Valideynlərdən tez-tez belə şikayət eşitmək olar: “Mən əlimə telefonu alan kimi, uşaq başlayır ağlamağa”. Doğrusu, bu mənzərə mənə də çox tanışdır. Müasir valideynlər bu məqama diqqət verməsələr də, uşaqlarının kaprizlərinin artması, daha ağlağan olması açıq aydın görsənir. Nə baş verir, niyə uşaqlar ananın telefonda yazışmalarına, başqaları ilə söhbət etməsinə bu cür qısqanclıqla reaksiya verirlər?
Uşaqlar körpəlikdən müxtəlif yollarla anaya öz bağlılığını bildirir. Körpə ağlamaqla yalnız ac olduğunu deyil, anaya ehtiyac duyduğunu, onun istiliyini, iyini hiss etmədən qorxu və həyəcan keçirtdiyini göstərir. Ananın vaxtında körpəsinin bu tələbatlarının ödəməsi, uşağın daha rahat olmasına və böyüdükcə formalaşan inam hissinin yaranmasına səbəb olur. Əksinə, diqqət görməyən, “qucağa alışar” deyə ana istiliyinə həsrət qalan uşaqlar, daha həyəcanlı, qorxaq və anaya asılı olan böyüyürlər. Onlar ananın hər addımını izləyir, “ana gedər” deyə, ağlamaqla və kapriz etməklə ananı özlərinə bağlamaq istəyirlər. Çox təəssüflər olsun ki, valideynlər uşaqların davranışının əsl səbəbini anlamayaraq, onlara qarşı daha ciddi yanaşma istifadə edir, uşaqları cəzalandıraraq özlərindən daha da uzaqlaşdırırlar.
Bütün ayırma üsülu ilə bağlı olan cəza metodları yalnız və yalnız uşaqları daha da aqressiv olmalarına gətirir. Bura küncə qoymaq, “düşünmək üçün” otaqda bağlamaq, “get, mən sənin anan deyiləm”, “mən səninlə daha danışmıram” ifadələri, ağlı başına gəlsin deyə oturacağa oturtmaq və s . üsülları aid etmək olar. Bəlkə də istifadə etdiyiniz üsul işlədi, ola bilsin ki, uşaq sizin istədiyinizi yerinə yetirdi, amma gələcəkdə bütün uşaqlıqda yaşananlar yığılıb artıq yeniyetmə dövründə öz əksini tapacaq və valideynlərin uşaqlıqda istifadə etdikləri üsullar bir fayda verməyəcək. Biz uşaqları anlamaq, onların yaş xüsusiyyətlərini nəzərə almaq əvəzinə, onlardan öz yaşlarına uyğun olmayan hərəkətləri tələb edirik, 3-4 yaşlı təzə dil açan, düşüncəsi emosiyalar və hisslər üzərində qurulan uşaqlardan bizi başa düşmələrini istəyirik. Biz böyüklər artıq özümüzü düşüncəli hesab edirik, amma uşaqlara qalanda özümüzü uşaq kimi aparıb, onlardan bacarmadıqları, hələ beyinlərində formalaşmaqda olan şeyləri tələb edirik. Uşaqların bizdən istədiyi sevgi, qayğı və yaşamaq üçün əminli bir mühitin olmasıdır. Yalnız belə bir mühitdə uşaqlar hərtərəfli öz yaradıcılığını büruzə verib, sərbəst oyun fəaliyyətində öz istədiklərinə nail ola bilər.
Əgər valideyn evdə telefon söhbətlərinə və ya digər işlərə daha önəm verirsə, uşaq bunu hiss edir. Bu uşaqda qısqanclıq hissi oyadır. Uşaqlar müxtəlif hərəkətlərlə diqqət cəlb etməyə çalışır. Ağlamaq da onların istifadə etdiyi əsas üsuldur. Əgər valideyn (adətən ana) əvvəlcədən bunu görüb, uşağın könlünü almırsa, bir müddətdən sonra bu davamlı kaprizlərə çevrilir. Qonaq gəldiyi zaman biz uşaqların daha həyacanlı olduğunu hiss edirik. Təbii ki, bu hal uşaqlarda eyni hissləri oyadır. Bu o demək deyil ki, qonaq qəbul etmək olmaz, sadəcə olaraq baş qarışıq olsa belə, uşaqlarımızı unutmayaq, arada bir olsa belə onları səsləyib, qucaqlamaq, öpmək, onların hətta bu qədər qonaq içində unutmadığımızı göstərmək, onların bizə yaxınlaşıb söz soruşduğu zaman, “mən məşğulam, sözünü yadda saxla sonra deyərsən”, “görmürsən, mən söhbət edirəm, böyüklərin sözünü kəsmək olmaz” kimi ifadələrlə uzaqlaşdırmayaq. Uşaqlar çox həssasdır və bizim həyatımızda önəmli olduqlarını hiss etmək onların özünəinam və özünəqüvən hisslərinin formalaşması üçün çox vacibdir.
Biz böyüklər, öz yaxınlarımızın telefonda ünsiyyətlərinə çox həssas yanaşırıq. Çünki bizdə də eyni ilə sevgi və diqqət istəyirik. İndi bir anda uşaqlarımızı təsəvvür edin: Uşaqlarnan hər gün səhər vaxtlarında gəzintiyə çıxardıq. Uşaqların adətən oyun oynadıqları yerdə həmişə dayəsi ilə bir qız uşağı gələrdi. Onun uşaqlarla oynamağa meyl etməsi aşkar görünürdü. Bir gün uşaqlarla axşam gəzməyə çıxdıq. Oyun yerində eyni qıza rast gəldik. Bir az sonra telefonla danışan anasının gəldiyini gördüm. Uşaq sevincək anasının yanına qaçaraq onu qucaqlamaq istədi. Ana isə sanki uşağı görmür deyə söhbəti davam edirdi. Bu qız uşağı ananın ətrafında elə dolanırdı, “ana” sözü ilə bir neçə dəfə səslənirdi, ananın isə söhbəti qurtarmaq bilmirdi. Bilmirəm nə qədər vaxt keçdi, uşaq ananın çox məşğul olduğunu görüb oyiununa qayıtdı. Uşağa çox yazığım gəldi. Bu qızı mən çoxdandan bəri müşahidə edirdim. Onun kədərli gözlərini, mehriban davranışa və qayğıya necə ehtiyac duyduğunu indi daha yaxşı anlayırdım.
Uşaqlar bizdən sevgini görmədikləri zaman həmən özlərinə başqa birisini, ən pis halda isə bir obyekt axtarırlar. Bu ev heyvanı, hansısa oyuncaq, hansısa əşya və s. ola bilər. Tanıdığım bir qız uşağı ananın ona kifayət qədər vaxt ayırmaması səbəbilə mebel əşyalarını öpərdi. Bu gülməli gəlsə də, amma uşağın sevgiyə necə ehtiyac duyduğu anlaşılır. Digər bir uşaq öz yumşaq əl çantasından ayrılmazdı. Bütün bunlar bizə bir göstəricidir. Əgər münasibətlər yaxşı qurulub, ana-övlad bağlılığı düzgün qurulubsa, onda sevilən oyuncaqlarda problem yoxdur. Amma əgər münasibətlər sağlam deyilsə uşaq mütləq əvəzedici bir obyekt axtaracaq. Uşaqlarla münasibətlərinizə diqqət verin, onlar şəxsiyyət kimi böyüyüb yetişməyə, bu həyatda onlara verilən fitrət üzərə, öz daxili potensiallarını birüzə vermək üçün doğulub, bizim əmirlərimizi yerinə yetirmək üçün deyil. Biz bir valideyn kimi onları sevgimizlə əhatə edib, istiqamətləndirən və böyümələri üçün sağlam mühit yaratmalıyıq. Nəyə biz önəm veririk, gələcəkdə onlar da ona önəm verəcəkdir.
Gülarə Rüstəmova