Bir ailə üzvü koronavirus yoluxubsa, onunla eyni evdə yaşayan bütün insanların yoluxma riski var, ancaq onunla bir yataqda yatan adam ən yüksək risklə üzləşir.
“Gencaile.az”ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, noyabr ayında ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri (CDC) bildirmişdi ki, koronavirusa yoluxmuş insanla bir evdə yaşayan insanların təxminən 53 faizi orta hesabla 5 gün ərzində yoluxublar. İndi isə amerikalı elm adamları, infeksiya riski ən yüksək olanların kim olduğunu öyrənmək üçün 20 ölkədən, ümumilikdə 77.700 xəstənin məlumatları daxil edilən 54 işi təhlil edib.
Nəticələr göstərib ki, COVID-19 olan evli xəstələrin təxminən 37,8 faizi həyat yoldaşlarına yoluxdurub. Eyni evdə yaşayan digər ailə üzvləri – nənələr, babalar, bacılar, qardaşlar üçün yoluxma ehtimalı xeyli aşağı olub.
Bu, yəqin ki, ər-arvadın bir-biri ilə daha çox təmasda olması ilə əlaqədardır: eyni otaqda yaşayırlar, eyni yataqda yatırlar və yoluxsalar da hər zaman tam təcrid olmaq imkanlarına sahib deyillər. Bundan əlavə, xəstəyə qayğı göstərən tərəfdaş ən çox infeksiya riskini artırır.
Qeyd etmək lazımdır ki, tədqiqat müəllifləri ər-arvad arasında cinsi əlaqə zamanı yoluxma riskini müəyyənləşdirə bilməyiblər.
Tədqiqat həmçinin göstərib ki, yaşlı bir ailə üzvü COVID-19 xəstəsidirsə, virusun uşaqlara ötürülmə ehtimalı olduqca azdır: tədqiqata qatılan xəstələrin yalnız 16,8 faizi birlikdə yaşadıqları uşaqları yoluxdurub.