Müəllimləri onu “fakültənin qaymağı” adlandırıblar və uğurlu olacağına inanıblar. Çünki enerjisi, çevikliyi, diqqəti, bilikləri ilə daim seçilib. Haqlı da çıxıblar. O, bu gün Azərbaycanı xaricdə təmsil edən alimdir. Ona İsveçrədə “super elmi ana” deyirlər, hətta onunla bağlı məqalələr də yazırlar. Bir yaşlı qızı ilə tədqiqat aparır, universitetə gedir, konfranslara, “zoom” görüşlərinə qucağında uşaqla qatılır. Ailə və karyera balansının öhdəsindən layiqincə gəlir. Özünü evinin xanımı, övladının anası, işinin sahibi adlandırır.
Müsahibimiz İsveçrə Fəxri Federal təqaüdçüsü Nərgiz Hacıyevadır.
45 isveçrəli içində yeganə əcnəbi direktor
Gəncədə ziyalı ailəsində anadan olub. Cavad xan nəslinin davamçılarındandır. Orta məktəbi Gəncədə bitirdikdən sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına qəbul olur və qırmızı diplomla bitirir. Daha sonra Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun beynəlxalq münasibətlər və diplomatiya ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, UNEC Beynəlxalq İqtisadiyyat məktəbində ingilis dilində sosiologiya və politologiya fənləri üzrə müəllim vəzifələrində çalışıb. Hazırda UNEC-də elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzinin rəhbəridir. Nərgiz bununla kifayətlənmir. O, həm də İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik Metodlar işçi qrupunun direktoru vəzifəsini icra edir. 45 isveçrəli içində yeganə əcnəbi direktordur. İngilis, fransız, alman, rus, türk və Litva dillərini bilir.
“Elmdə paxıllıq mütləqdir”
– Nərgiz xanım, peşənizin vurğunusunuz. Hər kəs ixtisas seçimi ilə bağlı qərarında sizin qədər şanslı olmur. Siz nə vaxt dərk etdiniz ki, siyasi alim, tədqiqatçı olmalısınız?
– Uşaqlığımdan tarixi çox sevirdim. Bir dərsə 5-6 saat vaxt sərf edir, mətni dərk etdikdən sonra nöqtə, vergülünə qədər əzbərləyirdim. Hətta qəbul vaxtı tarixdən 25 sualı 1 dəqiqə 50 saniyəyə yazdım. Peşə sevgimi anam kəşf edib. O, bizə heç vaxt müdaxilə etməyib, sadəcə müşahidə edib və yönləndirib. Bacımla uşaq idik, bizə tarix kitabını verdi və dedi ki, öyrənin mənə danışın. Mən öyrəndiyimi çox detallı, maraqla danışdım. Bacım isə daha yığcam məlumat verdi. Anam bacıma dedi ki, sənin marağın texniki elmlərədir.
– Universitetin ilk günü “buranı qırmızı diplomla bitirəcəyəm” demisiniz. Amma həvəsinizi qıranlar, buna inanmayanlar olub.
– O qədər sevincli idim ki… İlk dərs günü saat 7-yə 15 dəqiqə qalmış qapıda idim. Məndən başqa heç kim yox idi. Mənə elə ilk gün dedilər ki, burada qırmızı diplom almaq mümkün deyil. Elə o yaşımda deyirdim ki, bu, sizin yanaşmanızdır. Mən öz bildiyimdən dönməyəcəm. Bizim cəmiyyətin ən ağrılı yerlərindən biri mənfi rəyin daha çox yayılması və ona inanılmasıdır. Qırmızı diplom alanları da sanki güzəşt ediblər kimi təsvir edirdilər. Tələbənin savadına, öz hesabına əldə edəcəklərinə inana bilmirdilər. İlk gündən ön partada oturdum, məktəbə beş yaşımda getdiyim üçün yaşıdlarımdan balaca idim. Mən həmişə savadlı, rəqabətli, şəffaf qısqanclığın tərəfdarıyam. Elmdə paxıllıq mütləqdir. Amma bu paxıllıq başqalarını toksik şəkildə zəhərləməməlidir. Mənə inanmayanlara inad, universiteti qırmızı diplomla bitirdim.
“Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın…”
– Litvada cəmi üç azərbaycanlıya verilən təqaüdü qazanmısınız. Bu, necə oldu?
– Xaricdə təhsil üçün universitetlərə müraciət edirdim. Anam həmişə deyirdi ki, təhsilə pul xərcləmək olar, amma çalışmaq lazımdır ki, təhsil sənə pul gətirsin. Mən öz bacarığımı elmə çevirmək və ondan pul qazanmaq istəyirdim. Bu təqaüdü qazanmazdan əvvəl Gəncədə Heydər Əliyev mərkəzində ingilis dili qrupunun rəhbəri idim. 400-500 tələbəm var idi, onları təmənnasız hazırlaşdırırdım. Daha sonra bu fəaliyyətim dəyərləndirildi və qısa müddət icra hakimiyyətində işlədim. Burada vəzifəyə getmək imkanım yarandı, amma heç nə təhsilimin qarşısını ala bilməzdi. Litva Elm və Təhsil Nazirliyi tərəfindən verilən dövlət təqaüdünə layiq görüldüm. Bəli, bu təqaüd o zaman üç azərbaycanlıya verildi, biri də mən idim. Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın, sən artıq Avropada təqaüdlə təhsil alacaqsan. Yaxşı oxuduğuma görə bir semestrlik Paris Diplomatiya Akademiyasına göndərildim, daha sonra Avropa İttifaqının Erasmus təqaüdünü qazandım. Macarıstanda Soyuq Müharibə, Tarix və Hüquqi Araşdırmalar Mərkəzində tədqiqatçı kimi işlədim, bitirdikdən sonra yenə universitetə gəldim. Litvadan məzun olduqdan sonra Çexiya Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Münasibətlər İnstitutunda yenə tədqiqatçı kimi fəaliyyət göstərdim.
– Azərbaycanı Argentinadan tutmuş Yaponiyaya qədər müxtəlif ölkələrdə təmsil etmisiniz. Sizin üçün ən yadda qalan hansı idi?
– İsveçrədə Ermənistan Amerika Universiteti və Sürix Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilirdi. O konfransda iştirak etmək üçün çox çalışdım. Məni qəbul etmələri üçün məqaləmin başlığını “Dəyişən qüvvələr balansı, status-kvo Qarabağ və Avropa İttifaqı nümunəsində” qoydum. Məqaləm qəbul olundu və İsveçrə Federal Departamenti bütün xərclərimi qarşıladı. Yoldaşım mənə dedi ki, orada təksən, çıxışdan sonra üstünə çox gələcəklər, problem olarsa, səni çöldə gözləyəcəm. Çıxışımdan sonra erməni professorları təkidlə yanaşmalarımın düzgün olmadığını deyirdilər. Mən isə onlara deyirdim ki, sizin yanaşmanızda müvafiq hüquqi təminat yoxdur, amma mən sizə faktlarla danışıram. Sizə öz dilimdən deyil, beynəlxalq konvensiyaların, deklarasiyaların, qətnamələrin dilindən danışıram. Azərbaycanı layiqincə təmsil etdiyim üçün xoşbəxt idim.
“Vakansiyanın erkəyi, dişisi olur?”
– İqtisad Universitetinə maraqlı təsadüflə işə düzəlmisiniz. Nə üçün “vakansiyaya bəylər müraciət edə bilər” şərtini oxuduğunuz halda, inadla müraciət etdiniz?
– Bəli, Beynəlxalq Əməkdaşlıq Departamentində beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilmişdi. “Ancaq bəylər müraciət edə bilər” sözü məni təəssüfləndirdi. Qəsdən bu vakansiyaya müraciət etdim. Məni bir ay sonra çağırdılar və bir xanım dedi ki, vakansiya bəylər üçündür, siz niyə müraciət etmisiniz? Dedim vakansiyanın da erkəyi, dişisi olur? Təsəvvür edin, müsahibəyə 20 bəy gəlmişdi, tək xanım mən idim. Mənə dedilər ki, bizi nə ilə təəccübləndirə bilərsən ki, səni işə götürək? Dedim ki, mən enerjiliyəm, motivasiya prinsiplərim var, ən əsası, ictimai rəyə görə ruhdan düşmürəm. Sonda rektorla görüşdüm və məni istisna hal kimi işə qəbul etdilər. Rektor Ədalət Muradovun təhsilimlə bağlı mənəvi dəstəyini daim hiss etdim, İsveçrədə tədqiqat apardım.
– Nə üçün məhz bəy işçi istəyirdilər?
-Xarici qonaqları gec saatlarda qarşılamaq lazım idi. Dedim, mənim üçün problem deyil. Qadın da əgər işi üçün lazımdırsa, bunu edə bilər və etməlidir də.
Hərəkət sözdən daha güclüdür
– Vakansiyanın erkəyi, dişisi olmur deyirsiniz. Amma rəhbərlər, qurumlar, hətta qadınların özü belə çox vaxt belə düşünmür. Bu stereotiplər necə qırılmalıdır?
– O qədər ciddi problemdir ki… Xanım Tədqiqatçılar Şurası olaraq regionları gəzir, xanım sahibkarla müsahibələr edib, kitab kimi nəşr edəcəkdik. Təəssüflər olsun ki, regionlarda əlaqə saxladığım sahibkar xanımların əksəriyyəti deyirdi ki, yoldaşım müsahibə verməyimə icazə vermir. Xanım sahibkar olmaq sənin azad olmağın demək deyil. İnsan fikri, fiziki cəhətdən azad olmalıdır. Sənin bu gün fikrini ifadə etməkdə azadlığın yoxdursa, istənilən fəaliyyətin məhduddur. Bu gün Azərbaycan qadınlarının qarşılarında duran ən böyük əngəllərdən biri fikri azadlıqlarının olmamasıdır. Bu, regionlarda daha dəhşətlidir. Amma yavaş-yavaş dəyişəcək.
– Xüsusilə, regionlarda qadınlarla bağlı maarifləndirilmə aparan insanlar haqqında “ailə dəyərlərimizi dağıdırlar”, “qadınları ayıltmağa çalışırlar” ifadələri səsləndirilir. Bəzən bunu qadınlar da deyir. Onlarla mübarizəniz necədir?
– Bəli, çox rastlaşıram. Amma heç nə demirəm, sadəcə fəaliyyət göstərirəm. Mənim mübarizəm ancaq hərəkətlədir. Sözlə 10 dəfə də cavab qaytarsam, xeyri olmayacaq. Hərəkət sözdən daha güclüdür.
Sürət və savad
– İsveçrə fəxri federal təqaüdünü necə əldə etdiniz?
– Pandemiya dövründə özümü ilk dəfə çox uğursuz hesab edirdim. Övladımla bağlı analıq məzuniyyətində idim, faydasız olduğumu düşünürdüm. Uğurumun iki səbəbi olub, sürət və savad. Federal təqaüdün elanı başlamışdı. Təkcə professor tapmaq üç ay vaxtımı aldı. Təqaüdə müraciət etmək üçün ilk addım o idi ki, öz tədqiqat proqramını professora göndərirsən, səni bəyənirsə, dəstək məktubu yazır. 45 professora tədqiqat proqramımı göndərdim. İki aylıq proseslərdən sonra Cənubi Qafqaz üzrə araşdırmaçı professor Dirk Lehmkuhl məni elmi rəhbərlik üçün qəbul etdi. Sevincimin həddi-hüdudu yox idi. O maili alanda qızımı ayağımla arabada yellədir, maillərimi oxuyurdum. Qızım yatmışdı, sevincimdən qışqırmaq istəyir, özümü sıxırdım. 450 səhifəlik sənədlərlə İsveçrə səfirliyinə yollandım. Doqquz aydan sonra cavab çıxdı. Məni fəxri federal təqaüdə layiq gördülər. Mövzum işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində idxal-ixracın iqtisadi hüquqi qiymətləndirilməsi idi. Qanunsuz patentlər, məskunlaşdırma, ticarət nişanları haqqında araşdırma aparmışdım.160-dan çox qanunsuz şirkəti tapmışdım. Tədqiqatlarımı İspaniya, Macarıstan, Yaponiya, İngiltərədə aparırdım. 15 şəxsdən 14 lehinə, 1 əleyhinə səslə bu təqaüdə qəbul olundum. İsveçrədə pandemiya rejimi idi, yoldaşımla qızımı apara bilmirdim. Qızımın ana südünə ehtiyacı var idi və mənimlə gəlməli idi. Professorum məktub yazdı və nəticədə qızım, yoldaşım və mən İsveçrəyə yollandıq. Həyat yoldaşım da mənə görə işindən çıxdı, maşınını satdı. Biz bir il bir ay İsveçrədə yaşadıq.
– Siyasi tədqiqat sahəsində qadınların kişilərə nisbəti çox aşağıdır. Nə üçün?
– Mentalitet ən birinci stereotipdir. İkincisi, xanımlarda tədqiqatın aparılması ilə bağlı maraq yoxdur, yaxud yaxşı tədris edən müəllim çatışmır. Xanımlara məqalə yazmaqla bağlı yön göstərən tədqiqatçı mentorlarımız yoxdur. Xanım tədqiqatçı olaraq mən bu konsultasiyaları pulsuz verirəm. Xanımların başını o qədər sosial məişət məsələləri ilə qatırlar ki, bilmir ki, tədqiqatına baxsın, yoxsa ailədəki problemlərini həll etsin. Qadınlar var, fəxr edir ki, həyat yoldaşım məni qısqanır, işləməyə qoymur. Problem 50 faiz kişilərdədirsə,50 faiz də qadınlardadır. Mən də yoldaşıma müəyyən nüansları razılaşdırır, bir-birimizə hörmət edir, güzəştə gedirik. Qarşılıqlı inam olmayan ailə qabağa gedə bilməz. Qadın kişiyə, kişi qadına inanmalıdır.
Biliyimi pula çevirib 48 Avropa şəhəri gəzmişəm
– Qadın istəsə, hər şeyə qadirdir deyə bilərikmi?
– Bəli, qadın düzgün hədəflər qoyaraq hər şeyi bacarar. Hədəflərin olmalı, o hədəflərə çatmağa fokuslanmalısan. Mən Avropada müxtəlif konfransların, simpoziumların qalibiyəm, amma bir dəfə öz cibimdən beş avro verib Litvadan Varşavaya getməmişəm. Hədəfim beynimin məhsulunu pula çevirmək idi. Bacardım da. Məqalələr, layihələr yazıb, qrant udurdum, qarşı tərəf də biletimi alırdı. Biliyimi pula çevirib 48 Avropa şəhərini gəzmişəm.
– Sizcə, xanımların karyera yüksəlişinin qarşısında dayanan ən böyük əngəl nədir?
– Ailə həyatı qurduqdan sonra xanımların üzərinə böyük məsuliyyət düşür. Əslində, hər bir xanım elə insanla ailə qurmalıdır ki, onun həyatını dəyişməyə çalışmasın, əksinə, bir-birilərinə uğurlarında dəstək olsunlar. Yəni sənin həyat yoldaşın adından da göründüyü kimi həyat yolunda sənə yoldaşdır, yolunu kəsəcək fərd deyil. Mən ailə quranda anam yoldaşıma şərt qoymuşdu ki, qızım diplomat, səfir olsa, həyat yoldaşı ona mane olmamalıdır. Çox şükür ki, bu gün həyat yoldaşım mənə ən böyük dəstək verənlərdən biridir. Mən də görüşəndə bildirdim ki, sən sadəcə mənim yanımda gələcəksən, mənim həyatım köklü dəyişikliyə məruz qalmayacaq, bir-birimizə dəstək olacağıq və irəliyə gedəcəyik. İstədiyim kimi də oldu. Həyat yoldaşım mənimlə tanış olanda rus və türk dilini bilirdi, ingilis, alman, dillərini bir yerdə öyrəndik.
– Bəzi insanlar düşünür ki, qadın ya karyerada uğurlu olmalıdır, ya da ailədə. Siz hər ikisini idarə etməyi bacarmısınız. Bunun sirri nədir?
– Düzdür, bəzən balans pozulur, 40 faiz ailəyə, 60 faiz elmi tədqiqata gedir. Yaxud da əksinə olur. Mən İsveçrədə saat 6-da oyanır, həm bir yaşlı uşağa baxır, həm də ailəm, elmi işimlə məşğul olurdum. Hətta universitetdə mənim haqqımda məqalə də paylaşmışdılar. Mənə “super elmi ana” deyirdilər. Qızım ağlayırdı, məcbur olub özümlə universitetə aparırdım. Hətta professorum da mənə kömək edir, ona çay verirdi. “Zoom” görüşlərinə qucağımda uşaqla qoşulurdum. Elmi sferada övladım həyatıma rəng qatdı, mənə uğur gətirdi. Ailə və karyera balansımın öhdəsindən gəldim. Evimin xanımı, övladımın anası, işimin də sahibiyəm. Ailəmə və ölkəmə töhfə verməyə davam edəcəyəm.
Aygün Əziz