Fatime Resulova

Evlilik öncəsi niyə psixoloji yardım önəmlidir? - MÜTƏXƏSSİS DANIŞIR

Baxış sayı: 699

Həqiqətənmi “səni bir ömür seçirəm” yanaşmasının dərki “səni sevirəm” hisslərindən daha önəmlidir?

Evlilik yalnız iki insanın bir-birini sevməsi ilə qurulan bir birlik deyil. Bu, iki fərqli dünyagörüşünün, tərbiyənin, dəyərlərin və gözləntilərin uzunmüddətli bir həyat yolunda birləşməsidir. Məhz bu səbəbdən evlilik öncəsi psixoloji yardım son illərdə getdikcə daha çox müzakirə olunan və tövsiyə edilən bir mövzuya çevrilib. Bu mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Ailə məsələləri üzrə məsləhətçi və psixoloq Fatimə Rəsulova ilə söhbət etdik.

O, evlilik öncəsi psixoloji hazırlığın niyə vacib olduğunu və sevgi ilə məsuliyyət arasındakı fərqi izah etdi.

 

Sevgi kifayətdirmi?

Fatimə Rəsulova bildirir ki, bir çox cütlük evliliyə yalnız güclü emosional bağ və sevgi hissləri ilə daxil olur:

“Sevgi evliliyin başlanğıcı üçün çox önəmlidir, lakin onu davam etdirən əsas faktor deyil. Evlilikdə qarşılıqlı anlayış, məsuliyyət, uyğunluq və problem həll etmə bacarıqları sevginin önünə keçir.”

Onun sözlərinə görə, “səni sevirəm” demək anlıq bir hissin ifadəsi də ola bilər, amma “səni bir ömür seçirəm” demək şüurlu bir qərardır. Bu qərarın arxasında isə özünü və qarşı tərəfi tanımaq dayanır.

 

Evlilik öncəsi psixoloji yardım niyə bəs əhəmiyyətlidir?

Evlilik öncəsi psixoloji məsləhət cütlüklərə bir-birini daha dərindən tanımaq imkanı yaradır. Ailə məsələləri üzrə məsləhətçi Rəsulova bu prosesi belə izah edir:

“Bu mərhələdə tərəflər öz gözləntilərini, qorxularını, uşaqlıqdan gələn davranış modellərini və konflikt zamanı verdikləri reaksiyaları daha aydın şəkildə anlayırlar.”

Psixoloji yardım zamanı ən çox toxunulan mövzulara ünsiyyət tərzi, ailə modeli, maddi məsələlər, uşaqlara baxış, sərhədlər və məsuliyyət bölgüsü daxildir. Bu da gələcəkdə yarana biləcək bir çox problemin qarşısını əvvəlcədən almağa kömək edir.

 

“Bir ömür seçmək” nə deməkdir?

Fatimə Rəsulova vurğulayır  ki, evlilik romantik hisslərdən əlavə, ciddi bir həyat müqaviləsidir:

“Bir ömür seçmək – yalnız xoş günlərdə deyil, çətin anlarda da eyni insana sadiq qalmağı bacarmaq və məsuliyyəti dərk edərək hazır olmaqdır. Bu, qarşı tərəfin zəif cəhətlərini qəbul etmək və problemlərdən qaçmaq əvəzinə onları birlikdə həll etmək deməkdir.”

Onun fikrincə, bu yanaşmanı dərk etməyən cütlüklər evlilikdə ilk ciddi çətinliklə qarşılaşdıqda məyusluq yaşayır və münasibətləri risk altına düşür.

Çox təəsüf ki, hələ də psixoloji yarıdımı zəiflik kimi dəyərləndirən şəxslər qalmaqda davam edir. Bəzən hadisələrdən daha önəmli olan, hadisələrə hansı zamanda və hansı formada verdiyimiz  reaksiyadır. Adətən biz iki şəxsə aid problemin həllinin, ailə dəyərlərinin bütün nəsildə müzakirəsi olduqdan sonra ən son kritik vaxtda müracətinin şahidi oluruq.

psixoloq

Fatimə xanım isə bu fikirlə razılaşmır:

“Əksinə, evlilik öncəsi və yaxud gənc ailələrin vaxtında psixoloji dəstək alması məsuliyyətli və şüurlu bir addımdır. Bu, münasibəti qorumaq və sağlam təməl üzərində ailə saədətini inkişaf etdirməyin göstəricisidir.

Mütəxəssis qeyd edir ki, psixoloji hazırlıq alan cütlüklər konfliktləri daha sağlam şəkildə idarə edir və bir-birini dəyişməyə yox, anlamağa çalışırlar.

 

Son söz: Sevgi hissi ilə yanaşı şüurlu seçim

Fatimə Rəsulovanın fikrincə, ideal evlilik yalnız sevgi üzərində deyil, şüurlu seçim, emosional yetkinlik və qarşılıqlı hörmət üzərində qurulur. Evlilik öncəsi psixoloji yardım isə bu yolun daha sağlam və möhkəm olmasına xidmət edir.

Unutmayaq ki “Səni sevirəm” demək gözəldir, amma onu “səni bir ömür seçirəm” düşüncəsi ilə dəstəkləmək evliliyi ,ailə dəyərlərimizi nümunəvi, sağlam ,davamlı və güclü edən əsas amildir.




3 şərh “Evlilik öncəsi niyə psixoloji yardım önəmlidir? – MÜTƏXƏSSİS DANIŞIR

  1. Sevda Əyyubova

    Fatimə xanımın fikirləri çox realdır. Sevgi təkbaşına hər şeyi həll etmir, bunu evlilikdə olanlar daha yaxşı anlayır.

    Cavabla
  2. Ruslan

    Bir ömür seçmək” anlayışı çox gözəl açıqlanıb. Kaş ki, hər kəs evliliyə bu cür məsuliyyətlə yanaşaydı.

    Cavabla
  3. Aysel Məmmədova

    Çox düşündürücü yazıdır. Xüsusilə “səni bir ömür seçirəm” fikri insanı özünə qaytarır. Evliliyə emosiyadan çox şüurla yanaşmağın vacibliyi çox gözəl izah olunub

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir