Gecə qıcolmaları çox yayılmış simptomdur.
Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər. Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin.
Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.
Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.
Ayaqlarda qıcolmaların səbəbləri arasında:
– Əzələ yorğunluğu (müxtəlif səbəblərə görə)
– Yastıpəncəlik
– Gün ərzində çox oturmaq və ya çox ayaq üstə qalmaqla bağlı olan iş fəaliyyəti (satıcılar, müəllimlər, cərrahlar və s.).
Əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar (kalium, kalsium, maqnezium və natrium) lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur. Belə pozulmalar şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı sidik ifrazı kəskin artır ki, nəticədə minerallar orqanizmdən yuyulur. Bu isə qıcolmalara səbəb olur.
Qalxanvari vəzi fəaliyyəti pozulmaları zamanı da maddələr mübadiləsində ciddi pozulmalar yaranır ki, xəstədə gecə saatlarında qıcolmalar olur.
Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq orqanizmdə müxtəlif maddələrin defisitini yaradır. Bu isə qıcolmalara gətirib çıxarda bilər.
Ayaqlarda sinirlərin zədələnməsi qıcolmalara səbəb ola bilər.
Varikoz xəstəliyi gecə qıcolmaların əsas səbəblərindən biridir.
Bəzi dərman preparatların qəbulu da gecə qıcolmalara səbəb ola bilər. Məsələn, arterial təzyiqini salan preparatların əksər hissəsi sidikqovucu təsirə malikdir. Sidiklə birlikdə orqanizm kaliumu da itirir ki, nəticədə bu qıcolmalara səbəb ola bilər.
Hamiləlik zamanı da qadınlar tez-tez gecə qıcolmalardan əziyyət çəkir. Məsələ burasındadır ki, hamiləlik zamanı dölün skeletinin formalaşması üçün ananın orqanizmində kalsium götürülür. Bu isə ana orqanizmində kalsiumun azalmasına və nəticədə qıcolmalara səbəb olur. Bu səbəbdən qadın hamiləlik zamanı kalsiumla zəngin olan məhsulları daha çox qəbul etməlidir.