internet

Gənc qızlar evdən niyə qaçır?

Baxış sayı: 1. 780

Son vaxtlar gənc qızların evdən qaçma halları geniş vüsət alıb. Xüsusən də 15-20 yaş arası qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Görünür, yetkinlik dövrünü yaşayan gənclər üçün ailələrin, cəmiyyətin, məktəbin qoyduğu qaydalar və təzyiqlər bəzən onların səbrini daşdırır və onlar bu qaydalardan can qurtarmaq üçün evdən qaçmağı bir həll kimi görürlər.

Mütəxəssislərin fikrincə, evdən qaçma ailəylə razılaşa bilməmə, evdəki gərginliklər, ailədə psixiatrik problemlər, təzyiqlər, mübahisələr, narahatlıqlar, spirtli içki qəbulu, zorakılıq qaynaqlı səbəblərlə meydana gəlir. Yoldaşlar arasında olan təzyiqlər, məktəbdəki problemlər, maddə istifadəsi, cinsi zorakılığa və istismara məruz qalmaq və bunu ailəylə paylaşa bilməmək də buna səbəb ola bilər.

Related image

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bütün bu problemlərin kökündə duran cəmiyyətin mənəvi proseslərə biganə olmasıdır. O deyib ki, dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb: “Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Bizim diqqətimiz isə azalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı, internet, televiziyadan yayımlanan əxlaqsız filmlər və şit verilişlər də var. Bütün bunlar da bugünkü Azərbaycan gəncini çox az yaşından mənəvi aşınmaya məruz qoyur. Sorğu keçirilsə, aydın olar ki, depressiyaya düşənlərin əksəriyyəti internet asılılığına düçar olanlardır. Bu daha çox internetin gətirdiyi bəladır.

Image result for lalə mehralı

Dəfələrlə bu cür vəziyyətlərə şahid olduğumuzu vurğulayan sosioloq Lalə Mehralı isə belə düşünür:

“Dəfələrlə olub ki, valideyn qızını qaçırıblar deyə iddia edib, amma araşdırmalar zamanı qızlar tapılıb və məlum olub ki, öz istəkləri ilə evdən gediblər. Yetkinlik yaşına çatmayan qızların evdən qaçmasının ailədə çox sıxıldığı, oxumaq istədiyi, sevdiyi adamla birlikdə yaşamaq istəyi və oxşar bir neçə səbəbi var. Amma ən mühüm səbəblərdən biri qızların valideyn nəzarətindən uzaq telefon və internet ünsiyyətinin olmasıdır. 10 yaşından etibarən əksər uşaqların mobil telefonu var və internetə rahat çıxışını elə ailəsi təmin edir – evə limitsiz internet xətti çəkdirərək.

Valideyn uşaqla istədiyi vaxt əlaqə yarada bilmək, dərslərində onlayn dərs proqramlarından istifadə edə bilmək üçün internet və telefonla təmasını asanlaşdırır, lakin bu həmişə valideyn istədiyi formada qalmır.

Virtual məkanda uşaq oğrusu da var, təcavüzçüsü, manyakı da. 10-13 yaşlı uşaqların facebook, instaqram, youtube hesabları var, istədiyi ilə söhbət edə bilir, hətta görüntülü danışa bilir. Məncə, bu dəfə evdən qaçan qızlar da internetlə əlaqə yaratdığı əks cinslə birlikdədirlər. Bundan əvvəlki hadisələrdə də belə olmuşdu, bu dəfə də fərqli nəsə gözləməyək. Ümid edirəm başlarına pis hadisə gəlməmiş polis onları tapa biləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir