HEKIM

Ginekoloq seçərkən nələrə diqqət etməli? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 1. 569

 “Gencaile.az” Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edir.

 

Ginekoloqunuz sağlamlığınızla əlaqədar ən önəmli tərəfdaşınızdır. İndiki zamanda ginekoloqların vəzifəsi sadəcə qadınların reproduktiv sistem və cinsi sağlamlığını kontrol etmək və ola biləcək problemləri aradan qaldırmaqla məhdudlaşmır. Əsas vəzifələri bu olmaqla yanaşı, ginekoloqunuz Sizin digər sistemlərinizlə bağlı ola biləcək problemləri təyin edən və lazımi göstərişləri verən, sağlamlığınıza birinci dərəcədə cavabdeh olan səhiyyə işçisidir. Bu səbəbdən modern ginekoloq öz sahəsindən kənar qalan mövzulardan uzaq qalmamalı, ümumi tibb sahəsindəki yenilikləri də təqib etmək məcburiyyətindədir.

Sağlamlığınız mövzusunda bu qədər böyük bir önəmə sahib olan və çox zaman valideynləriniz, hətta həyat yoldaşınızla paylaşa bilmədiyiniz sirlərinizə ortaq olacaq ginekoloqunuzu seçərkən xüsusi diqqət göstərməlisiniz.

Müasir və şüurlu bir XXI əsr qadınının müntəzəm olaraq ziyarət etdiyi bir ginekoloqu olmalıdır. Ginekoloqunuz həyatınızdakı ən önəmli insanlardan biri olacaq. Özünüzə ginekoloq seçərkən təbii olaraq ilk edəcəyiniz iş qohum və tanışlarınızla məsləhətləşməkdir. Bu olduqca ağıllı bir yanaşmadır. Bir çox tanışlarınızın fərqli ginekoloqları var və onların hər biri öz ginekoloqunun ən yaxşı olduğunu qeyd edir. Bu deyim böyük ehtimalla doğrudur. Çünki önəmli olan həkim ilə qurulan və ya qurula bilən dialoqdur. Lakin burada hər bir şəxsin quruluşu və gözləntilərinin bir – birindən fərqli olması yaddan çıxarılmamalıdır. Eyni həkim ilə yoldaşınızın çox yaxşı münasibət qura bilməsinə baxmayaraq, sizinlə bu münasibət yaranmaya bilər. Bu səbəbdən dostlarınızın tövsiyəsi seçim etməyinizə təsir edəcək tək faktor olmamalıdır.

 

Güvənmək

Özünüzə hər hansı bir mövzuda ortaq axtaran zaman ilk diqqət edəcəyiniz mövzu qarşınızdakı insanla qənaətbəxş əlaqə qurub-qurmamanız, ona inanıb-inanmamanızdır. Ginekoloqunuz da Sizin sağlamlığınız mövzusunda ortağınız olduğu üçün eyni prinsip burada da keçərlidir.

İlk qayda olaraq ginekoloqunuzun yanında özünüzü rahat hiss etməli və ona həqiqətən inanmanızdır. Bu, çox önəmli faktordur. Çünki həkiminizin müalicənizlə əlaqədar verəcəyi qərarlar sağlamlığınızla birbaşa əlaqəlidir. İnanmadığınız bir insanın göstərişlərinə əməl etməkdə çətinlik çəkə bilərsiniz. Bu hal sağlamlığınızla bağlı problemlərə yol aça bilər. Həkiminizin dediklərinizə inanmadığı və ya önəm vermədiyi kimi hissiniz varsa, aranızda güvən problemi var deməkdir və bu, normal həkim-xəstə münasibəti ilə nəticələnə bilməz. Bu problemi müzakirə edərək həll edə bilərsiniz. Həll edə bilmədiyiniz halda o ginekoloq Sizin üçün uyğun deyil. Keyfiyyətli tibbi xidmət ala bilmək üçün ilk şərt həkiminizə güvənməkdir.

