gezmek

Gəzinti cavanlaşmağa kömək edir?

Baxış sayı: 971

Gəzinti ən asan və ən təbii fiziki fəaliyyətdir. Heç bir alətə və ya cihaza, şərtlərə və hətta xüsusi geyim formasına ehtiyac duyulmur. Bəs həqiqətən sağlamlıq üçün gündə 10 min addım getməliyik? Gəzinti cavan qalmağa kömək edirmi?

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 1 saylı Xəstəxana Cərrahiyyəsi kafedrasının professoru Yevgeniya Açkasova bu suala cavab verib. Ekspert qeyd edib ki, əslində 10 min addım orta statistik rəqəmdir. Ancaq nə qədər yeriməli olduğunuzu öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır:

“Birinin gündə 5 min addım, digərinin 10 min, kiminsə 15 min addım getməsi lazımdır. Hər şey insanın hazırlıq səviyyəsindən və bədənin hansı ehtiyatlara sahib olmasından asılıdır. Bəziləri isə daha az addımla başlamalı və məsafəni tədricən artırmalıdır”.

Hesab olunur ki, 10 min addım – təxminən bir saat gəzinti ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ən yaxşı fiziki fəaliyyətdir. Ancaq mütəxəssis bildirib ki, məsafə ilə yanaşı temp də vacibdir. Sürətlə gediriksə, daha çox kalori itirilir, yəni artıq çəki getməyə başlayacaq. Eyni zamanda, istənilən fiziki fəaliyyətin: qaçış, velosiped sürmə və ya gəzintinin öz müsbət və mənfi cəhətləri olduğunu vurğulayıb:

“Burada əsas olan hərəkət etməkdir, kimə hansı metodun uyğun olması individualdır. Kimsə gəzməli, kimsə qaçmalı, kimsə “Skandinaviya gəzintisi”nə çıxmalıdır. Gəzməyin aşkar faydaları diz oynaqlarında şok yükünü aradan qaldırmasıdır. Gəzinti daha az təlim görmüş insanlar üçün uyğundur. Gəzmək üçün idman zalı və ya oyun meydançasına ehtiyac yoxdur. İstər işə, istər işdən evə yerimək, istərsə də lift əvəzinə pilləkənlərlə qalxmaq – bunlar hamısı özümüz üçün təşkil etdiyimiz bir növ xüsusi təlim deyil, eyni zamanda lazımi fəaliyyətlərdir”.

Mütəxəssis qeyd edib ki, gəzməyin əsas faydası ürək-damar xəstəliklərinin qarşısının alınması, eyni zamanda hipokinesiya və hərəkət çatışmazlığı ilə mübarizədir:

“Gəzinti xüsusilə şəkərli diabet xəstələri, tənəffüs yolları xəstəlikləri olanlar üçün uyğundur. Həm də bədən çəkisini tənzimləmək üçün faydalıdır. Gündəlik fiziki fəaliyyət insanın bioloji yaşını azaldır. Mütəmadi olaraq gəzməyə başlamaq üçün yaxşı motivasiyaya ehtiyacınız varsa, bir neçə aydan sonra vücudunuzun sözün əsl mənasında cavanlaşacağını düşünün. Evdə oturub az hərəkət etdikdə bədənin yük toleransı azalır və vücudumuzun funksional göstəriciləri baxımından yaşlanırıq, bioloji yaşımız yüksəlir. Əhvalınızın yaxşı olması üçün hərəkət etməyin və emosional fonu artırmağın vacib olduğu sübut olunub”.

 

Gəzinti sağlamlığı yaxşılaşdıra bilərmi?

 

Gəzmək qaça bilməyən insanlar üçün çıxış yoludur. Məsələn, üçüncü dərəcə və ya daha çox piylənmə, eləcə də əzələ-skelet sistemi xəstəlikləri olan insanlar üçün.

 

Gəzintini nə ilə əvəz etmək olar?

1. Kök uşaqlar üçün mütəxəssis rəqs etməyi və kompüter oyunlarını tövsiyə edir.

2. Yaşlı insanları kollektiv fəaliyyətlərlə aparmaq daha asandır – qonşularınızdan bir qrup həvəskar toplayın və birlikdə gəzin, bir-birinizi dəstəkləyin, gəzinti zamanı ünsiyyət qurun. Bundan əlavə, yaşlı insanlar tez-tez ünsiyyətdən məhrum olur, odur ki, kollektiv gəzinti ikiqat effektivdir: əhval-ruhiyyəni, eyni zamanda sağlamlığı yaxşılaşdırır.

3. Evdar qadınlara qeyd: Həkimin sözlərinə görə, intensiv ev təmizliyi kalori xərclənməsi və əzələ işində fitnes klubundakı məşqə bərabərləşir.

 

Harada gəzmək olmaz?

Sıx avtomobil yollarının yaxınlığında hər hansı fiziki fəaliyyət zərərlidir. İşlənmiş qazları udmamaq üçün parkları, stadionları seçmək daha yaxşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir