Son zamanlar tez-tez ipoteka şərtlərinin bir qədər də yüngülləşdirilməsi istiqamətində çağırışlar edilir. Hətta məsələ Milli Məclisdə deputatlar tərəfindən də müxtəlif formalarda gündəmə gətirilir. Xüsusilə də evlərin bahalaşması fonunda mövcud ipoteka şərtlərinin qaneedici olmadığı bildirilir.
Mənzil baha, məbləğ az
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ölkəmizdə son illər əmlak satışı daha çox ipoteka və bankdaxili kredit şərtləri əsasında satılır. Bakı və böyük şəhərlərdə əmlak qiymətlərinin ciddi şəkildə artması səbəbindən, xüsusilə güzəştli kreditlərlə ev alan şəxslər müəyyən çətinliklərlə üzləşirlər: “Bankın ayırdığı limit və üzərinə əlavə edilən 15-20 faiz vəsaitlə əmlak bazarında mənzil tapa bilmirlər. Bakı ətrafında həmin məbləğə əmlaklar olsa da, alıcılar daha çox mərkəzə doğru, metro stansiyalarına yaxın ərazilərdə mənzillər axtarırlar. İpoteka predmetinə çevrilə bilən yenitikili binalarda qiymətlər kəskin şəkildə bahalaşıb. Köhnə tikililərdə, ən çox da doqquzmərtəbəli binalarda da qiymətlərdə artım müşahidə edilir”.
Ekspertin fikrincə, ayrılan kredit limitinin az olmasından əlavə, sənədləşmə məsələləri də çox çətindir: “Kreditin rəsmiləşdirilməsi zamanı bankda və notariuslarda tələb olunan sənədlər toplusu çox olduğuna görə bəzən insanlar ciddi problemlər yaşayırlar. Sənədləşmə sadələşdirilərsə və faiz dərəcələri aşağı enərsə, bu, ipoteka kreditləri ilə mənzil alan şəxslərin sayında ciddi artım yarada bilər”.
“Həyət evlərinin böyük əksəriyyətinin sənədi yoxdur”
Müsahibimiz bildirdi ki, bu sahədə yaranan başqa problem mənzillərin çıxarışının olmamasıdır: “Həyət evlərinin böyük əksəriyyətinin sənədi yoxdur. Hansı ki, həyət evlərinin qiyməti bina evlərindən daha ucuzdur. Həyət evləri ilə bağlı sənədləşmələrə başlanılarsa, artıq mənzil alıcıları Bakı şəhəri üçün bir otaqlı yenitikili binalara 140-160 min manat ödəməyəcəklər. Nisbətən kənarda 50-70 min manata həyət evi ala bilərlər ki, ilkin və aylıq ödənişləri də daha azdır. Bu baxımdan, ipoteka predmetinə çevrilə bilən ucuz qiymətə əmlaklar bazara çıxarılarsa, bu sahədəki problemlər də aradan qalxar”.
49 mindən çox ailə ipoteka ilə mənzil alıb
İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirir ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına banklar tərəfindən həm adi, həm də güzəştli ipoteka kreditləri verilir:
“Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manat, maksimal müddət 300 ay, illik faiz dərəcəsi 8 faizdir. Fondun vəsaiti hesabına verilən adi ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 8 faiz olsa da, müvəkkil banklar arasında yaradılmış rəqabət mühitinin nəticəsi olaraq, adi ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 7,4 faiz təşkil edir. Güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 000 manat, maksimal müddət 360 ay, illik faiz dərəcəsi isə 4 faiz təşkil edir. Fondun ipoteka kreditləri vasitəsilə 49 mindən çox ailə mənzil alıb. Bunun 35 faizdən çox hissəsini güzəştli ipoteka kreditləri təşkil edir. Bağlanılmış ipoteka krediti müqavilələrinin məbləği 3 milyard manata çatıb. İpoteka krediti ilə ev alanların 70 faizi gənclərdir. 2021-ci ildə verilmiş ipoteka kreditlərinin həcmi 356 mln. manat, 2022-ci ildə 421,5 mln. manat, 2023-cü ildə isə 459,4 mln. manat təşkil edib”.
Bakıda 626, rayonda 356 manat
R.Abdullayev qeyd etdi ki, rəsmi gəlirlərə malik vergi ödəyicisi olan bütün Azərbaycan vətəndaşlarının ipoteka kreditlərindən faydalanması üçün müvafiq şərait yaradılıb: “Dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışan şəxslər də bu sistemdən faydalana bilirlər. İpoteka kreditlərindən faydalanan şəxslərin 44 faizi özəl sektorda çalışanlardır. Kredit üçün müraciət edən vətəndaşların aylıq gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirlər nəzərə alınır. Borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi zamanı paytaxt və regionlar arasında gəlir səviyyəsi və yaşayış xərcləri üzrə fərqlər də nəzərə alınır. Regionlarda paytaxtla müqayisədə daha aşağı əmsallar tətbiq olunur. Məsələn, əgər Bakı şəhərində kredit almaq üçün müraciət edən şəxsin bir nəfər ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə yaşayış minimumunun 50 faizi həddində -135 manat götürülürsə, regionlarda bu, ölkə üzrə yaşayış minimumunun 25 faizi – 67,5 manat nəzərə alınır. Hazırda paytaxt və regionlarda yaşayış sahələrinin qiymətində əhəmiyyətli fərq mövcuddur. 2023-cü ildə Bakı, Sumqayıt, Abşeronda verilən ipoteka kreditləri üzrə orta aylıq ödəniş məbləği 626 manat olsa da, regionlarda verilən kreditlər üzrə bu göstərici 356 manat təşkil edib”.
“Maksimal hədlər hazırda əhalinin tələbinə tam uyğundur”
Direktorun sözlərinə görə, ipoteka kreditləri üzrə maksimal məbləğ, illik faiz dərəcələrinin yuxarı həddi ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında, formalaşmış ipoteka portfeli üzrə orta parametrlər və digər iqtisadi göstəricilər nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur: “2024-cü ilin ilk rübündə verilmiş ipoteka kreditlərinin məbləği üzrə orta göstərici təxminən 89 000 manat, alınan yaşayış sahəsinin orta qiyməti üzrə 131 000 manat təşkil edib. Regionlarda bu məbləğ orta göstəricidən bir qədər də aşağıdır. İpoteka kreditlərinin əsas hədəfi aşağı və orta təminatlı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilib və kredit məbləği üzrə müəyyən olunmuş maksimal hədlər hazırda əhalinin tələbinə tam uyğundur. Daşınmaz əmlak bazarında olan qiymət dəyişiklikləri davamlı şəkildə müşahidə olunur. Aparılan təhlillər artımla bağlı zərurətin olduğunu göstərərsə, gələcəkdə bu məsələyə baxıla bilər”.
Zərif Salmanlı