aabuyuk

Gəlin, bir az da kişilərdən danışaq… – ANALİZ

Baxış sayı: 443

Kişilik, mövcud cəmiyyətə və dövrə görə dəyişə bilən sosial anlayışdır. Kişi olmaq normativ reallıq kimi qəbul edilib. Adətən, gender tədqiqatları da, əsasən, qadınlara və onların cəmiyyətdəki mövqeyinə yönəldilir, kişilərin vəziyyəti, problemləri və ya yaratdıqları problemlər unudulur.

Bir çox hallarda zorakılıq və kişilik arasındakı əlaqə zorakılığın kişiliyin sübutu kimi qələmə verilir. Kişilik ideologiyasının zəifləyəcəyi və ya hegemon xarakterini itirəcəyi qorxusu zorakılığa adət etdirir. Kişilər öz gücünü sübut etmək üçün zorakılığı bir vasitə kimi görür.

Kişilik uzun illər sosial araşdırmalarda araşdırılmayan, ictimai mövzularda toxunulmayan, müzakirə edilməyən qavram olub. Gender tədqiqatları daha çox qadınlar üzərində cəmlənir, halbuki gender bərabərliyi və haqları hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir. Buna səbəb qadınların tarixən cəmiyyətdə “qurban” mövqeyində olması kişiləri istər-istəməz zorakılıq göstərən tərəf kimi qələmə verir.

Qadın problemlərinin aktuallığı da genderlə bağlı araşdırmaların daha çox qadınlara yönəlməsinə səbəb olur. Bu səbəbdən də ölkəmizdə bu günə qədər kişilərə dair əsaslı araşdırma yoxdur. Bunda hegemon kişiliyin özünün müzakirə edilməsini istəməməsinin də rol oynadığı düşünülür. Çünki kişilik həm də gündəlik həyatımızda həmişə güclü, əyilməz simaları təcəssüm etdirir, onların zorakılığa məruz qalması, haqlarının pozulması kimi vəziyyətləri etiraf etmələri asan deyil.

Tarixi prizmadan qiymətləndirildikdə kişilər “əsl kişi” sayılmaq üçün bir çox hallarda həyatlarını riskə atmaq bahasına kişiliyini sübut etməyə çalışıblar və bu baxımdan “kişilik nədir?”, “kimə kişi deyirlər?” kimi suallar həmişə gündəmdə olub.

Kişilik konsepsiyasına aydın və dəqiq tərif vermək çox çətindir. Çünki kişilik anlayışı ön plana çıxdıqda, bu, kişilərin “təbii” vərdişləri və davranış nümunələri ilə bağlı olur. Bəzi kişilər zorakığılığı əsl kişilik hesab edir, bəzi kişilər ədaləti, bəziləri isə anlayışı. Ümumilikdə kişilik anlayışı hər fərddə fərqli assosiasiya yaratsa da, nəticədə bütün kişilər üçün əsl kişi olmağın yolu eyni yerdən keçir.

Ümumiyyətlə, gender anlayışı təkcə qadınların yox, həm də kişilərin haqlarının müdafiəsi, bərəbarliyinin təminatı deməkdir. Bəzən onlar da döyülür, söyülür, təhqir edilir. Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib. “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 112 olub. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.

Kişilərə qarşı zorakılıq kişilərə və ya oğlan uşaqlarına qarşı edilən zorakılıqdır. Ümumiyyətlə, kişilər tez-tez həm zorakılığın qurbanı, həm də zorakılığı tətbiq edən rolunda olurlar. Kişilərə qarşı cinsi zorakılığa əksər cəmiyyətlərdə qadınlara qarşı zorakılıqdan fərqli yanaşılır və beynəlxalq hüquq tərəfindən böyük ölçüdə tanınmır. Lakin kişilərin qadınlar tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması qəbul edilir. Kişilərə qarşı zorakılıq həm kişilər, həm də qadınlar tərəfindən törədilsə də, ABŞ Ədliyyə Statistikası Bürosunun məlumatlarına görə, kişilərin kişiləri öldürdüyü qətllər ümumi qətllərin 65,3%-ni təşkil edir.

Adətən, kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər artıq ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir. Əksər vaxtlarda kişilər potensial zorakılıq tətbiq edən hesab edilir. Bunu biz qadınlar əsasən, bioloji olaraq daha güclü olmaları ilə yozuruq. Bəzi hallarda kişilər ailədə daha çox “rəis”lik etmək və hər şeyi öz nəzarəti altına almaq istədikləri üçün zorakılıq tətbiq edirlər. Bəzi hallarda isə qazdıqları quyuya özləri düşürlər. Yəni onların hegemonluq istəyi özlərinin zorakılığa məruz qalmasına yol açır. Kişinin “rəis”liyindən, davranışlarından bezən qadın da ona eynilə davranır.

Başqa səbəblər də var, maddi vəziyyətin zəif olması, psixoloji vəziyyət, həyatından narazı olması və s. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir haldır. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa-olsun, hansı cinsdən olursa-olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır.

Kişi hökmranlığının qadınlarla yanaşı kişilərə də zərər verdiyi və onların bədbəxt olmasına səbəb olduğu aydındır. Kişilər bunu etiraf etmək istəməsələr də, əslində, fərqindədirlər ki, cəmiyyətdə kişiliyin hökmranlığı onlara baha başa gəlir. Həmişə güclü görünmək iddiası, hər şeyi öhdələrinə çəkmələri, hər işi əllərində cəmləmələri, bir sözlə, “rəislik” iddiaları onları yorur. Əslində, kişilər özü də qadınlara yaşatdıqları zorakılığın heç də doğru olmadığını daxilən hiss edirlər, lakin ətrafın kişilik standartları və stiqması onları bu yola itələyir. Kişilər dəyişmək üçün əzm etməlidir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir