temizlik

Evdar xanımlarda özünəqapanma daha çox olur? – MÜTƏXƏSSİSLƏR DANIŞIRLAR

Baxış sayı: 841

İş qadını olmaq qədər evdar xanım olmaq da çətindir. Gündəlik eyni işlər – qab yumaq, paltar ütüləmək, ev təmizləmək və bu kimi fəaliyyətlər zamanla qadınları yorur və deyinmə halları başlayır. Deyinən qadın isə ailədə həm uşaqlarını, həm də yoldaşını bezdirir. Nəticədə yaranan söz-söhbətlər ailə təməlini zədələyir.

Psixoloq Emil Behrudi hesab edir ki, ev qadını olmaq əslində iş qadını olmaqdan daha asandır, amma xanımlar bunu qəbul etməməklə inadkarlıq göstərirlər. Psixoloq bildirir ki, iş qadınlarının yüksək faizi ən gərgin iş anında ev xanımı olmağı arzulayır. Çünki evdarlıq azadlıqdır. İstəsən iş görərsən, istəsən görməzsən və sənin işdən qovulma kimi evdən qovulma riskin yox dərəcəsindədir: “Çox maraqlı haldır ki, ev xanımları da ev işindən bezdiyi zaman iş qadını olmağı arzulayır. Nəticə budur ki, əsas məsələ evdar, yaxud işgüzar olmaq deyil, əsas məsələ səbrli qadın ola bilməkdir. İşləyən qadın özünə baxır deyirlər. Qadın hər halda özünə baxmalıdır. Əgər işdəkilərə hörmət edib, bəzənirsə onda evdəki yoldaşına, uşaqlarına da hörmət edib baxımlı olmalıdır”.

Evdar xanımlar evdə qaldıqca, daim eyni işi gördükcə başqa bir işə yaramadıqlarını düşünürlər ki, bu da bir müddət sonra onlarda depressiyaya düşmə, heç nəyə həvəs göstərməmə hallarını üzə çıxarır. Olduğu vəziyyətdən narazı qalan xanımlar başqa yaşama və dəyişikliyə can atırlar.

Həmsöhbətimizin sözlərinə görə, evdar xanımlar evdən bezdikləri zaman meyli kənara çıxır ki, bu da sonda yaxşı nəticələnmir. Evdən soyuyan qadın gününü qonşularda, yaxud seriala baxmaqla, ailəsini unutmaqla keçirir. Qadını bu hala qədər gətirməmək lazımdır: “Evdar xanım olmaq asanlığı qədər də çətindir. Bunu bəzən kişilər başa düşmür. Qadın bütün günü evdədir. Evin, uşaqların qulluğundadır. Ona da söhbət, sosiallaşmaq lazımdır. İnsanın söhbət ehtiyacı qarşılanmadıqda, onda özünə qapanma halları üzə çıxır. Kişilər həyat yoldaşlarının işləməsinə icazə vermirlərsə, onun bişirdiyi yeməyi, yaxud təmizlədiyi evi iki kəlmə ilə tərifləyə bilərlər. Bu da qadınlarda bütün günün yorğunluğuna verilən dəyər, mükafat kimi olacaq”.

Evdar xanıma onun sadəcə ev yığışdırmaq, yaxud paltar yumaq üçün yaradılan bir canlı kimi baxmaq düzgün deyil. Kişi qadına vaxt ayırmağı, onunla gün ərzində gördükləri barədə söhbət etməyi, bir sözlə, onu sabahkı ev yır-yığışına həvəsləndirməyi bacarmalıdır. Qadının deyinməsindən bezən kişi, bunun səbəbinin özünün olduğunu unutmamalıdır.

Psixoloq Gülər Namazova isə evdar qadın olmağın ən çətin və ən məsuliyyətli iş olduğunu bildirir. Əvvəlcə iş qadını olmağın çətinliklərindən danışan psixoloqa görə, iş qadınlarının da tez durmaq, məsuliyyətli olmaq, işə gecikməmək, işini ən gözəl şəkildə yerinə yetirmək və bununla yanaşı tez-tez uşağını nəzarətdə saxlamaq, beynində axşam yeməyinin, ev yır-yığışının planını qurmaq və bu kimi prosesləri eyni anda planlamaq olduqca çətindir: “Evdar xanımlarda da vəziyyət iş qadınları kimidir. Tezdən durmaq, yoldaşını işə yola salmaq, evi təmizləmək. Bir sözlə, hər iki qadının yükü ağırdır, lakin evdar xanımın psixoloji vəziyyəti iş qadınındakı qədər rahat deyil. Evdar xanımlar evdə bütün günü tək olur, söhbətə və fikirlərini paylaşmağa həmyaşıd tapmır. Bəzən qadın elə hisslər keçirir ki, onu kiminləsə paylaşmaq istəyir. Bu vaxt ətrafında heç kim olmadıqda və yoldaşı da onu dinləməyə vaxt ayırmadıqda vəziyyət daha gərgin olur. O zaman qadın avtomatik evdə sadəcə, qab yumağa və təmizlik üçün işə yaradığını düşünür. Evə, ev işinə, özünə marağını itirən qadın artıq baxımına da fikir vermir və nəticədə ya aldadılan ya da tənha qalan qadınlar sırasına qoşulur”.

Dietoloq Ləman Süleymanova Azərbaycanda evdar xanımların ən böyün qidalanma probleminin səhər yeməyinin yeyilməməsi olduğunu güman edir. Onun sözlərinə görə, xüsusən ev qadınları səhər yeməyindən imtina edir və “sonra yeyərəm” bəhanəsi ilə səhər yeməyini unudur: “Səhər yeməyinin yeyilməsi şərtdir. Evdar qadınlar “işlərimi bitirim, yeyərəm” fikri ilə bütün günü ac qalırlar. Axşam isə əlinə keçəni yeyib yatırlar. Bu da həm enerjinin tükənməsinə, həm kökəlməyə, həm də güclü yeməkdən sonra yuxuculluğa, tənbəlliyə gətirib çıxarır. Səhər yeməyi insanı gün ərzində ayaq üstə saxlamağa kifayət edən enerji verməyə qadirdir. Gecə boyu mədənin boşalmasından sonra yüngül səhər yeməyi yemək lazımdır. Səhər yeməyindən imtina edildiyi zaman bədən proteini suyu azalır, qanda xolestrol və lipidlər artır”.

Dietoloq bildirir ki, yalnız iş qadınları deyil, ev qadınları da incə və formada olmalıdırlar. Bunun üçün həyatı monotonlaşdırmamaq, hər şeyi planlı etmək lazımdır. Planlı, proqramlı yaşanan evdar qadın həyatı iş qadının həyatından da maraqlı ola bilər. Yetər ki, qadın özü özünə vaxt ayırmağı və özünü qiymətləndirməyi bacarsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir