Cəmiyyətimizdə hər gün müzakirə olunan mövzu bəlkə də qaynana-gəlin münasibətləridir. Təbii ki, söhbət problemli münasibətdən gedir. Əsrlərdir bitməyən gəlin qaynana “müharibəsi” hər birimizə bəllidir. Bu ənənəvi mövzudan o qədər çox danışılıb ki, haqqında yüzlərlə lətifə və hekayə yaranıb. Bəzən gülüşlə qarşılanan bu problem bir çox hallarda ailənin dağılması, hətta ölümlə də nəticələnir. Xüsusilə gəlin və qaynana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Gəlin və qayınananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Bir çox hallarda bu problemlərin mərkəz nöqtəsi evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayılır.
“Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır…” yaxud “Anam mənə tapşırıb ki, qayınananın ipini boş buraxma, yoxsa çıxıb başında oturar” ifadələrini “Qayınana” filmindən xatırlayırıq. Bu film gəlin-qayınana münasibətlərindəki ziddiyətləri, problemləri özündə əks etdirən ən yaxşı nümunədir. Qayınana gəlin arasındakı xoşagəlməyən münasibətlər bəlkə də azərbaycanlılar qədər digər millətlərdə yoxdur. Hər halda, bizdə vəziyyət daha kəskin xarakter alıb.
Son illərdə qayınananın gəlinini döyməsi, yaxud da gəlinin qayınanasına əl qaldırması kimi xəbərlər az deyil. Belə kriminal hadisələrdən biri Yeni il axşamı baş verib. Bakıda qayınana gəlini tərəfindən döyülüb. Döyülən qadın Cavadova Edeliya Cəlil qızı açıqlamasında bildirib ki, insidentə səbəb Yeni ili ailə üzvləri ilə bir yerdə keçirmək istəməsi olub: “Bayram axşamı üçün yeməklər bişirdim, gəlinimə dedim ki, Yeni ili öz evimizdə qarşılayaq. Bu zaman yumruqla elə vurdu ki, burnumdan qan açıldı. Daha sonra məni döyməyə başladı. Burnum sındı. Oğlum araya girən zaman onu da döydü.
Daha sonra qardaşına zəng etdi və evdə nə yeməklər bişirmişdimsə, hamısını yığıb, getdilər. Deyir, mən bu evin gəliniyəm, nə istəyirəm, edirəm. Oğlum onunla bacarmır”.
Edeliya Cavadova deyir ki, ailə həyatı qursa da, heç vaxt özünün doğma uşağı olmayıb: “Mən öz bacımın uşağını götürdüm, ana kimi baxdım. Övladlığa götürdüyüm oğlum evlənəndən gəlin bizimlə dolanmır. İndi heç kimim yoxdur ki, onun yanına gedim”.
Baş verənlərlə münasibət bildirən “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova zərərçəkən qadının sığınacağa müraciət etdiyini bildirir:
“Yaşlı qadın bizim sığınacağa gəlsə də, əvvəlcə onu polisə yönləndirdik. Bundan sonra ona hüququ baxımdan bütün dəstəklər göstərildi və daha sonra qadın ekspertizadan keçdi. Hazırda gəlin evdə olmadığı üçün qadın öz evinə qayıdıb”.
Sosioloq Lalə Mehralı isə bildirir ki, məsələnin tam aydınlaşdırılması, bütün tərəflərin rəyinin alınması vacibdir: “Əslində bu hadisə mənə inandırıcı gəlmədi. Yəni ki, bir qadının ərini döyməsi bizim cəmiyyət və mental dəyərlər üçün bir az fərqlidir. Amma ola bilər ki, hadisə deyilən kimidir. Ailənin içində olmadığımız üçün kənardan nələrisə analiz edə bilərik, fikir bildirə bilərik. Lakin hər iki tərəfin necə olduğunu dəqiq bilmədiyimiz üçün baş verənlər bizə bir qədər qaranlıq qalır. Ola bilər döyülən qadın nəyisə əskik və yaxud artıq deyir. Bu baxımdan birtərəfli şərh vermək məncə elə də etik səslənmir”.
Sosioloqun sözlərinə görə, qayınanasına və qayınatasına, hətta öz doğma anasına əl qaldıran insanlar var:
“Biz bunu həm fəaliyyətimizdə, həm ətrafımızda görmüşük. Həqiqətən də gəlinlər var ki, qayınananı və qayınatanı döyür. Əldən ayaqdan düşmüş bir insana fiziki zorakılıq tətbiq etmək, onu incitmək insanın alçala biləcəyi ən axırıncı pillədir. Ananın övladı və gəlini ilə Yeni il bayramını bir yerdə qeyd etmək istəməsi tamamilə normaldır. O, ailəliklə bir yerdə olmaq məqsədi ilə gəlinindən bunu istəyə bilər. Gəlinin də öz valideynləri ilə birlikdə bayramı qeyd etmək istəməsi başadüşüləndir. Yəni hər iki tərəfin istəyi tamamilə normaldır. Amma ümumi bir nəticəyə gəlmək lazım idi. Bəlkə ailələr birləşib bayramı bir yerdə qeyd edərdilər, yaxud gəlin atası evinə gedib sonra qayıda bilərdi. Bir sözlə bu məsələdə ortaq məxrəcə gəlmək mümkün idi”.
Zorakılığa məruz qalan gəlinlərin olduğu qədər, zorakılıq tətbiq edən gəlinlərin də olduğunu deyən sosioloq belə halların heç də xoşagələn olmadığını deyir:
“Belə bir məsəlimiz var, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Gənclər unudurlar ki, özləri də nə vaxtsa gələcəyin ahılı, yaşlısı, qocası olacaqlar. Bu gün gəlinliyini, kiçikliyini düzgün bacarmayan sabah böyüklük də görə bilməyəcək. Ona görə hörmət göstərmək lazımdır ki, hörmət sahibi də olasan. Ümumiyyətlə, yaşlı insanlarla həlim davranmaq lazımdır. Onlar ömürlərinin ikinci uşaqlıq çağını yaşayırlar. Kövrək, küsəyən olurlar. Onların nazı da təbii ki, öz övladlarına keçir.
Hazırda qocalar evində kifayət qədər ahıl insanlar var. Heç kim öz istəyindən gedib orada yaşamır. Hər kəs istəyər ki, ailəsi, uşaqları, nəvələri ilə bir yerdə yaşasın. İnsan qocalığını arzulayanda özünü nəvələrinin ətrafında şad vəziyyətdə təsəvvür edir. Heç kim qocalığını qocalar evində təsəvvür etməz. Gəlini tərəfindən döyülən ananın da halına çox pis oldum. Yaşlı insanın başına belə bir hadisə gəlibsə, bu hamını üzür. Nə olur-olsun, bir qadına əl qaldırmaq həmin insanın alçala biləcəyi ən son pillədir”.
Yeganə Bayramova