kosmetika

Glamour: Ölüm saçan gözəllik

Baxış sayı: 887

Kosmetika sadəcə gözəlləşdirmir, həm də zəhərləyir. Deyirlər, çirkin qadın yoxdur, sadəcə özünə baxmayan qadın var. Bütün hallarda hər bir qadın gözəl görünmək istəyər. Ən azından özünə inam hissini artırmaq üçün.

Çox məşhur olan başqa bir deyim də var. “Gözəllik qurban tələb edir”. Yəqin ki, gözəllik naminə belə qurbanlar edən qadınların sayı az deyil. Ciblərindəki son qəpik-quruş qalmış da olsa, onu kosmetik vasitələrə, gözəllik salonlarına xərcləməyə hazırdırlar. Təki gözəl, təravətli görünsünlər, ətrafdakıların nəzərlərini cəlb edə bilsinlər. Amma sonradan heç fərqinə də varmadan bəzən elə özləri bu gözəlliyin qurbanına çevrilirlər.

Səbəbini bilirsinizmi? Demə, yalnız saxta kosmetik vasitələr dəriyə zərər yetirmirmiş. Elə çox bahalı və dərini korlamaz sandığımız kosmetik vasitələrin də insanın ümumi sağlamlığına nə də qədər mənfi təsiri var. Təkcə dəri-zöhrəvi dispanserlərə baş çəkmək yetər ki, nə qədər insanın məhz kosmetik vasitələrdən istifadə nəticəsində dəri xəstəliklərinə yoluxduğunun şahidi olasan. Kosmetikanın insan sağlamlığına zərərlərindən danışmazdan öncə kosmetik vasitələrin növləri barədə məlumat verək.

Kosmetik vasitələr dörd növə bölünür.

 “Mass market” – bu, çox ucuz kosmetikadır və böyük partiyalarla istehsal olunur. Toksik tərkibə malikdir, inqrediyentlərini neft-kimya məhsulları təşkil edir. Tərkibinə süni konservantlar, formalin və fenolun törəmələri və bir qayda olaraq, niapazol və paraform daxildir. Məhsulu satmaq üçünə adətən, aqressiv reklam aparılır. Məhsulun qiymətinin 70%-i reklama, 20%-i qablaşdırılmaya, 10%-i isə istehsala sərf olunur. Bu sinifdən olan kosmetikalar: Oriflame, Avon, Nivea, Eveline, Lumene, R one, Ruby Rose, Nerbina, Belinda və s.

“Middle market” – orta sinif. Bu sinif kosmetikanın tərkibində təbii maddələrin həcmi 30–60% təşkil edir. Konservantlar toksiki olmur, təbii maddələrdən, lakin kimyəvi yolla alınır. Vərdiş olmaması üçün bu sinfə daxil olan kosmetika xəttindən 6 aydan uzun müddətdə istifadə etməmək məsləhət edilir. Bu sinfə aid kosmetikalar: Euro Shi, Revlon, Loreal, Maqu Kau, Pupa, Borjois, Lancome və s.

“Luks” sinif – yüksək texnologiyalar, təbii maddələrin həcmi 70 – 80% təşkil edən kosmetika növüdür. Xammalını ekoloji təmiz və sintetik gübrəsiz maddələr təşkil edir. İstehsal zamanı İnteraktiv Enzim Texnologiyalardan istifadə olunur. Kosmetika vərdiş olma xüsusiyyətinə malik deyil. Yəni, kosmetikadan imtina şəraitində birdən-birə qocalma halları müşahidə olunmur. Konservatlar – kolloid gümüş, benzoy turşusu, təmizlənmiş propolis, çay ağacının yağı, yəni yalnız təbii elementlər. Bu sinif kosmetika: Elizabeth Arden, Ive Saint Laurane, Nina Richy, Chanel, Estee Lauder, Cleanic, Helena Rubination, Givenchy, Christian Dior, Christian Lacrois və digər Yüksək Moda Evlərinin təqdim etdiyi kosmetika xətləri.

“Professional” – professional istifadə üçün olan kosmetika vərdiş olma xüsusiyyətinə malikdir. Onun tərkibində olan hormonal seriyalar tərlilik, yüksək qıcıqlanma və əsəbliliyə səbəb olur. Tez (müştəriyə yaxşı təəssürat bağışlamaq üçün), lakin uzunmüddətli olmayan təsirə malikdir. Bunlara aiddir: Academy, Gadeno, Lacrima, Jassen, GG və s.

kosmetika

Müasir dövrümüzdə insanın həyatında ehtiyac olandan daha çox istifadə olunan kosmetikanın mənfi təsirləri və doğurduğu fəlakətli nəticələr tez-tez alimlər tərəfindən ortaya qoyulsa da, böyük biznes maraqları insanları düzgün məlumatlandırmaq və maarifləndirməkdə maneçilik törədir. Bu gün dünyada ən gəlirli sahələrdən biri də artıq çoxdan gündəlik tələbat malları sırasına daxil olmuş kosmetika biznesidir.

Dezodorantlar, parfümeriyalar, nəmləndiricilər, dodaq boyaları, pudralar, göz boyaları, şampunlar, taraş losyonları, saç boyaları, kremlər, üz cizgilərini örtən dərmanlar, qırışıqlığa qarşı preparatlar, əsasən qadınların özlərini süni surətdə gözəlləşmək üçün geniş həcmdə istifadə etdikləri təhlükəli vasitələrin natamam siyahısıdır. Əksər qadınlar üçün bu məhsullar əsas ehtiyac maddələri ilə müqayisədə daha yüksək bir maddi dəyərə malikdir. Bir çox zəruri ehtiyac maddəsi üçün pul çatdırmağa çalışan insanlar xərclərinin böyük hissəsini kosmetikaya ayırırlar. Belələri kosmetikanın onların sağlamlığına heç zərər vermədiyinə və özlərini süni surətdə də olsa, gözəlləşdirmələrinin həyatlarını daha da mənalı etdiyinə əmindirlər. Lakin kosmetikanın insan sağlamlığı üçün zərərli olduğu şübhəsizdir. Son illər dünyada elmi-tədqiqat institutlarının və alim-mütəxəssislərin apardığı çoxsaylı elmi tədqiqatlar nəticəsində bu, tam sübuta yetirilib.

ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində bunların 884-ün toksik (zəhərli) olduğu müəyyən edilib. Bundan başqa, bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur. Eyni zamanda kosmetika məhsullarının sidik kisəsi və qan xərçəngi kimi xəstəliklərə səbəb olduğu, saç boyası istifadə edən qadınların bu xəstəliklərə tutulma ehtimalının, istifadə etməyənlərə nisbətlə 70% daha çox olduğu qeyd edilir.

Parfümeriyaların içində olan kimyəvi maddələrin sinir sistemi pozulmasına, doğum qüsurlarına, nəfəs darlığına və allergiya reaksiyalarına yol açdığı da müəyyən edilib.

Kosmetikaların sağlamlığa zərərli olmasına əmin olmaq üçün adi bir əl kremində nə qədər çox kimyəvi maddə olduğunu nəzərdən keçirək: Su, stearin asit, sorbitol, qliserin, J-12-15 alkil benzola, sodium borat TEA, alkoqol, dimetikon, aloe vera, feniksi etanol, propilen qlikol, quins ekstrakt, tokoferil asetat, potasium sorbat, EDTA, alantoin, metil paraben, propil paraben, butil paraben, mentol.

Kosmetik maddələrdən saç spreyləri, ətir və pudralar nəfəs yolu ilə, pomada və sprey tərzində istifadə edilən bəzi parfümeriyalar udularaq, göz üçün satılan məhsullar o bölgədəki incə dəri və mukoza tərəfindən sorularaq, saç boyaları, kremlər və oxşar cild məhsulları da dəridən bədənə daxil olur.

Hazırda kosmetikaların istehsalında xərçəng əmələ gətirici və allergiya xüsusiyyətləri olan yüzlərlə maddə geniş istifadə edilməkdədir. Tər qoxularına qarşı krem, stik və sprey formasında istifadə edilən dezodorantların da tərkibində olan zəhərli maddələr dərinin qıcıqlanmasına və yanmalara səbəb olur. Dezodorantlarda istifadə edilən xloral hidrat, tər toxumalarını tutaraq, təbiiliyin pozulmasına yol açır, təbii yağların ifrazına mane olur, nəticədə isə sızanaq və qara nöqtələrin meydana gəlməsinə səbəb olur.

1970-ci illərdən bəri gözəllik və kosmetika mütəxəssislərində, qan və limfa sistemlərində miyelom, immunitet xərçəngi və qan xərçəngi kimi xərçəng növlərində artım olduğu müşahidə edilir. Xərçəng əmələ gətirici kosmetikalar arasında saç boyalarının xüsusi rolu var. Saç dərisinə çox yaxın hissələrə və saç diblərinə tətbiq edilən boyalardakı maddələr dəri tərəfindən sorularaq qana, oradan da bədənin hər yerinə yayıla bilir. Aparılan tədqiqatlarda saç boyalarının xərçəngə səbəb olduğu aşkarlanıb. Tünd rəngli saç boyalarının açıq rəngli olanlarla nisbətdə daha təhlükəli olduğu sübut olunub. İldə 1-4 dəfə saçını boyayan qadınlarda, yumurtalıq xərçəngi ehtimalı heç boyamayan qadınlara nisbətən 70 % daha çoxdur. Hər il 5 dəfə və daha çox saçını boyayan qadınlarda isə bu ehtimal 100 %-dir. Araşdırmalar zamanı saç boyası istifadə etmə ilə limfa xərçənginə tutulma arasında əlaqə olduğu ortaya çıxarılıb.

Cənubi Kaliforniya Universitetindəki tədqiqatçılar 2001-ci ildə müntəzəm şəkildə saç boyası istifadə etmə ilə sidik kisəsi xərçəngi arasında bir əlaqənin olduğunu da müəyyən ediblər. Eyni tədqiqatçılar 10 il və daha çox gözəllik salonunda çalışan insanlarda saç boyasına məruz qalmayanlara nəzərən sidik kisəsi xərçənginə tutulma ehtimalının 5 dəfə daha çox olduğunu da ortaya çıxarıb. Kosmetika və parfümeriyalarda çox istifadə edilən keton və ksilen ehtiva edən maddələr də xərçəngə meyllilik oyandıran maddələrdir.

kosmetika

Kosmetikaların istifadə edildiyi bədən bölgələrində meydana gətirdiyi infeksiyalar elmə tam məlumdur. Son araşdırmalar zamanı bu növlərdən olan 150 kosmetika nümunəsinin 63-75 %-ində orta və yüksək dərəcədə bakteriyaların varlığı müəyyənləşdirilib. Bu kosmetikalar gözün xarici hissələrindəki infeksiyaların əsas səbəbidir. Belə ki, keyfiyyətsiz kosmetik vasitə çəkilmiş dəriyə xeyli mikrob yapışır. Saxta kosmetik vasitələrdən istifadə etmək korluğa da gətirib çıxara bilər. Allergiyaya səbəb olan kosmetik maddələrin isə təxminən 30%-i bədən qidalandırıcı məhsulların və təmizlik maddələrinin payına düşür. Bu məhsullar arasında parfümeriyalar, saç boyaları, maskalar, ağac şirəsi məhsulları, alfa hidroksid alkoqol tərkibli tonik və sıxlaşdırıcılar, bəzi təmizləyicilər, cildin soyulmasına səbəb olan üzü qidalandıran məhsullar və günəş kremləri sayıla bilər. Bəzi ətir saçan maddələr allergik dəri xəstəliklərinə, nəfəs darlığı və öskürəyə, asmalı xəstələrdə nəfəs yolu tıxanmasına səbəb olur. Xüsusilə də bu sektorda işləyənlərdə belə şikayətlərə tez-tez rast gəlmək olar. Allergiya bəzən kosmetika məhsulunun ilkin istifadəsində deyil, bir neçə dəfə istifadə olunduqdan sonra meydana gələ bilər. Əlamətləri qaşınma, qızarma, şiş və daha sonrakı mərhələlərdə yaraların meydana gəlməsidir.

Kosmetikaların xərçəng, allergiya, qıcıqlanma və infeksiyalara qarşı bədənin müqavimətini qırmaqla yanaşı, ümumi sağlamlıq üçün də təhlükələri var. Daha ucuz başa gəlməsini və geniş istifadə edilməsini təmin etmək üçün parfümeriyaların 95%-i sintetik üsulla neftdən əldə edilir ki, bunlar benzin, aldehidlər və bu kimi başqa zəhərli maddələrdir.

Parfümeriya yalnız istifadə edənlər üçün yox, yaxınlıqdakı miqren xəstələri üçün də mənfi təsirə malikdir. Parfümeriya və odekolon qoxuları miqren xəstələrinin beynində elektrik fəaliyyətinin dəyişməsinə yol açaraq, miqren ağrılarının başlamasına səbəb ola bilər. Parfümeriyalarda istifadə edilən ətir maddələrinin insanların həssaslığına görə meydana gətirdiyi mənfi təsirləri belə sıralamaq olar – göz yaşarması və ya quruması, cüt görmə, asqırma, burun tutulması, qulaq cingiltisi, qulaq ağrısı, baş gicəllənməsi, öskürək, nəfəs darlığı, udqunmada çətinlik, asma böhranı, baş ağrıları, narahatlıq, qısa müddətli hafizə itkisi, diqqət dağınıqlığı, ürək bulanması, həyəcan, tez əsəbiləşmə, oynaq və əzələ ağrıları, ürək döyüntüsündə anormallıq, yüksək təzyiq, limfa toxumalarında şişlik.

Dezodorantlarda mövcud olan zəhərlərdən oksikunalin sulfat mərkəzi sinir sisteminə zərər verən bir maddədir. Dezodorantlar cildin tez kirlənməsinə səbəb olur.

Kosmetik vasitələrin müntəzəm istifadəsi təbii gözəlliyin daha tez itirilməsinə səbəb olur və istifadəçini kosmetika düşkününə çevirir.

Odur ki, müvəqqəti süni “gözəllik” üçün təbii gözəlliyi və sağlamlığı qurban verməyə dəyməz. Bu, mənim şəxsi fikrimdir.

 

Xəyalə Muradlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir