miq

“Eynşteyn də o testlərdən keçə bilməz” – Deputatlardan təhsillə bağlı giley-güzar

Baxış sayı: 518
Dünən Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təhsillə bağlı bir neçə məqama toxunub. Nazir sertifikasiyadan danışarkən deyib ki, bu imtahanında iştirak edən hər 4 müəllimdən 3-ünün öz fənnindən minimal biliklərə sahib olması ortaya çıxıb. Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin 49 faizinin əməkhaqlarına 10 faiz, 27 faizinin maaşına isə 35 faiz əlavə olunub. 

Nazir: “O müəllimlər ən sadə suallara belə cavab verə bilməyiblər”

Nazir bildirib ki, ibtidai sinif müəllimlərinin əməkhaqqı əlavə ilə birlikdə, təxminən, 1000 manata yaxınlaşmaqdadır: “Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əla maaşdır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 faizi minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyiblər”.

“Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı nəticə toplayan müəllimlər yenidən imtahan verəcəklər. Yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar. Ümid edirik ki, builki sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 min 368 nəfər ikinci şanslarında uğur qazanacaqlar”, E.Əmrullayev qeyd edib.

 

Deputat: “Biri gəlir, tərcümeyi-halına baxırsan ki, iki ildə 4 universitet bitirib”

Dinləmədə çıxış edən deputatlar təhsillə bağlı maraqlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.

Deputat Siyavuş Novruzov ali məktəblərimizin nüfuzundan gileylənib və bildirib ki, universitetlərimizin reytinqini qaldırmaq lazımdır: “Bu gün Avropada, Amerikada təhsil alan biri diplomunu gətirən kimi bütün müəssisələr onu işə qəbul edir. Niyə həmin insanlara ayrıseçkilik olmalıdır? Bu gün Bakı Dövlət Universitetinə qəbul üçün 200 bal toplaya bilməyən gedib pulla Avropada, Afrikada təhsil alırsa, bunun nəyi üstündür?”.

“Xaricdən gələnlər özü ilə yeni düşüncə, din, əqidə, baxış gətirir. Ona görə də biz bu gün universitetlərimizin səviyyəsini qaldırmalıyıq. Biri gəlir, tərcümeyi-halına baxırsan ki, iki ildə 4 universitet bitirib. Bunu necə edib, məlum deyil? Təlim keçmək, universitet bitirmək demək deyil. Bizdə həmin sertifikatlardan yüzlərlədir, indi gətirib hər kəsə göstərək ki, nəyimiz var, nəyimiz yoxdur? Düşünürəm ki, bu məsələyə barmaqarası yanaşmamalıyıq”, – millət vəkili söyləyib.

“Yaşlı müəllimlərin təhsil prosesindən kənarlaşdırılması da düzgün yanaşma deyil. Hər kəs bilməlidir ki, heç kim cavan qalmayacaq. Əksinə, yaşlı müəllimlərə şərait yaradılmalıdır ki, onlar biliklərini artırsınlar”, – Novruzov əlavə edib.

 

“Kuriklumun yaxşı nəticəsini görmədik”

Deputat Sabir Rüstəmxanlı isə deyib ki, dəqiqləşdirilmə aparılmalıdır ki, bizə nə qədər müəllim lazımdır: “Hər il universitetlər eyni fakultəyə minlərlə tələbə qəbul edir, buraxır. Bu müəllimliyə də, həkimliyə də aiddir. Hesablamaq lazımdır ki, nə qədər müəllim lazımdır, nə qədər həkim lazımdır. Bu gün biz bilirikmi ki, Azərbaycana nə qədər müəllim lazımdır? Məncə, dəqiq bilmirik. Bu çox ciddi problemdir. Düşünürəm ki, sistem yaradılmalıdır, dəqiqləşdirilmələr aparılmalıdır”.

Deputat Musa Quliyev isə bildirib ki, kurikulum sisteminin yaxşı nəticəsi müşahidə edilmir: “Biz əvvəl baloniya sistemindən, kuriklumdan, bu sistemin faydalarından danışırdıq. Əvvəllər bu sistemlərin təhsildə tətbiqinə xüsusi diqqət yetirirdik, həvəsli idik. Amma bu sistemlərin ölkədə tətbiqi o qədər də ürəkçan olmadı. Ümid edirik ki, sertifikasiya sistemi ölkədə uğurlu olar”.

“Kəndlərdə bir müəllim bir neçə fəndən dərs deyir”

“Bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırılıb. Onlar yeni dönəmə uyğun deyil, bizdə isə bu edilməyib. Bu gün imtahandan keçən şəxs uşaqlarla dil tapa bilmir. Bundan başqa, təcrübəli müəllimlərimiz də çox azdır. Onların üzərində işləmək lazımdır”. Bu sözləri isə deputat Hicran Hüseynova deyib.

Millət vəkili yeni təhsilə tab gətirməyin çətinliyindən danışıb: “Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Lakin düşünürəm ki, müəllimlərimiz öz üzərində çox çalışmalıdır. İndiki uşaqlar bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilirlər. Yəni texnologiya o qədər inkişaf edib. Müəllimlər də qarşısına keçdiyi autoriyadan geri qalmamalıdır. Müəllimlər daha bilikli olmalıdır, öz təcrübələrini artırmalıdır”.

“Təhsillə bağlı digər problem ucqar kəndlərdə müəllim çatışmazlığıdır. Ucqarlarda bir müəllim bir neçə fəndən dərs deyir. Mən bunu nöqsan kimi demirəm, vəziyyətdən danışıram. Düşünürəm ki, bu reallığı dəyişməliyik. Eyni zamanda, bir neçə fənndən dərs keçən müəllimlərin sertifikasiyadan keçməsi araşdırılmalı, aydınlaşdırılmalıdır”.

 

“Təhsilin keyfiyyəti də, müəllimin maaşı da artmalıdır”

“Bu gün təhsil sahəsində iki mühüm sosial sifariş var. Birincisi, təhsilin keyfiyyəti, ikincisi, müəllimin əməkhaqqıdır. Hesab edirəm ki, bunların ikisi də artmalıdır”, – deyən deputat Tahir Mirkişili bildirib ki, növbəti ilin dövlət büdcəsindən müəllimlərin əməkhaqlarının artırılması üçün 56 milyon manat, diaqnostikadan keçən müəllimlərin əməkhaqqının artırılması üçün isə 168 milyon manat ayrılması nəzərdə tutulur: “Hesab edirəm ki, sertifikatlaşdırmanın keçirilməsi vacib qərardır. Bu proses məktəblərdə hökmən getməlidir. Bütövlükdə, bu gün şagirdlərin yaxşı təhsil alması və müəllimlərin əməkhaqqının artırılması üçün sertifikatlaşdırma aparılmalıdır. Baxmaq lazımdır ki, təhsilin keyfiyyətini artırmaq üçün daha nə etməliyik”.

Millət vəkili: “Etiraf etdi ki, cavabları atıb, təsadüfən düz çıxıb, qəbul olub”

Deputat Tahir Kərimli isə kişi müəllimlərin yoxluğundan narahat olduğunu bildirib: “Bu gün məktəblədə kişi müəllimlər demək olar ki, yoxdur, barmaq sayı qədərdir. Bu səbəbdən də uşaqlarımız qız kimi böyüyür. Bəlkə bu problemdən çıxış yolunu da axtaraq?!”.

“İndi şagirdlərimiz aqressiya ilə böyüyürlər. Sovet dövrünün təhsil sistemini pisləyirik, amma onun müsbət tərəfləri vardı. İndi qəbul test sistemi ilədir. Amma bunun da fəsadlarını görürük. 200 balla universitetə qəbul olmuş bir tələbə ilə söhbət edirdim. Dedi ki, 200 balı da bəxt nəticəsində toplayıb. Etiraf etdi ki, cavabları atıb, təsadüfən düz çıxıb, qəbul olub. Dörd variant var, biri düz olacaq deyib, yalandan yazır və qəbul olur. Deyirsən, heç olmasa, bir şeir de, deyə bilmir. İndi bunun səbəblərini araşdırmaq lazımıdır”, – deputat iradını bildirib.

 

“65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı, 25 yaşlını saxlamıramsa, pis nazir oluram”

Nazir E.Əmrullayev çıxışlarla bağlı fikrini bildirərkən deyib ki, hazırda müəllim çatışmazlığı ilə bağlı problem yoxdur: “Bizim yeni məzun olacaq müəllimlər üçün də yerimiz var. Sadəcə əmək və musiqi müəllimləri istisnadır. Mən burada yaş amilini də nəzərə alıram. Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram. Datalara baxaq, bu gün müəllimlik ixtisasını bitirənlərin əksəriyyəti də işləmir, orta məktəbdə dərs demir. Ya ailə qurur, ya ixtisasını dəyişir”.

“Digər tərəfdən, deyirlər ki, vakansiyalar azdır. Amma bu, avtomatlaşmış sistemdir. Biz sistemdə kimin nə qədər maaş aldığını görürük. Kimin 65 yaşının gələn il tamam olacağını görürük. Nəzəri olaraq direktorun vakansiyaları gizlətmək imkanları çox məhduddur. Bizim məktəblərdə müəllimlərin sayı ilə siniflərin sayı arasında balans pozulur. Heç də həmişə çıxan bütün müəllimlərin yerinə vakansiya elan etmirik”, – deyə nazir əlavə edib.

 

Nazir: “Repititorlar başqa planetdən gəlməyiblər”

E.Əmrullayev növbəti beş illik planın üzərində işlədiklərini vurğulayıb: “Biz demirik ki, nəticə göstərə bilməyən müəllimləri günahkar hesab edəcəyik, onları işdən kənarlaşdıracağıq. Həmin müəllimlər işləyəcək, amma dərs deməyəcək. Məqsəd budur ki, aşağı nəticə göstərən müəllim şagirdə dərs deməsin”.

Repititorlarla bağlı məsələyə gəlincə, nazir deyib ki, onlar başqa planetdən gəlməyiblər: “Onlar eyni müəllimdirlər, şagirdlər də eyni şagirddir. Biz problemin kökünü axtarmalıyıq. Necə olub ki, məktəb müəllimi dərsdən kənarda daha yaxşı nəticə göstərir? Bu suala cavab tapmalıyıq”.

“Müəllimlərin işə qəbulunu keçirəndən sonra artıq tanışlıqla işə qəbul olmaq istəyənlər azalıb. Bu, birölçülü sistemdir. Mən sistemə o insanı götürürəm ki, imtahanı yaxşı verir. Mən yaxşı danışanı məktəbə götürə bilmirəm. Çünki o vaxt tanışlıqla, xahişlə işə qəbul olmaq istəyənlər artacaq. Biz də sistem olaraq çalışırıq ki, başımız ağrımasın. Sistemdə vahidlik yoxdursa, haqlı və ya haqsız adamlar həmişə nəsə istəyəcəklər. Vahid mexanizmdə isə bir mexanizm olur”, – deyə nazir qeyd edib.

 

Müəllif: Anar Bayramoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir