İnsanlar gözəllik sevərdilər. Xüsusilə də qadınlar. Onlar daim gözəl və cavan görünmək istəyirlər. Günümüzdə isə bu o qədər də çətin deyil. Müxtəlif plastik və estetik əməliyyatlarla, gel və bir çox preparatla insan öz qüsurlarından xilas ola bilər. Bu cür addımlar isə hər zaman uğurlu alınmır. Ya həkim-kosmetoloq səhlənkarlığı, ya da keyfiyyətsiz məhsul seçimi insanı çirkin hala salır.
Günümüzdə xanımların ən çox üz tutduğu prosedur üzün, dodağın gellərlə doldurulması, qırışların açılmasıdır. Bəs, gellər haqqında hər şey bilirikmi? Nə zaman fəsadlar yaranır?
Həkim, dermo-kosmetoloq gellərin müxtəlif olduğunu, süni gellərin bir çox fəsad yaratdığını deyir: “Estetik kosmetologiyada gellər müəyyən problemləri aradan götürmək üçün istifadə olunur. Əsasən də, üzün müəyyən yerlərinə həcim vermək, qırışların açılması, dodağa həcim və təravət vermək qadınların üz tutduqları proseslərdir. Estetik təbabətdə bir neçə cür gel var. Ilk olaraq təbii gellərdən danışmaq istəyirəm. Onların tərkibində gialuron turşusu var. Bu turşu orqanizmimiz üçün yad deyil. Insan qocaldıqca bədənindəki gialuron turşusu azalır və qırışlar əmələ gəlir. O zaman dolğu preparatları vasitəsilə dəriyə gözəllik veririk.
Çünki sözügedən turşu dəriyə müsbət təsir göstərir. Bu preparatdan istifadə zamanı nadir hallarda fəsadlarla qarşılaşırıq. Bu fəsad da göyərmə və şişkinlikdən ibarətdir, 3-4 gün sonra öz yoluna düşür. Gellərlə işləməyi bacarmaq lazımdır. Çünki düzgün nahiyəyə vurulmayanda, damara düşəndə böyük fəsadlar yaranır. Ona görə bu preparatları peşəkarlar istifadə etməlidir. Sorulub gedən, gialuron turşulu, təbii gellər 4 və daha artıq bədəndə qala bilir. Bir il ərzində isə sorulur, orqanizmdən…
Sintetik gellərdən uzaq durmaq lazımdır. Buraya süni və permanent gellər aiddir. Onların tərkibində sintetik, kimyəvi maddə var. Bu preparat dəriyə vurulandan 1 ay sonra fibrozlaşma gedir (dərinin altda bərkiyir), orqanizmdə preparat itir, insanın toxumalarında bərkimə əmələ gəlir. Vurulandan sonra dəridən getmir. Bundan xilas olmaq üçün fibroz toxumaları cərrahi yolla çıxartmaq lazımdır. Bəzən isə bu yol da mümkün olmur. Çünki üzdə, dodaqda əməliyyatdan sonra çapıq qalır”.
Kimlər gellərdən istifadə edə bilməz?
Həkim-kosmetoloq bildirir ki, sözügedən prosedurlar əks-göstərişsiz ötüşmür: “Estetik təbabətdə əks-göstərişlər var. Peşəkar həkim-kosmetoloqlar süni gellərdən istifadə etmir. Təbii gelləri onkoloji xəstələrə, hamilələr və süd verən qadınlara, psixi xəstələrə, bəzən isə şəkər xəstələrinə vurmaq olmaz. Qrip, soyuqdəymə zamanı da gellərdən istifadə etmirik. Çünki əks göstərişlər olmaması üçün onlara sağalmaları üçün vaxt veririk”.
Gel qiymətlləri: 200-350 manat…
Onun sözlərinə görə, qiymətlər müxtəlifdir: Qiymətlər fərqlidir. Preparatdan və həkimdən asılıdır. Süni gellər çox ucuz olur. Ondan istifadə etmədiyim üçün bilmirəm. Təbii gellər 200 manatdan başlayır, 350 manata qədər qiymət qalxır. Yenə də deyirəm, keyfiyyət hər şeydən üstündür. Heç kim ucuzluğuna aldanıb, süni gellərlə orqanizmini məhv etməsin”.