Bəzən elə olur ki, uzun illərdir ailə həyatı qurmuş cütlüklər yeni izdivac bağladıqları dönəmə qayıtmaq, həmin vaxtları yenidən yaşamaq istəyirlər. Prinsipcə, tərəflərin xoş duyğularla xatırladığı evliliyin ilk günlərinə qayıtmaq çətin deyil. Bunu necə bacarmalı olduğunuzu düşünürsünüzsə, “Gencaile.az” saytının “Evlisən” rubrikasındakı yazını sona qədər oxuyun.
Əslində bu həsrətin tərəflər üçün elə bir təhlükəsi yoxdur. Ancaq bəzən bu həsrət ailədə baş verən problemlərin bir nəticəsi də ola bilər. Hətta tərəflər arasındakı qarşılıqlı hörmətin itməsindən də söhbət gedə bilər. Əgər sizdə də belə bir vəziyyət varsa, vaxt itirməyin və evliliyinizi yenidən “canlandırmaq” üçün fəaliyyətə başlayın. Elə isə evliliyin ilk günlərinə qayıtmaq çətindirmi? Və ya bunun üçün, ilk növbədə, nə etmək lazımdır?
Evliliyin ilk günləri ilə sonrakı illər arasındakı ən böyük fərq tərəflər arasındakı ünsiyyət fərqidir. Belə ki, ilk günlərdə tərəflər arasındakı ünsiyyət daha güclüdür. Bu günlərdə problemlər də nisbətən azdır. Üstəlik, hər iki tərəf də fədakarlığa hazırdır… Əgər bütün bunları qaytarmaq istəyirsinizsə, hər şeydən əvvəl hazırda yaşadığınız vəziyyəti nəzərdən keçirin. Təbii ki, ilk növbədə, mənfiləri yox, müsbətləri ön plana çıxarın. Digər tərəfdən, bu məsələ ilə bağlı fikirlərinizi həyat yoldaşınızla bölüşün. O da sizin kimi düsünürsə, deməli, işiniz asan olacaq.
Həyat yoldaşınızla birlikdə və ya təklikdə ilk günlər nələri yaşadığınızı və ən çox nələrdən razı qaldığınızı xatırlayın və hətta, bütün bunları bir kağıza yazın. Sonra evlilyinizin ilk günlərində yaşadıqlarınızı hazırda yaşadıqlarınızla müqayisə edin. Beləliklə, daha çox nələrin həsrətini çəkdiyinizi və daha çox nələrin sizi narahat etdiyini müəyyənləşdirin. Hər ikisini əhəmiyyət dərəcəsinə görə düzün. Artıq ilk addımı atmağa hazırsınız. Unutmayın, atacağınız bu kiçik addımlar həyatınızda çox şeyi dəyişdirəcək.
Hazırladı: UĞUR