Yüksək hərarət bədənin infeksiyaya qarşı təbii müdafiə mexanizmidir. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, bədən temperaturu 36.0–37.2°C arasında normal hesab olunur. Bundan yuxarı olduqda, bu, orqanizmin hər hansı virus, bakteriya və ya iltihabi prosesə qarşı reaksiya verdiyini göstərir.
Qızdırma zamanı nə zaman narahat olmalı?
Dr. Nərminə Abbasova bildirir ki, əgər temperatur 38°C-dən aşağıdırsa, dərhal hərarəti salmağa ehtiyac yoxdur:
“Bəzi hallarda qızdırma orqanizmin infeksiya ilə mübarizəsini göstərir. Onu süni şəkildə endirmək immun sisteminin təbii reaksiyasına müdaxilə etmək deməkdir. Bu səbəbdən, temperatur 38°C-dən yuxarı deyilsə, sadəcə istirahət və maye qəbulu kifayət edə bilər.”
Evdə qızdırma necə salınmalıdır?
Həkim ev şəraitində təhlükəsiz yollarla hərarəti aşağı salmağın yollarını da açıqlayır:
Paltarları yüngülləşdirin: Uşağın və ya böyüyün bədənini çox isti tutmaqdan çəkinin. Havanın sərbəst dövr etməsi vacibdir.
İlıq kompreslər tətbiq edin: İlıq (soyuq yox!) suya batırılmış dəsmalı bədənə çəkərək istiliyi tənzimləməyə kömək edə bilərsiniz.
Bol maye qəbulu: Qızdırma zamanı orqanizm su itirir. Su, bitki çayı, kompot və elektrolit məhlulları faydalıdır.
Dincəlmək: Yataq rejimi və sakit mühit bədənin sağalmasını sürətləndirir.
Bunları etməyin!
Dr. Abbasovanın fikrincə, qızdırma zamanı bəzi yanlış müdaxilələrə yol verilir ki, bunlar sağlamlıq üçün təhlükəli ola bilər:
Sirkə və ya spirtlə bədəni silmək: Bu üsullar toksik maddələrin dəri vasitəsilə sorulmasına səbəb ola bilər və xüsusilə uşaqlar üçün zərərlidir.
Həkim məsləhəti olmadan iynə və ya güclü dərmanlardan istifadə: Analgin, deksametazon, difenhidramin kimi dərmanlar yalnız tibbi nəzarət altında verilməlidir.
Uşaqlarda bu əlamətlərə diqqət yetirin!
Ailə həkimi Nərminə Abbasova valideynləri xüsusi hallarda ayıq olmağa çağırır. Əgər uşaqda bu simptomlar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir:
Dayanmadan ağlayırsa,
Zəiflik və ya halsızlıq varsa,
Bədəndə yayılmış ağrılar varsa,
Temperatura dərmanla belə cavab vermirsə.
Bu hallarda valideynlər özbaşına müdaxilə etmədən mütəxəssis yardımı almalıdır.
Hansı temperaturda dərman vermək olar?
Uşaqlarda: 38°C və yuxarı.
Böyüklərdə: 38.5°C və yuxarı.
Bu zaman parasetamol və ya ibuprofen tərkibli dərmanlardan istifadə edilə bilər, lakin doza və tezlik mütləq həkimlə dəqiqləşdirilməlidir.