Bütün dünyanı cənginə alan koronavirusla mübarizədə hazırda ən effektli yol “evdə qal”maqdır. Çin təcrübəsi bunu göstərdi və digər ölkələr də bu üsuldan istifadəyə cəhd edirlər, elə Azərbaycan da. Hazırda televiziyada, sosial şəbəkələrdə, ictimai nəqliyyatda, hətta telefonda belə evdə qalmaq bizə davamlı olaraq xatırladılır. Ancaq yenə də küçədə insan, maşın sayı göstərir ki, “evdə qal” şüarına əməl etməyənlərin sayı kiyafət qədərdir.
Prezident İlham Əliyev dünən İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə görülən işlərlə yanaşı, vətəndaşların məsuliyyətsizliyi məsələsinə də toxundu: “Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejiminə getdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, iaşə obyektləri bağlandı. Bizim aviareyslərimizin sayı kəskin azaldı, hazırda iki beynəlxalq aviareys təşkil edilir və həftədə bir dəfə. Ona görə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü. Beləliklə, xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldıldı. Bu günlərdə ölkəmizdə ən müasir xəstəxana olan “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə, bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.
Bəs bu məsuliyyətsizlik sonda bizi hansı mənzərə ilə üz-üzə qoya bilər?
Millət vəkili Musa Quliyev deyir ki, koronavirusla mübarizədə effektiv nəticə əldə etmək üçün dövlətlə ictimaiyyətin münasibət və davranışı üst-üstə düşməlidir: “Koronavirus infeksiyası artıq bütün dünyaya yayılıb. Dünyanın hələ ki, ən sonuncu pandemiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla bütün dünya təşkilatları, ölkələr hamısı həyəcan təbili çalırlar. Üçüncü dünya müharibəsi başlasaydı, dünyanın iqtisadiyyatına, sosial, siyasi və s. həyatına bu qədər ziyan vurmazdı. Təəssüf ki bu virus ölkəmizə də gəlib çatıb. Bir aydan çoxdur ki, hökumətimiz lazımi səviyyədə mübarizə işlərini qurub. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycanda olarkən, ölkəmizin koronavirusla ən uğurlu mübarizə apardığını bildirdi. Operativ qərargah yaradılıb və koronavirus infeksiyasının qarşısının alınması, fəsadlarının azaldılması üçün lazımi tədbirlər görülür. Vaxtaşırı hökumət nümayəndələri vətəndaşlara məlumat verirlər. Ancaq bu virusla mübarizədə iki tərəf var: hökumətin münasibət və davranışları və ictimaiyyətin münasibət və davranışı. Hansı ölkələrdə hər iki tərəfin münasibət və davranışı üst-üstə düşdüsə, situasiyaya adekvat oldusa, problemin təhlükəlilik dərəcəsini vaxtında anlayıb lazımi addımlar atıldısa, onlarda koronavirus lokallaşıb. Həmçinin də Çində. Hansı ölkələrdə ki, cəmiyyət hökumətə adekvat olmadı və yaxud hökumət müəyyən addımları vaxtında atmadı, o yerlərdə koronavirus infeksiyası minlərlə insanı həyatdan aparıb, on minlərlə insan yoluxub, bundan sonra necə olacağı da məlum deyil”.
M.Quliyev bildirdi ki, virusla mübarizədə aciz qalan inkişaf etmiş ölkələrin təcrübəsi bizim üçün həyəcan təbili olmalıdır: “Gözümüzün qarşısında Avropanın və dünyanın inkişaf etmiş dövlətləri olan İtaliya, Fransa, İspaniya hələ koronavirus şokundan ayıla bilməyiblər. Yəqin ki, uzun müddət də ayılmayacaqlar. Amerika kimi dünyanın ən hegemon dövləti koronavoirus infeksiyasının qarşısında aciz qalıb. Qonşu İranda ölüm və yoluxma halları hələ də səngimir. Bütün bunlar hər bir vətəndaş üçün çox ciddi sinqal, həyəcan təbili olmalıdır”.
Millət vəkilinin sözlərinə görə, gələcək həyatımızı necə sürəcəyimizdə indi karantin rejiminə necə riayət etməyimiz böyük önəm daşıyır: “Covid 19” koronavirus infeksiyasının yeni növüdür. Bunun necə əmələ gəlməsi ilə bağlı araşdırma gələcəyin işidir, indi biz daha çox bu infeksiya ilə mübarizə haqqında düşünməliyik. Bu infeksiyanın qarşısını almaqdan ötrü immunitet yaradacaq vaksin hazır deyil. Vaksinin hazırlanması vaxt tələb edir. Virusa təsir edə biləcək dərman preparatları da yoxdur. Bu səbəbdən, Ümumdünya Səhiyyə Təşkilatı, dünya alimləri bildirirlər ki, bu virusla mübarizədə ən optimal yol sosial izolyasiyadır. Yəni özünütəcrid yolu. Bununla bağlı hökumət vətəndaşlara “evdə qal” şüarı ilə müraciət edir. Bu gün evdə qalmaq, həyatda qalmaq deməkdir. Gələcək həyatımızı necə sürəcəyimiz bundan asılıdır. Hər kəs bunu dərk etməli, bilməlidir ki, tək özü deyil, yaxınları, bütövlükdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bir nəfərin məsuliyyətsizliyi, tanımadığı adamların belə sağlamlığını təhlükə altında qoya bilir”.
M.Quliyev deyir ki, “Məndə virus yoxdur”u əminliklə deyib, insanlarla yaxın təmasda olmaq düzgün yanaşma deyil: “Covid 19” virusunun inkubasiya dövrü uzundur. Virusun kliniki əlamətləri insan yoluxandan sonra ən azı 14 gün ərzində özünü göstərməyə başlayır. Bu müddət bəzən bir ay da çəkə bilir. Heç bir əlamət olmamağı o demək deyil ki, siz daşıyıcı deyilsiniz. O müddətdə cəmiyyətdə olduqda hər gün yüzlərlə insanı yoluxdura bilərlər. Bu virusun yoluxma xassəsi o biri viruslardan çoxdur. Bir infeksiyalı insan 200-ə yaxın insanı yolxudura bilir. Ona görə, yayılma sürətli gedə bilir”.
M.Quliyev qeyd etdi ki, pandemiyanın ölkədə daha ağır vəziyyətə gəlmə ehtimalını da düşünmək lazımdır: “Tibb işçilərimizin fədakar əməyi, səhiyyə işinin lazimi səviyyədə qurulması, diaqnostik və müalicəvi aparatların, o cümlədən tənəffüs aparatlarının alınıb gətirilməsi sayəsində hələ ki, bizdə ölüm faktı azdır. Amma bundan sonra necə olacağına təminat yoxdur. Koronavirus bütün dünyada həndəsi silsilə ilə artır. Azərbaycanda da hər gün daha çox adam yoluxur. Ağır fəsadlarını düşünməliyik. Bütövlükdə ailələr bata, məhəllələr boşala bilər. Digər ölkələrin təcrübəsində gördüyümüz problemlərlə üzləşə bilərik. Bizdə yoluxanların sayı azdır, 300-ə yaxındır. İlk vaxtlar gündəlik artım 3-4 olurdusa, indiki rəqəmlər ondan dəfələrlə böyükdür. Sabah virusa yeni yoluxanların sayı 100 də ola bilər. Nə qədər ki özünütəcrid rejiminə əməl etmirik, artıq bizdə də təhlükəli vəziyyət ola bilər. Tibb işçilərinin, klinikalarda yerlərin sayı çatmayacaq. Fransa, İtaliyada artıq evlərdə müalicələrə başlayıblar. Bu isə təbii ki xəstəxana şəraiti qədər effektli deyil. Ancaq başqa çıxış yolu da yoxdur. Hər birimiz bunu dərk etməliyik ki, nə qədər karantin rejimində qalsaq, özümüzü, ailə üzvlərimizi, cəmiyyətimizi xilas edəcəyik”.
Tibbi ekspert Adil Qeybulla deyir ki, virusa yanaşmada digər ölkələrin təcrübəsini müqayisə edib nəticə çıxarmalıyıq: “Almaniya, İtaliya və İspaniyaya diqqət edək. Xəstəliyin yayılma tempi çox intensivdir. Almaniyadakı koronavirusla bağlı vəziyyəti, ölü sayını İtaliya və İspaniya ilə müqayisə edin. Burda nəticə insanların mentalitetinə, karantin qaydalarına necə riayət etmələrinə bağlıdır. Almanlar çox intizamlı şəkildə karantin qaydalarına əməl edirdilər, rejim də çox sərtdir. Düşünürəm ki, insanlarımız bu işə ciddi yanaşmalıdırlar. Həkiməm və məcburən işdə olmalıyam. Səhər işə gələndə yol boyu maşınlar, insanlar, piyada gəzənlər və s. gördüm . Bu adamlar başa düşmürlər ki, böyük təhlüklə ilə üz-üzədirlər? Təmasların məhdudlaşdırılması bu işdə atılan ən mühüm addımlardan biridir. Karantin tədbirlərinin ən mühüm şərti bundan ibarətdir. Yoluxmanın qarşısının alınması üçün hamımız məsuliyyətli davranmalıyıq”.
A.Qeybulla bildirdi ki, bir də gözümüzü aça bilərik ki, insanlar küçədə bir-birinin gözü qarşısında yıxılır: “Ola bilər ki, dövlət tərəfindən görülən ilk tədbirlərdə müəyyən yanlışlıqlar oldu. Amma bu, ümumilli məsələdir. Və hamımız əl-ələ verib vəziyyətdən birgə çıxmalıyıq. Əks halda insanlar bilirsiniz, nə vaxt ayıla bilər? Küçələrdə insanlar bir-birinin gözü qabağında yıxılanda ayıla bilər. Onda hamı qorxub evə girəcək. Çin, İtaliyada bu hadisələr göz qabağında baş verdi. Biz niyə bunları görməyək? Nə qədər ki o səviyyəyə gəlməmişik qoruna bilərik. O səviyyəyə gələndən sonra çətin olacaq. Burda çox adamın sağaldığını deyirlər, ona görə də qorxmayan və məsuliyyətsizlik edənlər var. Ancaq deyim ki, sağalan insanların özləri belə müəyyən fəsadlarla sağalırlar. Ağ ciyər çatışmazlığı və s. Sağalmaq da məsələnin həlli deyil”.
İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva bildirir ki, artıq çalışdığı ölkədə nəinki xəstələrin yerləşdirmək üçün xəstəxalar, virusdan ölənləri yerləşdirməyə yerlər belə yoxdur: “Mərkəzi və Cənubi İtaliyada pandemiyaya yoluxanların sayı durmadan artmaqdadır. Şimalda vəziyyət daha pisdir, nəyə görə? Ona görə ki, yoluxanların sayı çoxdur, intensiv terapiya almalı olanlar üçün yer yoxdur. Hökumət artıq Milanda yeni COVİD xəstəxanası tikməyə başlayıb. Bununla belə, virusdan ölənləri yerləşdirməyə də yerlər yoxdur”.
İndi “virus mənə heç nə edə bilməz” demək yox, əl-ələ verib bu bəlanın ölkəmizdən tez uzaqlaşması üçün çalışmaq lazımdır. Ancaq fiziki deyil, mənəvi olaraq əl-ələ verməliyik.
Aygün Əhmədova