 

Peşə təcrübəsi

Təbii olaraq sağlamlığınız, ya da hamiləsinizsə, körpənizin sağlamlığı üçün ən yaxşısını istəmək haqqınızdır. Bu səbəbdən müxtəlif şəkildə ginekoloqunuzun peşə təcrübəsini araşdıra bilərsiniz. Həkiminizin peşə təcrübəsi haqqında qərar verərkən bəzi məsələlərə diqqətlə yanaşmalısınız. Tibb yüksək sürətlə inkişaf edən elmlərdən biridir. Bu inkişafın nəticəsi olaraq hər tibb sahəsi daha da kiçik sahələrə bölünmüş və bəzi həkimlər daha da ixtisaslaşaraq təcrübələrini artırmışlar. Qadın xəstəlikləri və doğum sahəsində şaxələnmənin ən bariz nümunəsi xərçəng və reproduktiv sağlamlıqdır. Xüsusi maraq, təhsil və təcrübə lazım olan bu mövzularda hər bir ginekoloqun söz sahibi olması gözlənilməməlidir. Bilavasitə ginekoloqunuzun bu tip suallarınızın olduğu halda Sizi başqa bir ginekoloqa göndərməsi onun pis və ya yarımçıq həkim olması mənasına gəlməməlidir. Buna bənzər müəyyən suallarınızla əlaqədar həkiminiz digər həmkarları ilə fikir mübadiləsi apara və ya onlardan kömək istəyə bilər. Bu tip yanaşmalar ən çox qrup halında çalışılan klinikalarda aparılır və bu tipli konsultasiyalar həkiminizin yetərsizliyi yox, Sizin sağlamlığınıza verdiyi önəm və dəyərdir.

 

Məktəb fərqi

Tibb bir elm olaraq digər pozitiv elm sahələrindən fərqlidir. Eyni nöqtəyə aparan müxtəlif yollar vardır və bu yollar çox zaman doğru yollardır. Buna məktəb fərqi deyilə bilər. Eyni və ya oxşar xəstəliklər üçün müxtəlif həkimlərin fərqli müalicə üsulları ola bilər. Bu yanaşmaların hər biri düzgün ola bilər. Ginekoloqunuzu seçərkən seçim etdiyi məktəbin Sizin gözləntilərinizlə üst-üstə düşməsinə fikir verməlisiniz. Məsələn, Siz problemlərinizdən qurtulmaq üçün əməliyyatı ən son çarə kimi gördüyünüz halda, həkiminiz daha çox cərrahi təmayüllü məktəbi bitirmişsə, aranızda narazılıq ola bilər. Ya da əksinə, Siz əməliyyatı çarə olaraq gördüyünüz halda həkiminiz tibbi müalicə və ya gözləmə mövqeyini seçə bilər. Məktəb fərqi olduqca həssas mövzudur. Hər nə olursa olsun burada qeyd edilən fərq bəzi həkimlərin zorla əməliyyat etməsi kimi başa düşülməməlidir. Peşəsinə və insanlara hörmət edən heç bir həkim daha asan və az riskli bir müalicə alternativi olduğu halda əməliyyat və ya buna oxşar müalicə üsullarını məsləhət etməz.

 

Yanaşma

Həkiminiz sizi sorğu-sual edir, problemlərinizi dinləyir, ya da sizə qulaq asmaqda istəksizdir və ya çox məşğuldur? Tezliklə sizin müayinənizi bitirib digər xəstəni müayinə etmək istəyi var kimi görünür? Sizin şikayət və narahatçılığınızı öyrənmə istəyi var, yoxsa avtoritar rəftar göstərir?

Bunlar mütləq vacib faktorlardır. Halınız və xəstəliyinizi öyrənmək, səbəbləri, müalicə alternativləri, bunların riski, xeyir və müvəffəqiyyət göstəriciləri haqqında məlumat almaq bir xəstə kimi haqqınızdır. Mənasız və ya gülməli olduğunu fikirləşsəniz belə, hər bir sualı həkiminizdən düşünmədən soruşa bilərsiniz. Həkiminizə sual verərkən hər hansı səbəbdən çəkinməməli və ya qorxmamalısınız. Xəstəliyinizlə bağlı istənilən mövzunu həkiminizlə müzakirə edə bilməlisiniz. Həkiminizin bu mövzudakı fikirlərindən hiss etdiyiniz məmnunluq hissi ginekoloqunuzu seçmənizdə önəmli rol oynamalıdır.

 

İnformasiya

Həkiminizin Sizin başa düşəcəyiniz formada danışması çox vacibdir. Həddindən artıq qarışıq, tələffüz edilməsi çətin olan tibbi terminlər fikirlərinizi qarışdırmaqdan başqa bir işə yaramaz. Həkiminizlə danışarkən onun nə dediyini anlamalısınız. Həkiminiz tibbi termindən istifadə edirsə, mütləq onun mənasını Sizə izah etməlidir.

 

Həkimlə əlaqə

Hər bir kəs həkiminin ona ən önəmli xəstə kimi yanaşmasını istəyir. Bu, əksər hallarda başa düşülən, qəbul edilən və xoş qarşılanan bir arzudur. Bu arzu və gözləntiniz hər hansı bir səbəblə həkiminizlə əlaqə yaratmaq istədikdə ortaya çıxır. Kommunikasiya dövrü adlandırılan indiki zamanda ehtiyac olduğu halda həkiminizlə əlaqə yarada bilməlisiniz. Mövzu Sizin sağlamlığınızdırsa, zaman, məkan qavrayışı aradan qalxır. Əgər siz uşaq gözləyirsinizsə, bu, daha kritik hal alır. Həkiminizə nə vaxt ehtiyacınızın olması əvvəlcədən bəlli olmaz. Bu səbəbdən hər dəfə ehtiyac olanda ginekoloqunuzla telefon, mobil telefon və ya e-mail adresi ilə əlaqə saxlamalı və cavab almalısınız. Bəzi kiçik problemləri xəstəxanaya getmədən əlaqə yaradaraq həll edə bilməlisiniz. Qadınların böyük bir qisminin işlədiyi günümüzdə zaman çox dəyərlidir.

 

Maddiyyat

Mövzu maddi vəziyyət olarsa, xəstəxana daha çox önəm daşıyır. Xüsusən doğuş, qeysəriyyə kəsiyi əməliyyatı və ya başqa bir cərrahi müdaxilə aparılacaqsa, bu, daha çox önəm qazanır. Cərrahi müdaxilədə planlar müsbət deyil, mənfi cəhətlər üzərində qurulmalıdır. Qadın xəstəlikləri və doğuş şöbəsində aparılan cərrahi müdaxilələrin əksəriyyəti hər hansı bir problem olmadan başa çatır. Bu halda xəstəxananın fiziki və tibbi şərtlərinin birinci dərəcəli önəmi yoxdur. Lakin bir problem olduğu halda bu faktor ön plana çıxır. Bu səbəbdən xəstəxananın fiziki şərtləri, təcili hallarda konsultasiyanın aparıla biləcəyi əsas şöbələrin 24 saat aktiv olması, əməliyyatxanaların 24 saat daimi çalışması, 24 saat fəaliyyət göstərən laboratoriyanın olması, böyük və uşaq reanimasiyası kimi şöbələrinin olması həyat xilas edici ola bilər. Bu xüsusiyyətlər xəstəxana xərcini təyin edən əsas faktorlardır. Xəstəxana seçərkən otel xidməti ən sonda nəzərə alınmalıdır.

 

Nəticə

Nəticə olaraq sağlamlığınızı təslim etdiyiniz ginekoloqunuzu seçərkən aşağıda sadalanan suallara cavab axtarmalısınız:

 

– Həkiminizin yanında özünüzü rahat hiss edirsiniz?

– Suallarınızı istədiyiniz kimi ifadə edə bilirsiniz?

– Sizi narahat edən sualları çəkinmədən verə bilirsiniz?

– Həkim vəziyyətiniz haqqında sizə kifayət qədər və başa düşəcəyiniz dildə məlumat verir?

– Lazım olduğu halda həkiminizlə telefon və ya e-mail vasitəsi ilə əlaqə yarada bilirsiniz?

– Müayinədən sonra heç bir narahatçılığınız olmadan evinizə qayıda bilirsiniz?

 

Əgər bu sualların çoxuna “ bəli ” cavabı verə bilirsinizsə, bu, özünüzə düzgün ginekoloq seçmisiniz deməkdir.




1 şərh “Ginekoloq seçərkən nələrə diqqət etməli? – MÜTƏXƏSSİS YAZIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir