ders

Gələcəyin bəlası: diqqət əskikliyi və hiperaktivlik sindromu

Baxış sayı: 794

“Diqqətimi toplaya bilmirəm. Oxuyuram, amma anlamıram”. Bəzi uşaqlar öyrənməklə bağlı problemlərini bu cür səlis və aydın şəkildə ifadə edirlər. Əksəriyyət isə beynində nə baş verdiyini anlamır, amma nə isə bir problem olduğunu bilir. Çünki izləyir, oxuyur, amma öyrənə, yadda saxlaya, təhlil edə və qavraya bilmir. Bəziləri isə oxumağa, öyrənməyə heç meyl etmir, öyrəniləsi materiala qəti şəkildə maraq göstərmir. 

Çağın yeni bəlalarından biri də DƏHS -dir (Diqqət əskikliyi və hiperaktivlik sindromu). Yuxarıda sadaladığımız problemlər də məhz bu sindromun əlamətlərinin bir qismidir. Bu kimi hallar müşahidə olunduğu zaman dəqiq diaqnoz qoyulmadıqda və müalicə olunmadıqda uşağın həyatı həm özü, həm də valideynləri üçün günü-gündən çətinləşir.

Hər bir valideyn övladının diqqətli və bacarıqlı olmasını istəyir. Bu xüsusiyyətlərə mailk uşaq nizam-intizam sahibi olur, məktəb illərində, daha sonrakı akademik fəaliyyətində də uğurla addımlaya bilir. Amma diqqət əskikliyi, dağınıqlıq, hiperaktivlik öyrənmə fəaliyyətini çətinləşdirir.

 

Bəs bu problem nədən qaynaqlanır? DƏHS-in əsas əlamətləri nələrdir? Müalicəsi mümkündürmü? 

Uzman psixiatr Dr. Fuad Bəşirov mövzu ilə bağlı bir məqaləsində uşaqlarda kiçik yaşlarda ortaya çıxan diqqət əskikliyi və hiperaktivlik sindromundan ətraflı bəhs edir. O yazır ki, uşaqların kiçik yaşlarında ikən, xüsusən, 4 yaşa qədər müşahidə olunan həddindən artıq hərəkətliliyin normal inkişaf xüsusiyyətlərindən ayrılması çətindir. Diqqət əskikliyi və hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini büruzə verir. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalıcı olur. Yeniyetməlik və yetkinlik dövründə həddən artıq olan hərəkətlilik nisbətən azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox halda ömür boyu davam edir.

 

Uşaqda DƏHS olduğunu necə anlamaq olar?

Bu xəstələrin problemlərini əsasən diqqət əskikliyi, impulsivlik və hiperaktivlik olaraq qruplaşdırmaq olar.

Diqqət əskikliyi ilə bağlı qarşılaşılan problemlərə aşağıdakılar daxildir:

Detallara diqqət etməkdə çətinlik çəkmək, məktəb, iş və ya digər sahələrdə diqqətsiz yanaşaraq xətalara yol vermək;

Diqqət tələb edən işlərdə diqqəti davam etdirməkdə çətinlik çəkmək;

Başqaları ilə ünsiyyət zamanı dinləməkdə çətinlik çəkmək;

Məktəbdə ya da iş yerində verilən tapşırıqları bitirməkdə, verilən təlimatları izləməkdə çətinlik çəkmək;

Vəzifələri yerinə yetirməkdə və tədbirləri təşkil etməkdə çətinlik;

Uzun müddət zehni əmək tələb edən işlərdən yayınmaq və ya bu işlərə qarşı istəksizlik;

Şəxsi əşyaları itirmək (məsələn, oyuncaq, qələm, pozan, kitab və s.);

Diqqətin asanlıqla dağılması;

Günlük planlanan işləri unutmaq;

İmpulsivlik ilə bağlı yaranan problemlərə nümunə olaraq aşağıdakıları sadalaya bilərik:

Verilən sualı bitirmədən cavab vermək;

Sıra gözləməkdə çətinlik çəkmək;

Başqalarının işinə qarışmaq, ya da söhbəti bölmək;

Qısa zaman üçün zövq verən məşğuliyyətlərə meyillilik;

Hiperaktivliklə bağlı yaranan problemlərə nümunə olaraq isə aşağıdakıları sadalaya bilərik:

Bir yerdə sakit dura bilməmək, əl-ayağını tərpətmək;

Oturmaq lazım olan vəziyyətlərdə yerindən qalxmaq;

Ora-bura qaçmaq ya da narahatlıq hissi;

Boş zaman fəaliyyətlərini dinc şəkildə keçirməkdə çətinlik çəkmək;

Davamlı hərəkət halında olmaq;

Çox danışmaq;

Psixoloqlar texnoloji alətlərin, xüsusilə kompüter oyunlarının və telefonla uzun müddət məşğul olmağın yeni nəsildə hiperaktivlik, səbirsizlik və sıxılmaq hissini tətiklədiyini bildirirlər. Rəngli ekranlardan ayrılıb ağ-qara kitaba fokuslanmaq uşaq üçün çətinləşir. Digər tərəfdən, beynin maraq mərkəzini tətikləyən, sürətlə dəyişən rəngli görüntülər əvəzinə beyni çalışdırmaq, hansısa çalışmanın üzərində işləmək, problem həll etmək maraqsız hal alır. Amma bütün bunlar ailədə uşağın gündəlik məşğuliyyətlərinin nizama salınması ilə həll oluna bilər. Həmin intizamı təmin etmək çətinləşərsə, problemin daha dərin olduğunu anlamaq lazımdır.

 

DƏHS-in müalicəsi varmı?

Psixiatr qeyd edir ki, bu problemin müalicəsi var, amma hər uşaq üçün ideal müalicə üsulu fərqlidir.

Diqqət əskikliyi və hiperaktivlik sindromu olduğu düşünülən uşaq və yeniyetmələrin birinci olaraq psixiatr tərəfindən qiymətləndirilməsi çox vacibdir. Bu kimi hallarda psixiatrın uyğun gördüyü diqqət əskikliyi və hiperaktivlik sindromu müalicəsində istifadə olunan dərman ilə birlikdə psixoloq və düzgün ailə dəstəyi müsbət nəticələr verir. Bununla uşağın davranışı və performansı nəzərə çarpacaq dərəcədə müsbətə doğru dəyişir. Bunu təmin etmək üçün isə valideynlər və  müəllimlərin daima kontaktda olub uşağa birgə dəstək göstərmələri vacibdir.

Valideynlər adətən psixoloji problemlər zamanı uşaqların dərman qəbul etməsinə isti yanaşmırlar. Psixiatrın sözlərinə görə, DƏHS diaqnozu qoyulmuş uşaqların dərmanlarla müalicəsi onun məktəb fəaliyyətlərinə diqqətini toplamasına kömək edir, uşağın həyat keyfiyyəti hiss olunacaq dərəcədə düzəlir. Bundan başqa, uşağın impulsivliyinə nəzarət edərək davranış problemlərinin də düzəlməsinə kömək edir.

 

Müalicə olunmadıqda hansı qalıcı problemlər ortaya çıxır?

DƏHS olduğu halda psixiatr qəbulunda olmayan, diaqnozu qoyulub uyğun müalicə almayan uşaqlar gələcəkdə bir sıra qalıcı problemlərlə üzləşirlər.

Dr. Fuad Əliyev yazır ki, simptomlar müalicə ilə düzəldilmədikdə fərqli problemlərə yol aça bilərlər. Bunlara nümunə olaraq:

İmpulsivlik – ani özündən çıxma, əsəbləşən zaman özünü itirmə, zərərli vərdişlərə meyillilik, riskli davranışlar nəticəsində baş verən qəzalar.
Diqqət əskikliyi – zehni potensialından kifayət qədər istifadə edə bilməmək, dərslərində uğur qazana bilməmək, yaşıdlarından geri qalmaq, təhsilin yarımçıq və ya yetərsiz qalması.

Hiperaktivlik – məktəbəqədərki dövrdə həddən artıq hərəkətlilik, əsəbiliyin, yorğunluğun yaranması, yerində dura bilməmək, uzun müddət otura, diqqətini bir nöqtəyə cəmləyə bilməmək.

Psixiatr qeyd edir ki, diqqət əksikliyi neyrobioloji vəziyyət olduğu üçün müalicə edilməsə, bu, xəstəliyi müşahidə edən başqa psixiatrik xəstəliklər də yarada bilər. Diqqət əskikliyi olan uşaq məktəb əşyalarını və ya tapşırıqlarını tez-tez unutduğu, dərslərdə diqqəti dağılıb fikrə getdiyi üçün aşağı qiymətlər alır, qaydalara dözə bilməyib evdə və ya məktəbdə qaydaları pozduğuna görə davamlı olaraq xəbərdarlıqlarla üzləşir. Bu davranışlara görə daima cəzalandırılan uşaqlarda davranış problemləri və ya başqa psixiatrik pozuntular da yarana bilər.

Davranış pozuntusu böyüklərdə narkotik maddələrin istifadəsi kimi hallarla müşahidə oluna bilər. Bu durumda lazımi tədbirlər görülməsə, diqqət əskikliyi və hiperaktivlik sindromu olan insanın özünə güvəni azalar.

Həmçinin, diaqnoz zamanı bir çox pis vərdişlərin, məsuliyyətsizlikdən yaranan problemlərin, depressiyanın əsas səbəbinin bəzən DƏHS olduğu ortaya çıxır. Çox vaxt da müəyyən dərman müalicəsi ilə bu sindrom aradan qaldırıldıqda digər problemlər də zamanla öz-özünə həll olunur.

Diqqət əksikliyi olub, lakin bunu bilməyən, müalicə almayan insanlar böyük yaşlarda depressiyaya düşür, yaxud da  bir asılılıqdan qurtulmaq üçün həkimə müraciət etdikdə, bu vəziyyətin arxasında diqqət əskikliyinin olduğu aşkarlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir