EYNEK

Eynək, yoxsa əməliyyat? – ARAŞDIRMA

Baxış sayı: 1. 398

“6 yaşımdan eynəkdən istifadə edirəm. Əvvəllər “alim”ə, “professor”a bənzədildiyim üçün eynək taxmaq özümə də maraqlı gəlirdi. Yaş ötdükcə, bu fikirlərim dəyişdi. Əməliyyat üçün müraciət etdikdə isə həkim “əgər eynəklə görə bilirsənsə, əməliyyata ehtiyac yoxdur, “zəiflikdə ən yaxşı görmə üsulu elə eynəkdir” dedi”.

Zeynəbə həkim gözünü əməliyyat etdirməyə icazə verməyib. Həyatının sonuna qədər eynək, linzalardan istifadə edəcək.

Güneldə isə, tam əksinə. Həkimi göz əməliyyatının təhlükəsiz olduğunu bildirib. Lakin onu bir sual maraqlandırır. Əgər əməliyyat təhlükəsiz üsuldursa, həkim özü nə üçün eynəklidir?

Göz zəifliyinin sürətli yayıldığı bir dövrdə əməliyyatların da sayı və üsulları artıb. Bəs nə etməli? Eynəklərə əlvida deyək, yoxsa taleyimizlə barışaq?

 

Göz həkimləri nə üçün eynək taxır?

Professor Mehmet Gülən deyir ki, lazer əməliyyatı dünyada ən çox yayılan və etibarlı əməliyyat növü olsa da, hamıya tətbiq olunmur. Həkimin sözlərinə görə, 18 yaşına çatmayan insanlarda bu əməliyyatın aparılması düzgün deyil: “Miyop, hipermetropiy, astigmat xəstəliklərinin müalicəsində cərrahiyyədə ən çox istifadə edilən üsul lazerdir. Bir çox insanlar bu üsulla eynəkdən və göz zəifliyindən birdəfəlik xilas ola bilərlər. Düzdür, “lazer etibarlı üsuldursa, nə üçün həkimlər eynək taxır” deyən xəstələrlə biz də tez-tez rastlaşırıq. Necə ki, bir fidanı böyüdərkən torpağa, işığa, günəşə yaxın ən uyğun yer axtarılırsa, lazer üçün də gözdə uyğunluq vacibdir. “Mən lazer əməliyyatı olmaq istəyirəm” deyə gələn hər xəstəyə bu müalicə tətbiq edilmir. Bu müalicəni xəstəmizə tətbiq etməyimiz üçün ilk şərt yaşının 18-dən yuxarı olması və eynək, linzadan istifadə etməsidir. Sonra gözün zəiflik dərəcələrinin son 1 ildə çox dəyişməmiş olması, kornea toxumasının qalınlığının uyğunluğu, diabet, revmatizm kimi sistematik xəstəliyinin olmaması, gözlərində başqa hər hansı bir xəstəliyin (kornea sivriləşməsi, göz təzyiqi və s.) varlığı araşdırılır. Lazer üçün gələn xəstə bu şərtlərə uyğun deyilsə, əməliyyat edə bilmərik. Yəni, həkimin eynək taxması lazerin etibarlı olmaması demək deyil, həkimin gözlərinin həmin əməliyyata uyğun olmamasıdır”.

Aynurə 25 ildir ki, günə başlayanda birinci eynəyini axtarır. Eynəyi kompleks etsə də, eynəksiz həyatı da təsəvvür edə bilmir. Çünki inanmır ki, nə vaxtsa, eynəksiz görə bilər: “Şəkillər çəkdirəndə qəşəng düşmək üçün eynəyimi çıxardıram. İşdə kompüterdən daimi istifadə edirəm deyə, eynəksiz işləməyim mümkün olmur. Çox istərdim ki, eynəyə möhtac qalmayım. Həkimim sonuncu dəfə gözlərimi müayinə edəndə, əməliyyatı məsləhət gördü. Düzdür, eynəkdən azad olmaq istəyirəm. Amma çox qorxuram. Əlsiz, ayaqsız yaşamaq olar, amma görmədən heç nə edə bilməzsən”.

 

“Parketi yonan kimi, göz qişası da lazerlə yonulur”

Həkim-oftalmoloq Fidan Abdullayeva xəstələrdə müəyyən qədər qorxunun olmasını normal qarşılayır. Deyir ki, müasir üsulla aparılan əməliyyatlarda mində bir fəsad ola bilər: “Ümumiyyətlə, istənilən əməliyyatda hansısa fəsadların olma ehtimalı var. Adi dərinin üzərində çapıq olsa belə, o da müəyyən fəsadlara yol aça bilər. Hər kəsi ekzimer lazer üsulla əməliyyat etmək olmaz. Əgər pasient lazer üçün tam göstərişli deyilsə, pul qazanmaq xatirinə onu “əməliyyat etmək” korluqla nəticələnə bilər. Pasient əməliyyat üçün müraciət edəndə, həkim bu fəsadları ilk gündən hesablayıb, bilməlidir. Bu əməliyyatı aparmaqdan ötrü bədən ümumən tam sağlam olmalıdır. İkinci, gözün özündə olan müəyyən xəstəliklər var ki, bunlar əks göstərişdir. Ən əsası, əməliyyat gözün buynuz qişasının müəyyən qədər lazerlə nazikləşdirilməsi hesabına aparılır. Yəni, buynuz qişanın özünün bir qalınlığı olmalıdır ki, onu nazikləşdirə biləsən. Təsəvvür edin, bir parketi yonan kimi göz qişası da lazerlə yonulur. Qişa müəyyən qədər qalın olmalıdır ki, onu incəltmək mümkün olsun. Əgər qişa çox incələrsə, böyük nömrələr götürürlər. Hansı ki, gözün qalınlığı buna imkan vermir. Sonra gözü qoruyucu qişa çox incəlmiş olur. İncələn qişa da sanki əyilir, sallanır. Bu isə konus xəstəliyini yarada bilər və gələcəkdə görmə pisləşə, hətta tamamilə itə bilər. Belə şəxslərə eynəkdən istifadə daha məqsədəuyğundur deyirik”.

 

“Kontakt linzalar təhlükəlidir”

Eynək taxmaq istəməyən bəzi insanlar isə kontakt linzalardan istifadə edirlər. Həkim isə kontakt linzalardan istifadə etməyi məsləhət görmür: “Mən xarici kontakt linzanın tərəfdarı deyiləm. Onlardan uzun müddət istifadə etdikdə, infeksiya təhlükəsi yaradır. İstifadə zamanı əl ilə gözüm daimi təması, linza mayelərində tarixən də müəyyən edilmiş bakterial infeksiyaların aşkarlanması bir sıra göz fəsadının meydana gəlməsi üçün zəmin yaradır. Kontak linza “qurbanları” ilə çox rastlaşmışam. Gözün içinə qoyulan və ömürlük hər kəsə və hər kəsin göz quruluşuna uyğun olanı biz sifariş edirik. Həmin linza xəstənin adına gəlir. Gözün içində, hətta bəbəyin arxasına gözlə görünməyəcək şəkildə qoyulur. Bu linzalar çox gözəl nəticə verir. Belə ki, kimin ki, gözünün buynuz qişası nazikdir, kim ki, ekzimer əməliyyatına əks göstərişi var, bunu onlara tətbiq etmək olur. Bu linzaların 9-dan-20-yə qədər nömrələri olur. Bu pasientlərə eynəyindən də qat-qat yaxşı görmə imkanı verir. Yəni insanları ömürlük eynək asılılığından azad edir. Texnologiya, tibb çox inkişaf edib”.

“Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur”

Həkim deyir ki, ekzimer lazer əməliyyatının uğurlu olması 3 faktordan asılıdır: “Bəzi pasientlər deyir ki, qonşum elətdirdi, neçə ildən sonra zəiflədi. Mən də əməliyyatdan sonra zəifləməsindən qorxuram. Həmişə pasientlərimə deyirəm ki, ekzimer lazer əməliyyatının nəticəsi 3 faktordan asılıdır. Birinci, cərrah bu sahə üzrə çoxlu əməliyyatlar etmiş və bu sahəni mükəmməl bilən praktik olmalıdır. İkinci, hər xəstəyə bu əməliyyatı etmək olmaz. Əməliyyat üçün tam ideal pasient seçilməlidir. Üçüncü isə cihazın müasirliyidir. Həkim də çox əla ola bilər, pasient də ekzimer lazer üçün ideal ola bilər. Amma əməliyyat zamanı işlənən cihaz müasir tələbələrə uyğun olmadəqda, əməliyyatın uğursuzluğu qaçılmazdır. Tək həkimin ideal olması ilə əməliyyat uğurlu olmur. Çünki nəticələri verən biz həkimlər olsaq da, sonda onu götürən cihazlardır. Cihazsa, mükəmməl, dəqiq, həssas olmalıdır”.

 

“Eynəklə gəzməyin məhdudiyyətləri var”

Həkimlərin eynək taxmaq məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, gözündə qüsur olsa idi, mütləq əməliyyat etdirərdi: “Gözümdə qüsur olsaydı mən ekzimer lazer etdirərdim. Çünki eynəklə gəzməyin özünün müəyyən məhdudiyyətləri var. Görmə sahəsi dar olur. İdmanla, üzgüçülüklə məşğul olarsansa, ümumiyyətlə, aktiv həyat tərzi keçirirsənsə, eynək insana mane olur. Əvvəlki cihazlar indiki kimi təhlükəsiz və dəqiq olmadığından bəlkə də əvvəlki həkimlər ekzimer lazer əməliyyatını etməyə risk etmirdilər. Çünki hələ ki, araşdırma niyyətli idi. Amma artıq 28-30 ildir ki, ekzimer lazer əməliyyatları olunur və cihazlar mükəmməldir. Hansısa göz həkimi bu əməliyyatı etdirmirsə, ola bilsin ki, onun gözünün buynuz qişası uyğun deyil. Ekzimer lazer əməliyyatı tam təhlükəsiz, riski çox az olan, sanki almanın qabığında aparılan bir əməliyyatdır. Heç göz almasının içinə girilmir, kəsmək, tikmək kimi işlər aparılmır”.

Uzun müddət müzakirə olunan göz həkimləri eynək taxır, saç tökülməyə qarşı dərman icad edənlər özləri keçəldir, dietadan danışan həkimlər kökdür kimi fikirlər insanları narahat edir. Hər bir halda, insanın yaradılışı kənardan müdaxilələrdən daha mükəmməldir. Ona görə də, əziz gənclər, gözlərinizi qoruyun və 6 aydan bir çek up müayinələrdən keçin.

Gözləriniz aydın olsun!

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir