vusal vusale

Evi də, işi də bir olan cütlük

Baxış sayı: 709

Müxtəlif sahələrdə çalışan insanların bir araya gəlməsi, sevməsi, ailə qurması sanki adi bir haldır. Amma eyni peşənin sahiblərinin evliliyi, əslində, çox maraqlıdır. Bu gün müsahibim olan cütlüyünsə nəinki peşəsi, həm də adları eynidir. Lap “Evləri köndələn yar”dakı Surxayzadənin Rasim və Rasiməsi kimi.  Bu maraqlı cütlük gənc rejissorlar ailəsi Vüsal və Vüsalə Məmmədovlardır. Amma evləri köndələn yox, evi, işi bir olan yardırlar. İkisi də hazırda bir layihə üzərində işləyir.

 

“Qaça-qaça getdim”

Vüsalə Məmmədova deyir ki, əslində, uşaqlıqdan jurnalist və ya aparıcı olmaq istəyirmiş: “İmtahanda balım çatmadı. Seçim edəndə anam daha çox müəllimliyin üstündə dayansa da, mən kinoşünaslığı seçdim. Və qəbul da oldum. Çünki anam istəməyinə baxmayaraq, müəllimlik peşəsi nə mənim xarakterimə, nə tərzimə uyğun idi. Universitetdə oxuduqca daha da marağım artdı və başa düşdüm ki, seçimim düz olub.  Təhsil aldığım müddətdə nəzəri hər şeyi bilsəm də, praktikaya ehtiyac duyurdum. İxtisasımı dərindən öyrənmək üçün iş axtardım. “Xəzər” telekanalında serial çəkilirdi, geyim rəssamının köməkçisinə ehtiyac vardı. Düşündüm ki, işləyim, əsas odur, “set”də olum, iş prosesini görüm. Bir həftə işlədim, ancaq geyimlə məşğul olduğumdan “set” üzü görə bilmədim, çıxdım. Bir il sonra Vüsal “facebook”da paylaşım etmişdi ki, aktyorlar kastinqə dəvət olunur. Mən də yazdım ki, bəs sizə işçi lazımdır? Yazdı ki, yox! Bir müddət sonra özü mənə yazdı ki, rejissor assistentinə ehtiyac var. “Bacararam” dedim və qaça-qaça getdim.

Özünə güvən, özünü inkişaf etdir

“Məktəb illərində idmançı və ya proqramçı olmağı  düşünürdüm” – deyir Vüsal Məmmədov: “Biz ailəlikcə incəsənət yönümlüyük. Ona görə də məktəbi bitirəndə anamın məsləhəti ilə rejissorluğu seçdim. Məni qabiliyyət imtahanına Cəmil Quliyev hazırlamışdı. Onun dərsləri də mənə xüsusi təkan və motivasiya verirdi. Tələbəlik dövrümdə ancaq nəzəriyyənin yetmədiyini gördüm və əlavə olaraq kurslara, telekanallarda praktikaya gedirdim.

“Xəzər” TV-də Cihan Taş və Rüfət Şahbazov işləyirdi. Mən də onlara qoşuldum. Və beləliklə, serial, qısa film çəkməyə başladıq. Cihan bəy mənə dedi ki, sən bu sahədə çox bacarıqlısan, özünə güvən, özünü inkişaf etdir. 2017-ci ildən müstəqil rejissor kimi fəaliyyətə başladım. “Oscar Film Production”un baş prodüseri Yaşar Əhmədov yeni çəkiləcək serialın quruluşçu rejissoru olmağı təklif etdi və başladıq. Qısa filmlər, sosial layihələr, seriallar çəkdik. Sosial layihə olan fiziki məhdudiyyətli uşaqlara həsr etdiyimiz “Gözləri ilə danışan mələklər” layihəsi böyük marağa səbəb oldu.

 

“Uçurum” serialının 3-cü mövsümündə ailə həyatı qurduq”

Vüsal və Vüsalə arasında sevginin necə yarandığı maraqlıdır. Vüsal deyir ki, hər şey iş prosesində oldu: “Bir müddət bir yerdə işlədik və gördüm ki, Vüsalə kimi işçini əldən buraxmaq olmaz. Və beləcə, bir də anladım ki, Vüsaləni heç həyatda da əldən  buraxmaq olmaz.  Vüsalənin hər vaxt, hər yerdə, hər işdə lazım, mənə dayaq olduğunu anladım. Və “Uçurum” serialının 3-cü mövsümündə ailə həyatı qurduq”.

 

“Başa düşürsən ki, bu, sənin adamındır”

“Əslində, özü sonralar etiraf etmişdi ki, mənə hissləri lap əvvəldən olub” deyir Vüsalə və gülür: “İlk dəfə işləyəndə. Onda  mən bunu hiss etməmişdim, açığı. İnsanlar bir yerdə olduqda bir-birini tanıyır. Bir-birinin yaxşı və pis cəhətlərini görür, tanıyır, alışır. Həm də, artıq bilirsən, başa düşürsən ki, bu, sənin adamındır. Birgə olmağımızın səbəbi günün çox hissəsini bir yerdə keçirməyimizdir”.

Sözə qulaq asmayan Vüsalə, məsləhəti sevməyən Vüsal

Bir-birinin mənfi cəhətlərini də dedilər. Vüsal deyir ki, Vüsalənin pis cəhəti çox vaxt sözə qulaq asmamağı, öz bildiyini etmək istəməsidir. Vüsalə də deyir ki, Vüsal məsləhətləşmir, öz bildiyini edir. Vüsalə, söhbətarası bir az Vüsaldan şikayətləndi də: “Mən onun həyat yoldaşıyam deyə ən çox ərki də elə mənə edir. Düzü, bu, mənə bir o qədər də xoş gəlmir, küsürəm ondan. Başqalarının səhvi olanda onlara mülayim şəkildə, mehribanlıqla deyir. Amma mənim cüzi bir səhvim olanda çox sərt reaksiya  verir, bu da mənə xoş olmur, qırğın düşür. Vüsal başıma oyun açır. Ən çox da çay içməyə imkan vermir. Bir dəfə çay süzdüm ki, soyusun, getdim aktyorlarla danışdım. Sən demə, bu da kamera quraşdırıb məni çəkirmiş. Çayın içinə duz töküb. Rahatca oturub çay içmək istəyirdim ki, ağzım qır duz oldu. Bilmədim nə edim, o da mənə baxıb gülürmüş.  Sonra eyni şeyi də mən ona etdim”.

“Vüsalə yaxşı rejissordur, amma…”

Vüsal da danışdı. Deyir ki, Vüsalə yaxşı rejissordur, amma tələskəndir: “Ümumiyyətlə, öz təcrübəmdən belə nəticə çıxartmışam ki, rejissor gərək heç bir işdə tələsməsin. Əgər sən rejissorsansa, həyatda, işində, qurduğun kadrlarda, oxuduğun ssenaridə heç vaxt tələsməməlisən ki, ortaya yaxşı bir iş çıxara biləsən”.

 

“Birinci növbədə maliyyə çatmır”

Cütlüklə serial və film sektorundakı problemləri də müzakirə etdik. Vüsal deyir ki, serial işində birinci növbədə maliyyə  çatmır: “Bəzən deyirlər ki, bizimkilər türklər kimi çəkmir. Yetmiş milyonluq Türkiyəni on milyonluq Azərbaycanla müqayisə etmək kimidir bu. Orda və burda seriallara sponsorluq edən şirkətlər arasında yerlə göy qədər fərq var. Serial və film sektorunda vergilər azalsa, uyğun formaya salınsa, bu sektor da inkişaf edər”.

 

“Tamaşaçı həm şikayət edir, həm də…”

Vüsalə də bir ayrı problemdən danışdı: “Kinoteatrlarda da problem var. Tamaşaçı sayı çox azdır. Ona görə ki, tamaşaçılar komediya janrına üstünlük verir. Əslində, özləri bayağı komediyalardan şikayət edirlər, amma ən çox da elə həmin filmlərə baxırlar. Dram janrında olan filmlər büdcə gətirmir. Çünki tamaşaçı izləmir. Əgər tamaşaçı olsa, çəkiliş qrupu da xərclədiyi pulun heç olmasa 90 faizini götürsə, növbəti bir film üçün təkan olar. Yəni tamaşaçı həm şikayət edir,  həm də gedib şikayətçi olduğu filmə baxır”.

Sonda “Vüsalə yaxşı rejissordur, yoxsa həyat yoldaşıdır?” sualıma Vüsal belə cavab verdi: “Vüsalə hər şeydən öncə, yaxşı insandır!”

 

Söhbətləşdi: Xanım Aydın

Foto: Tapdıq Abdullayev / Global Media Group




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir