Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.
Bəs doğru olan hansıdır? Öz seçimimiz, yoxsa valideynlərin fikirləri?
Sosioloq Cavid İmamoğlu deyir ki, hal-hazırda Azərbaycanda mentalitetlə müasirlik üz-üzə gəlib. 20 il əvvəl ailə cəmiyyətin dayağı idi, ona görə ki, orda uşaq dünyaya gələcək deyirdilərsə, müasir dünyamızda ailə ona görə cəmiyyətin dayağıdır, orda sevgi var. Bir şeyin ki, kökündə sevgi durur, onu gərək insanlar mütləq öz seçimlərini nəzərə almalıdırlar.
Sosioloq həmçinin bildirir ki, ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır.
Məsələyə münasibət bildirən psixoloq Aida Nəbiyeva isə bildirir ki, bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq. Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur. Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq
Münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarı olduğunu deyən mütəxəssis deyir ki, bu prinsiplərlə bu maneələri aşmaq olur. Böyük faizlə gənclərin fikirləri önəmlidir, valideynlərin isə məsləhətləri önəmlidir.
Milli mentalitetə söykənən bəzi adətlərimiz var ki, əsrlərdir özümüzlə gəzdiririk.Valideyn düşünməlidir ki, şəxsi seçimini edə bilməyən övlad, gələcəkdə ailə məsuliyyətinin yükünü daşıya bilməz. Odur ki, övladınızın seçiminə müdaxilə etməyin, məsləhət verin ki, gələcəkdə yarana biləcək hansısa məsuliyyətin qınağı da üzərinizdə qalmasın.