sud

Gigiyena qaydalarına əməl olunmadan satılan süd və süd məhsullarının yaratdığı təhlükələr nələrdir?

Baxış sayı: 516

Paytaxtda son illər artmaqda olan problemlərdən biri küçələrdə, yol kənarlarında və bəzi bazarlarda heç bir gigiyena normasına əməl edilmədən süd və süd məhsullarının satışa çıxarılmasıdır. Bu cür satış nöqtələri adətən nə xüsusi avadanlıqlarla təmin olunur, nə də məhsulların saxlanma və daşınma şəraiti ilə bağlı tələblərə cavab verir. Süd məhsullarının temperatur rejiminə həssas olduğu nəzərə alınsa, açıq havada gün altında və ya qeyri-steril qablaşdırmada satılması bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir.

Satışa çıxarılan məhsulların əksəriyyətində istehsal tarixi, tərkib məlumatı və sertifikatlaşdırma sənədləri təqdim olunmur. Bu kimi hallarda məhsulun hansı şəraitdə hazırlandığı, saxlanıldığı və nə dərəcədə təhlükəsiz olduğu bilinmir. Nəticədə istehlakçılar keyfiyyətsiz və ya çirklənmə riski yüksək olan süd məhsullarını alaraq özlərini ciddi sağlamlıq təhlükəsi qarşısında qoyurlar. Temperaturun düzgün qorunmaması süd məhsullarında patogen bakteriyaların sürətlə çoxalmasına gətirib çıxara bilər ki, bu da qida zəhərlənmələri, salmonellyoz kimi infeksiyalar və müxtəlif həzm sistemi pozuntuları ilə nəticələnə bilər. Bəzi hallarda məhsulun su ilə qarışdırılması və ya keyfiyyətsiz xammalın istifadəsi kimi hallar da müşahidə olunur ki, bu da sağlamlıq risklərini daha da artırır.

Bu tip qeyri-qanuni satışların davam etməsinin əsas səbəbləri arasında qiymətlərin nisbətən aşağı olması, istehlakçıların bir qismi arasında “təbii və kənd məhsulu” kimi təsəvvür yaradılması, həm də nəzarət mexanizmlərinin bəzi hallarda yetərincə səmərəli işləməməsi dayanır. Kiçik fermer və ya şəxsi təsərrüfat sahibləri də bəzən məhsulu rəsmiləşdirmək, laborator analizlərdən keçirmək və sertifikat almaq üçün lazım olan prosedurları çətin və baha hesab etdikləri üçün qeyri-rəsmi satışa üstünlük verirlər.

Süd və süd məhsullarının gigiyena və keyfiyyət standartlarına uyğun şəkildə satışa çıxarılması həm ictimai sağlamlığın qorunması, həm də qida bazarında etibarlılığın yüksəldilməsi üçün zəruridir.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir