Yeniilqabağı bir sıra bazarlarda, o cümlədən alış-veriş mərkəzlərində və iri marketlərdə müəyyən endirim aksiyalarına rast gəlinir. Vətəndaşlar bu endirim kampaniyalarından yararlanmaq üçün ticarət mərkəzlərinə üz tutur. Yeni ilin simvolu olan şam ağacının süni versiyası müxtəlif ölçülərdə və müxtəlif qiymətlərlə satışa çıxarılıb. Endirim kampaniyalarına start verilmiş olsa da, mahiyyət etibarilə önəmli olan bir çox qida məhsullarında qiymətlər ya sabit qalıb, ya da alıcıların sayı çoxaldığından daha da bahalaşıb.
Məsələn, kənd yumurtasının qiyməti 40-45 qəpikdən başlayır. Bəzi mağazalarda bu qiymət 32-35 qəpik olsa da, həmin məhsullar alıcıların qeyd etdiyinə görə, keyfiyyətli deyil və sırf kənd yumurtası görüntüsü vermək üçün toyuğun nəcisinə batırılır: “Yeşiklə gətirib yığıblar mağazaya, üstünə də qeyd ediblər ki, kənd yumurtasıdır. Mən də kənddə böyümüşəm, hində yumurta necə olur, görmüşəm. Heç kənd yerində toyuq bu yumurtanı yumurtlayan zaman üstü bu qədər çirkab olmur. İndi bura yığılan yumurtaların üzərinə bax, elə bil, toyuq vermək istəmirmiş, zorla dartıb çıxarıblar. İnsanlarımız da safdır, üstü bulaşıqlı yumurta görən kimi, elə zənn edirlər ki, kənd yumurtasıdır. Ancaq dünyanın heç bir yerində belə bir şey yoxdur. Kənd məhsulu olanda nə olar ki? Onu niyə bu vəziyyətdə ərzaq mağazasına buraxırlar? Axı, bu, həm də gigiyenik və sanitariya nöqteyi-nəzərdən yolverilməzdir. Həm də qoxusu bütün mağazanı götürür” – deyə, alıcılardan biri qeyd edir.
Süd məhsullarından olan kəsmiyin qiyməti iki ay öncə 1.75 manat idisə, bu ay həmin qiymət 2 manata qalxıb. Ümumiyyətlə, süd məhsullarında üstünlük ölkədaxili firmalara verilsə də, qiymətlər ucuzlaşmaqdan daha da artır. Başqa ölkələrə ixrac etdiyimiz yerli məhsullarımızın öz bazarlarımızda od qiymətinə olduğunu görmək də ayrı bir dərddir. Alıcılar qeyd edir ki, qida məhsullarının qiyməti yüksək, keyfiyyəti isə aşağıdır: “Əvvəl 40 qəpiyə aldığım tum paketi indi 60 qəpik olub. Gedib 60 qəpik verib alıram, evdə paketi açanda görürəm ki, yarısı havadır. Tum, cipsi kimi çərəz paketlərinə hava vurub baha qiymətə satırlar”.
Ticarət mərkəzlərinə çoxlu sayda süni şam ağacları da gətirilib. Yeni ilin simvollarından sayılan bu “ağac”ın qiyməti isə 20-25 manatdan başlayır. Orta boydan bir qədər balaca olan bu bəzək əşyasının qiyməti şəhərdənkənar bazarlarda – “Sədərək” və “Binə” kimi ticarət mərkəzlərində nisbətən daha ucuzdur. Satıcıların özləri də bunu qeyd edir. Amma onların bu əşyaları yüksək məbləğdə satmalarının əsas səbəbi ödədikləri yüksək məbləğdəki icarəhaqqıdır. Mağazaların icarəhaqqı yüksək olduğundan, bu, istər-istəməz alış-verişə də öz təsirini göstərir.
İri ərzaq mağazalarında isə yenə də hər zamankı kimi “ƏDV” qəbzlərinin verilməməsi problem olaraq qalır. Bəzi mağazalar gah kağız çatışmazlığını, gah da kassa aparatının nasaz olduğunu səbəb gətirərək, qəbzləri verməkdən imtina edirlər. Nə təsadüfdür ki, kağızların bitməsi və aparatda problemin yaranması da elə yeniilqabağı alış-veriş vaxtına düşür…
Ancaq mağazalarda problem nə təkcə məhsullardakı gözyanıldan endirimlərdir, nə çirkaba batmış məhsullar, nə də verilməyən qəbzlər. Paytaxtın hər rayonunda iki-üç aydan bir filial açan iri ərzaq və şirniyyat mağazaları “satıcı” vəzifəsinə işçi axtarır, həmin işçi işə başladıqdan 10-15 gün sonra ona bildirilir ki, mağazada alver zəif gedir və onu həmin mağazalar şəbəkəsinin başqa filialına göndərmək istəyirlər. Nəzərdə tutduqları filial isə paytaxtın o biri ucunda yerləşir. Bu, yeni işə başlamış 10 günlük işçiyə “səninlə işləmək istəmirik” deməyin başqa bir alternativ və daha mədəni formasıdır. Əgər mağazada satış zəif gedirsə, onda nə üçün satıcı vakansiyası üzrə işçi elanları yerləşdirilir? Mağaza rəhbərliyi mağazada satışların zəif getdiyini 10-15 gün ərzində müşahidə edə bilir? Bununla yanaşı, işə götürülən və 10-15 gün istismar edilən işçilərlə əmək müqaviləsi imzalanmır, həmçinin bəzi mağazalar sıravi satıcı işləmək üçün gələn vətəndaşdan hərbi bilet tələb edirlər. Bütün bunlar kənardan müşahidə olunmayan, bəlkə də bir çoxlarımızın xəbərsiz olduğu problemlərdən biridir.
Mətin Şükürlü