Evinizə dadanmış həşəratların məhv edilməsi ən zəhlətökən hallardandır. Bəzi həşəratlar gizli yerlərdə yaşayıb, sizə mane olmaya bilər, ancaq bəziləri, hətta mətbəxdə də rahat işləməyinizə mane olur.
Bəs bu həşəratlardan canımızı necə qurtaraq?
Evinizə qarışqa, tarakan, bit, birə, hətta siçan dadanıb? Evi dərmanlamaqla bu problemdən xilas olmaq mümkündür. Əgər həşəratın sayı azdırsa, bəzi təbii üsullardan yararlanmaqla onları mətbəxinizdən uzaq tuta bilərsiniz.
“Gencaile.az” həmin üsulları təqdim edir. Həşəratlardan xilas olmağın ən asan yolu suyla qarışdırdığınız sirkəni həşəratların göründüyü yerlərə sürtməkdir. Sirkənin qoxusu həşəratlar evinizdən uzaq tutacaq.
Mətbəx dəzgahlarını, sobanızı, əşyaları yerləşdirdiyiniz bölgələri, masanı hər zaman sirkəli suyla silməklə həm gigiyenik təmizliyə riayət etmiş olar, həm də həşəratları mətbəxinizdən uzaq tutarsınız. Həşəratların gəzdiyi yerləri sirkəli suyla silsəniz, onların geri qayıtmasına mane ola bilərsiniz.
Qərənfil, darçın və sarımsaq da həşəratların sevmədiyi ədviyyatlardır. Bu ədviyyatları həşəratların yemək axtarmaq üçün gəldikləri yerlərə qoysanız, həmin yeri mütləq tərk edəcəklər.
Nanə yağı da həşəratları evdən uzaqlaşdırmağın ən asan yoludur. Mətbəxlə yanaşı, digər otaqlarınıza da nanə yağı qoxusu vurmaqla həşəratların sayını azalda bilərsiniz.