Son bir neçə ay ərzində müzakirə olunan mövzulardan biri də evdar qadınlara məcavibin verilməsi idi. Hətta evdar qadınların məvacib alması ilə bağlı məsələ Milli Məclisdə də müzakirəyə çıxarılmalıydı. Yadınızdadırsa, cari ilin əvvəlində bunu mətbuata açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin o dönəmki sədri Hicran Hüseynova bildirmişdi. Onun sözlərinə görə, bu yanaşmada beynəlxalq praktikadan istifadə olunacaqdı: “Bununla bağlı bir çox ölkələrdə beynəlxalq təcrübə var və bunu mütləq Azərbaycana gətirməliyik. Burda bir çox maliyyə məsələləri, problemlər var. Unutmamalıyıq ki, müharibə şəraitində olan ölkəyik. Amma bu məsələ çox vacib məsələdir. Düşünürəm ki, bir çox qadınlarımızın indiyə kimi zəhmətini qiymətləndirə bilməmişik. Ailəyə baxmaq, uşaqları böyütmək çox böyük zəhmət tələb edən işdir”.
Bəs görəsən evdar qadınlara məvacib hansı formada verilə bilər?
Sözügedən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələyə münasibəti isə aşağıdakı kimi olmuşdu: “Bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb. Azərbaycanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Fikrimizcə, qurumlar tərəfindən belə bir təklif olsa, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri davam edir. Nazirlik təkliflərə açıqdır. Hazırda çoxuşaqlı ailələrə uşaq yeni doğulanda müavinət verilir. Evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır. Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa qabaqcıl təcrübəyə də baxmaq lazımdır”.
Qeyd edək ki, Türkiyədə işləyən qadınlarla yanaşı, evdar xanımlara yönəlik 10-a yaxın dəstək layihəsi mövcuddur. Bu yaxınlarda isə Rusiyada “ev xanım”ı peşəsini digər peşələrə bərabərləşdirmək təklif olunub. Təklif qəbul edilərsə bu peşə əmək stajı kimi qiymətləndiriləcək.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə buna ciddi fikir kimi baxmadığını söyləyir. S. Məmmədov deyir ki, evdar qadınlara məcavib vermək onları daha da tənbəlləşdirəcək: “Evdar qadınlara məvacib vermək üçün öncə həmin qadınların əmək qabiliyyətlidirsə, işləməməklərinin səbəbi müəyyənləşdirilməlidir. Hicran xanım necə müəyyən edəcək ki, qadın iş tapa bilmir, yaxud öz şəxs istəyi ilə evdə oturub? Elə qadınlar var ki, həyat yoldaşı yaxşı pul qazanır ona görə işləməyə ehtiyacları yoxdur. Bunu ayırd etmək bir qədər çətin olacaq”.
Amma S. Məmmədov bildirir ki, ondansa 1-ci qrup əlil övladına baxan analara verilən müavinət artıılmalıldır: “Bu gün qadınlar var ki, övladı 1-ci qrup əlil olduğu üçün işləyə bilmirlər. Halbuki onların işləməyə böyük ehtiyacları var. Yaxşı olardı ki, bu qadınlara minimum əmək haqqı məbləğində müavinət verilsin. Bundan əlavə, qadınları əmək bazarına cəlb etmək lazımdır”.