aile

Evli olmaqla ailə ola bilməyin fərqi – Natəvan Abdulla yazır

Baxış sayı: 707

Hər il ölkəmizdə yüzlərlə insan ailə qurur və boşanır. Məyusedici hal odur ki, boşanmaların sayı sürətlə artmaqdadır. Bunun bir çox sosial-iqtisadi səbəbləri ola bilər. Bu boşanmalara bütün hallarda mənfi baxmaq doğru deyil. Çünki bəzən elə evliliklər olur ki, bu evlilik cütlərin hər ikisinə də zərər verir.

Xarakterlərdə uyğunsuzluqlar, ailə quruluşlarındakı fərqliliklər insanlar arasında dərin uçurumların yaranmasına səbəb ola bilir. Bu evliliklərdən zərər çəkən isə hər zaman iki nəfər olmur. Bəzən ailədəki uşaqlar bunun mənfi təsirlərini ömür boyu özlərində hiss edə bilirlər. Bu səbəbdən də acınacaqlı olan boşanmalar yox, bir-birini tanımadan, bəzən hətta insanların özlərini belə tanımadan, dərk etmədən nikaha girmələridir.

Ümumilikdə, evlilikdə söz-söhbətlərin yaranması, anlaşmazlıqların baş verməsi qaçılmazdır. Əgər evli cütlüklər bu reallığı gözardı edərlərsə, evlilikdə xəyal qırıqlıqları, ümidsizliklər bir o qədər artar, hər münaqişədə tərəflər səhv seçim etdiklərini düşünə bilərlər. Deməli, gənclərimizin evliliyin reallıqlarını və onun gətirdiyi məsuliyyəti anlaması, qəbul etməsi və evlilikdən gözləntilərinin nə olduğunu bilməsi sonradan xəyal qırıqlıqlarının yaşanmaması üçün olduqca vacibdir.

Əgər biz evliliyə bir cümlə ilə tərif versəydik, bu, yəqin ki, belə olardı: Evlilik – fərqli istək və ehtiyacları olan, birlikdə yaşamaq, həyatı paylaşmaq, övlad sahibi olmaq və onu böyütmək üçün iki nəfərin qurduğu münasibətlər sistemidir. Eyni zamanda, evlilik qarşılıqlı həmrəyliyə, cinsi ehtiyacların bərabər səviyyədə təmin olunduğu, qarşılıqlı bəzi sosial qadağalara riayət olunan bir sistemdir. Bəs bu münasibətlər sistemi ən doğru şəkildə necə qurulmalıdır?

aile

Sağlam evlilik necə olmalıdır?

Sağlam evlilik münasibəti fərdi ehtiyacların qarşılanmasına və bu münasibətdə tərəflərin maddi və mənəvi baxımdan təmin olunmasına, vəzifələrini ən yaxşı formada yerinə gətirə bilmələrinə və beləcə yaşadıqları mühitə adaptasiya olaraq yararlı iki fərd ola bilmələrinə kömək etməlidir. Bu baxımdan evlilikdə iki insan arasında dünyanın ən səmimi və dərin münasibətlərinin qurulması vacibdir. Əgər evliliyə emosional yox, bu cür məntiqli və qarşılıqlı duyğusal-maddi qazancları nəzərə alaraq yanaşılarsa, hər iki tərəf də bu münasibətdə həyat boyu məmnunluq hiss edər.

Amma yuxarıdakı bu təriflər ola bilsin ki, ölkəmizdəki evlilik münasibətlərinin mahiyyətini tam əks etdirməsin. Çünki evlilik cəmiyyətdən cəmiyyətə dəyişən münasibətlər sistemidir. Bizim cəmiyyətimizdə isə bəzi insanlar yeni və məntiqi ailə modelinə yönəlsələr də, əsasən köhnə adət-ənənələri qoruyub saxlayan bir qrup da var. Cəmiyyədə yaranan bu düşüncə ayrılığı, dünyagörüşlərindəki fərqliliklər artıqca evlilik yaşı artmağa, yalnızlıqlar və boşanma halları da çoxalmağa başlayıb. Bu səbəbdən də evlənmək istəyən iki insanın evlilikdən gözləntilərinin, ailə anlayışlarının nə olduğunu anlamaları, bu məsələdə aralarında olan fikir ayrılıqlarına diqqət etmələri vacibdir.

aile

Evli olmaqla ailə olmaq fərqli anlayışlardır

Evlilik anlayışı dörd min ildir, yer üzündə var və dünyanın hər yerində insanlar nikaha girirlər. Bu baxımdan, deyə bilərik ki, evlilik anlayışı ailə olmaq anlayışından daha spesifikdir. Bir qrup insan ailə ola bilər, təkcə ana və övlad ailə ola bilər, hətta yalnız yaşayan bir insan və ev heyvanı belə ailə ola bilər. Amma evlilik iki insanın həyatlarını qarşılıqlı məsuliyyətlər və öhdəliklər qəbul edərək birləşdirdiyi bir qurumdur. Buna təşkilatlanma da deyə bilərik. Bu da onu göstərir ki, hər evliliklə ailə olmaq anlayışı formalaşmaya bilir. Ailə olmaq təkcə güvən və sevgi ehtiyaclarının qarşılıqlı təmin olunmasıdırsa, evlilikdə bura həm maddi, həm də fiziki məsuliyyətlər daxil olur. Bu gün cəmiyyətimizdə bir çox gənclər evlənməklə ailə oluna biləcəyi düşüncəsindədir. Çünki bizə illərdir aşılanan da məhz bu düşüncə tərzidir. Amma bəzən unuduruq ki, heç bir evlilik güclü duyğusal, istiqrarlı, məntiqli təməlləri olmadan ailəyə çevrilə bilmir. Nəticədə təkcə nikah şəhadətnaməsi ilə təsdiqlənmiş bir-birinə yad iki insan həyatlarını birləşdirir və bir-birinə zərər verməyə, toksit davranışlar göstərməyə başlayırlar. Əvvəllər boşanmaq çox pis hal kimi qəbul edildiyindən və qadınların ailə içindəki rolu zəif olduğu üçün boşanma halları az olsa da, artıq qadınların da özlərini fərd kimi görə bilməsi və iqtisadi baxımdan güclənməsi nəticəsində bu cür toksit evliliklərdə boşanma halları artıb. Yəni cəmiyyətimizdə artıq qadınlar bu cür evliliklərə dözmək məcburiyyəti hiss etmirlər. Amma fərd olmağı öyrənməklə məntiqli evlilik qurmağı, yaxşı ailə olmağı öyrənmək təbii ki, fərqli anlayışlardır. Əgər biz evliliyə emosional yox, məntiqli yanaşsaq, ailə qurmaq istədiyimiz şəxslə aramızdakı uyğunsuzluqları əvvəlcədən görərək doğru qərarlar verə bilərik.

aile

Evlilik insanları gücləndirən birlik olmalıdır

Sağlam evlilik münaqişələrin birlikdə həlli, fikir ayrılıqlarının müzakirəsi, razılaşma, dürüstlük, sevgi və bağlılıq kimi emosional və fiziki cəhətlərdən yaxınlıq deməkdir. Sağlam nikahlar ər-arvadın bir-birlərini bir çox yöndən tanıdıqları, eyni zamanda, ortaq fəaliyyətləri və maraqları olan psixoloji, sosial, emosional və cinsi ehtiyaclarını qarşılıqlı şəkildə təmin etdikləri evliliklərdir. Natamam, problemli nikahlar isə tərəflərin bir-birinin xüsusiyyətlərini kifayət qədər bilmədiyi və bu səbəbdən qarşılıqlı ehtiyac və gözləntilərin tərəfləri qane etmədiyi nikahlardır. Belə evliliklər həm qadının, həm də kişinin psixoloji sağlamlığına mənfi təsir göstərir. Bu nöqtədə evliliyi davam etdirə bilmək üçün insanlar həyat yoldaşlarını sağlam bir düşüncə forması ilə qiymətləndirməli və ailədə olan problemlərlə bağlı düzgün qərarlar qəbul edə bilməlidirlər. Əslində, bu ölçüb-biçmə mərhələsi evlilikdən əvvəl olarsa, hər iki tərəf üçün daha yaxşı nəticələnə bilər. Əlbəttə ki, gənclər həmin dövrdə daha çox hissləri ilə davrandıqları üçün bu dəyərləndirməni doğru-düzgün şəkildə edə bilmirlər.

Sağlam evlilikdə həyat yoldaşları bir-birlərinə sadiqdirlər. Bir-birlərinə qarşı həm sevgi, həm də hörmət hiss edirlər, sədaqət və etibarları yüksək səviyyədədir. Bir-birlərini fiziki, emosional və psixoloji zorakılığa məruz qoymurlar. Həm bir-birlərini olduqları kimi qəbul edir, həm də planlarını, hədəflərini dəstəkləyir və öhdəliklərini yerinə yetirirlər.

aile

Deyə bilərik ki, evlilik insanların sağlamlıqlarına müsbət təsir edən və həyatla bağlı məmnuniyyətlərini artıran, onları həm mənəvi, həm də sosial həyatda güclədirən ən vacib sosial qurumdur.

Xüsusilə sağlam evlilik münasibətinin ailənin bütün üzvlərinə duyğusal, fiziki, sosial faydaları var. Sağlam evlilik münasibətində olan qadınların mənəvi və fiziki cəhətdən daha sağlam və güclü olduqları, cinsi təcavüzə, başqa zorakılıqlara, cinayətlərə daha az məruz qaldıqları, zərərli vərdişlərə daha az meyilli olduqları müşahidə edilir. Müşahidələr xoşbəxt evliliyi olan kişilərin daha uzunömürlü, emosional və fiziki cəhətdən daha sağlam olduqlarını, iş həyatlarının daha sabit, uğurlu olduğunu göstərir. Ailəsində xoşbəxtlik və stabillik olan kişilərin daha yüksək qazanc əldə edə və övladları ilə düzgün ünsiyyət qura bildikləri deyilir.

Bunlar isə onu göstərir ki, evlənərkən duyğularımızla yanaşı, məntiqimizi də işə salarsaq, gələcəyimizi daha yaxşı qura bilərik. Unutmayaq ki, qəbul olunan bir qərarda məntiqin rolu az, emosiyaların rolu çox olarsa, o qərar bizə xeyirdən çox zərər verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir