskar səviyyəsindən o tərəfə keçmədi”.
Hazırladı: Səbinə
_________________________
Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “168 saat” qəzeti və “Xeberle.com” saytı Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. “Gencaile.az” saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir.
Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.