Çoxdan gözlədiyiniz an çatdı və sevgiliniz sizə evlilik təklif etdi? Sizin “hə” cavabınız münasibətləri bir qədər də yaşxılaşdırsa da, təbii ki, bu, həm də ilişkinizdə yeni mərhələyə qədəm qoymağınız deməkdir. Bəzən nişanlanan cütlüklər bunun həyacanını o qədər yaşayır ki, toyla bağlı planlaşdırılan hər şey geri planda qalır. Belə olduqda isə hər şeyin toya az vaxt qaldığı dönəmdə həyata keçirilməsi mütləq olur. Bu tip durumlarda isə heç də hər şeyi istənilən kimi reallaşdırmaq mümkün olmur. Əgər evlilik ərəfəsində də bənzər durumdasınızsa, “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında təqdim etdiyimiz bu yazını oxumaqla toy stressini minumuma endirə, qarşıya çıxa biləcək digər çatışmazlıqları aradan qaldıra bilərsiniz.
Əgər evlənmək təklifini qəbul etmisinizsə, bu haqda ilk olaraq ailənizə məlumat verməlisiniz. Təbii ki, ən yaxın dostlarınızı da unutmamalısınız. Əgər onlar sizin bu qərarınızı məsələn, sosoial şəbəkədən “sonsuza qədər hə” və bu kimi paylaşımlarınız vasitəsi ilə öyrənərsə, heç də yaxşı olmaz.
Evlilik təklifini müsbət cavablandırdıqdan sonra mütləq manükür etdirin. Düzdü, bu məsələ sizə bir az qəribə görünə bilər, ancaq baxımlı olmaq hər zaman gözəldir. Üstəlik, üzüyünüzü kiməsə göstərəndə dırnaqlarınızın vəziyyəti ideal olmalıdır.
Barmağında üzük olan hər kəsə “toy nə vaxtdır” sualının ünvanlanması qədər təbii heç nə yoxdur. Bu səbəbdən də toyunuzun tarixini ən qısa müddətdə müəyyənləşdirməyiniz məsləhətdir. Əgər toy tarixini konkretləşdirmək mümkün olmasa, ən azı özünüz üçün təxmini tarix müəyyən edin və hazırlıqları həmin tarixə görə planlaşdırın.
Əgər toyunuzda ideal bədən formasında görünmək istəyirsinizsə, toy ərəfəsində qidalanmanıza xüsusi diqqət yetirməlisiniz. Düzdür, əgər sağlamlığınız qaydasındadırsa, 3-5 kilo artıq çəki ciddi problem yaratmaz, amma həm sağlamlığınız, həm də görünüşünüz baxımından ən yaxşısı rejimlə qidalanmaq və artıq çəkidən azad olmaqdır.
Evlənmək ərəfəsində olan cütlüklərin ən çox diqqət ayırması gərəkən məsələlərdən biri də toyun harda olacağını maksimum tez müəyyən etmək, həmçinin geyim, dəvətnamə, tort və bu kimi digər məsələlərdən qəti qənaətə gəlməkdir. Bu halda həm özünüzün, həm də sizə kömək edən yaxınlarınızın işini asanlaşdırmış olarsınız.
Təbii ki, ümumi toy xərclərinin öncədən müəyyən edilməsi ən yaxşı seçim olar. Əvvəlcədən hər şeyi planlı şəkildə həyata keçirmək, öncədən nəzərdə tutulan büdcəyə uyğun davranmaq lazımdır. Əgər həyatınızın ən özəl gününü “hələ də həmin günün borclarını ödəyirəm” deməklə xatırlamaq istəmirsinizsə, ayağınızı yorğanınıza görə uzatmalısınız.
Hazırladı: UĞUR