Yəqin razılaşarsınız ki, artıq insanların bir-birinin şəklinə baxıb-bəyənib elçi düşməsi, evlənməsi dövrü çoxdan keçib. Nə qızlar həmin qızlardır, nə də oğlanlar həmin oğlanlar. Müasir gəncləri tanımadıqları biriylə evləndirmək bu gün çox təhlükəli bir addımdır. İstəmədiyi birinə ərə getməmək üçün canına qıyan yüzlərlə gənc qız var. Eyni formada oğlanlar da sevmədikləri biriylə evləndikləri zaman bunun hirsini elə həmin qızdan çıxarır, nəticə isə hərtərəfli peşmançılıqla bitir.
Bütün bunlara rəğmən, gənclərin də özləri üçün verdiyi evlilik qərarı hər zaman doğru qərar olmur və hər zaman xoşbəxt ailə tablosu yaratmır. Yaşlarının və həyat təcrübələrinin az olması, məntiqləri ilə yox, daha çox hissləri ilə addım atmaları bəzən heç də evlilikdən umduqlarını vermir onlara. İnsanın öz taleyini başqalarına həvalə etməməsi, öz həyatının məsuliyyətini dərk edib, həyati qərarları verə bilməsi çox vacidir. Bir o qədər vacib olan başqa məsələ də bu cür qərarlar verərkən səbirli, təmkinli olmaq, yüz ölçüb-bir biçmək və doğru qərar qəbul etmək cəsarətinə sahib olmaqdır. Evlilik də bu kimi həyati qərarlardan biridir. Evlilik ona görə həyati əhəmiyyət daşıyır ki, doğru bir seçim ömür boyu xoşbəxtliyə və səadətə aparır. Yanlış seçim isə qırılmalara, bunun da sonrakı mərhələlərdə veriləcək həyati qərarlara mənfi təsirlərinin olmasına gətirib çıxara bilir. Buna görə də evlilik qərarına gəlməzdən əvvəl evlənəcəyimiz insanı tanımaq çox vacibdir. Amma bu, həqiqətən çox qəliz məsələdir. Çünki insanları hərtərəfli tanıya bilməyimizin önündə hər zaman bir maneə olur. Bu maneələrin bəziləri bizim baxış tərzimizdən, bəziləri də tanımaq istədiyimiz şəxsin özündən qaynaqlana bilir. Gəlin bu maneələrin nələr olduğuna birlikdə baxaq.
Könül sevən göyçək olar…
Evlənəcəyimiz insanı tanımaq üçün qarşımızda duran və tamamilə bizdən qaynaqlanan maneə onu istədiyimiz, ideallaşdırdığımız formada görməyimizdir. Amma təəssüf ki, könül sevən hər zaman göyçək olmur, biz elə görürük.
Çox vaxt ağlımızda ideallaşdırdığımız prototipi qarşımızdakı insanda görmə ehtiyacı hiss edir və partnyorumuza əslində onda olmayan xüsusiyyətləri yükləyirik. Yəni ilk baxışda onun dediyi acı söz də bizə şirin gələ bilir. Çünki insanlar dərin hisslər bəslədiyi şəxsin qüsurları və problemləri ilə üzləşmək istəmirlər. İşdir, əgər bu reallıqlarla üzləşsək, çox çətin qərar vermək məcburiyyətində qala bilərik. Xarakterindəki qüsurları, mənfi tərəfləri gördüyümüz insanla ailə həyatı qurmaq istəyərikmi? Bəs onu bu qədər çox sevərkən ayrılmaq cəsarəti bizdə varmı? Bax, bu qərarların hər ikisi çox çətin qərarlarıdır. Elə buna görə də bəzi şeyləri görməzdən gəlmək daha asandır. Gözardı etdiyimiz bir reallıq da odur ki, indi asan olanı seçməyin əvəzini gələcəkdə çox ağır formada ödəyə bilərik: xəyal qırıqlığı, peşmanlıq, depressiya, bədbəxtlik…
Amma bilirik ki, insan psixologiyası tez bir zamanda və dərhal ala biləcəyi nəticələrə daha çox fokuslanır. Bununla bağlı bir məqalədə çox gözəl bir misal oxumuşdum: İnsanlar siqaretin uzun müddətə, yavaş-yavaş öldürdüyünü bilsələr də, indi aldıqları zövq və rahatlıq hissini daha üstün tutur, acı həqiqətləri görməzdən gəlirlər. Eynən bu misalda olduğu kimi, evlilikdən əvvəl bəzi insanlar evlənəcəyi şəxsin mənfi xüsusiyyətlərinin fərqində olsa belə, “ailə quranda düzələr”, “uşağı olanda düzələr”, “mən onu dəyişdirərəm” kimi fikirlərlə bu problemlərin həllini bilinməyən bir tarixə ertələyirlər. İnsanlar özlərində belə problemlə bu gün üzləşmək cəsarəti tapmadıqları üçün bu məsələnin həllini gələcəyə saxlayırlar. O gələcək gəlib çatanda isə təəssüf ki, insanlar bu problemlərlə daha çətin şərtlər daxilində üzə-üzə qalırlar.
Qarşı tərəfin özünü olduğu kimi göstərməməsi də evlilikdən əvvəl onu yaxşı tanımağımıza mane ola bilir. Evlilikdən əvvəlki mərhələdə ən çox rast gəlinən hal da məhz budur. Çünki insanlar özlərini olduqları kimi yox, olmaq istədikləri kimi göstərməyə daha çox meyilli olurlar. Özünü partnyoruna ən yaxşı formada göstərməyə çalışmaq, onun bəyəndiyi şeylərlə yaxından maraqlanırmış kimi görünməklə insan həm özünü, həm də qarşısındakını aldada bilir.
Bu səbəblər evlilikdən əvvəl diqqətsiz olmağın, bir insanı tamamilə tanımadan evlənməyin, yaxud yeni evliliklərdə ailə münasibətləri formalaşmadan dünyaya uşaq gətirməyin sonradan yaradacağı çətinliklərdən xəbər verir.
Bəs necə edək ki, evlənməyi düşündüyümüz insanın bizim üçün doğru insan olduğuna əmin olaq?
Bu, əslində, çox sadədir. Sadəcə evlilik qərarı verməzdən əvvəl evlənəcəyimiz insanla olan münasibətimizi doğru dəyərləndirə bilmək üçün ondan bəzi sualların cavablarını almalıyıq. O, həmin suallardır ki, düzgün bir tərzdə evlənəcəyimiz şəxsə ünvanlamalı və aldığımız cavablar üzərində düşünməliyik. Əgər bu cavablar arasında sizi narahat edən məsələlər ortaya çıxarsa, bu zaman bir böyüklə, hətta evlilik mələlələri üzrə hansısa təcrübəli mütəxəssislə, terapevtlə məsləhətləşmək bu yolda veriləcək ən doğru qərardır. Bu narahatlıqları ən doğru formada həll etmək üçün insan mütəq özünün həyatı ilə bağlı məsələlərdə məsuliyyət hiss etməli və cəsarətli olmalıdır.
Evlilik terapevtlərinə görə, bu suallar evlənəcəyiniz insanı daha yaxşı tanımağınıza kömək edəcək:
– Məndə sənə ailəndən, ya da keçmişdə yaşadığın bir münasibətdən kimisə xatırladan nəsə görürsənmi?
– Hansı yönlərdən daha uğurlu və bacarıqlı olduğumu düşünürsən? Bu baxımdan özünlə aramda bənzərlik görürsənmi?
– Cəmiyyət içində, bir qrup insan qarşısında çıxış etmək səni qorxudurmu? Bu kimi halla qarşılaşmısanmı?
– Səhər yuxudan oyananda əsəbi olursan, yoxsa pozitiv?
– İntizamlı insansanmı?
– İfadə etməkdə ən çox çətinlik çəkdiyin duyğu hansıdır?
– Nə ilə bağlı hisslərini idarə etməkdə çətinlik çəkirsən?
– Əgər yanğında evini və sahib olduğun hər şeyi itirsən, nə edərdin?
– Hansı məsələlərdə eqoistləşə bilirsən?
– Axırıncı dəfə nə vaxt ağlamısan? Hansı hadisələr səni ağladır?
– Başqa bir millətə sahib olmaq istəsəydin, hansı ölkədə doğulmaq istəyərdin?
– Sakit, sevgi dolu, dinc bir evlilikmi yaşamaq istəyirsən, yoxa çılğın və macəra dolu?
– Heç əsəbləşəndə gözünün qaraldığı olubmu? Bu kimi hallarda nə edirsən?
– Səni ən çox nə xoşbəxt edir?
– Səncə, kişi (qadın) olmağın ən yaxşı cəhəti nədir?
– Necə bir sosial mühitdə olmağa üstünlük verirsən – kiçik bir qrupla, yoxsa çox insanın olduğu konsertlər, qonaqlıqlarmı?
– Qərar verəndə son sözü məntiqinlə, yoxsa duyğularınla verirsən? Niyə?
– Heç dava etmisənmi? Necə baş verib? Adətən davanı sən başlayırsan, yoxsa qarşı tərəf?
– Dəyişikliklərə asanlıqla adaptasiya ola bilirsənmi?
– Özünlə hansı məsələdə qürur duyursan?
– Duyğu və düşüncələrini qarşındakı insana ifadə edən birisən, yoxsa gizlədirsən?
Əslində, bu tipli suallar çoxdur. Həyatda baş verən, baş verə biləcək hadisələrlə bağlı evlənəcəyiniz insanın reaksiyalarını öyrənmək, onunla bu cür səmimi və oyunvari sual-cavab etməklə onun verdiyi cavablardan da nə dərəcədə dürüst olduğunu anlaya bilərsiniz. Hər kəs üçün məqbul ola biləcək bəzi məqamlarda məhz özünü yaxşı göstərmək üçün özü ilə bağlı suallara müsbət cavablar verdiyini müşahidə etsəniz, onun bu münasibətdə yetərincə səmimi olmadığını, bunun da gələcəkdə fəsadları olacağını əvvəlcədən öyrənmiş olacaqsınız.
Deməli, o insan özü ilə bağlı ən kiçik qüsurları belə görməyə, qəbul etməyə dözümsüzdür. Unutmayaq ki, qüsurlarını və əksik tərəflərini qəbul etməyən insanlar tənqidə açıq ola bilmirlər. Bu tip insanlar ya küsəyən, ya da davakar ola bilirlər. Bu xüsusiyyətlər isə münasibətlərdə çətinliklər yaradır və daima problemlərə səbəb olur.
Natəvan Abdulla