56

Gözlərin altında göy kölgələrin yaranmasına nə səbəb ola bilər?

Baxış sayı: 1. 734

Bir çox insanlar bu problemlə üzləşir. Əksər insanlar buna yalnız kosmetik defekt kimi baxır.

Lakin nəzərə almaq lazımdır ki, bəzən bu simptom ciddi xəstəliklərə işarə edə bilər. Beləliklə, gözlərin altında göy kölqələrin səbəbləri bunlardır:

– İrsiyyət. Bəzi insanlarda belə kölgələr körpəlik dövründən olur və irsiyyətlə bağlıdır (yaxın qohumları arasında da bu simptoma tez-tez təsadüf edilir). Bunun səbəbi bu insanlarda gözlərin altında olan damarların dəriyə çox yaxın yerləşməsidir.

– Yaş dövrü. İnsan qocaldıqca dəri nazilir və bu səbəbdən dərinin altında olan damarlar daha aydın görünməyə başlayır – göy kölgələr əmələ gəlir.

– Yuxunun az olması. İnsan orta hesabla (söhbət böyüklərdən gedir) 7-8 saat yatmalıdır. Bu nisbi göstəricidir – bəzi insanlar 6-saatlıq yuxudan sonra özünü gümrah  hiss edir, digərlərinə isə hətta 9 saatlıq yuxu azlıq edir.

Əgər insan uzun müddət ərzində az yatırsa, onun üz dərisi ağarır, solğun görünür və nəticədə dərinin altında olan damarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazikdir və bu səbəbdən damarlar burada daha gözəçərpan olur.

Bu problemi həll etmək üçün insan sadəcə kifayət qədər yatmalı və dincəlməlidir. Həmçinin bu sahələr üçün xüsusi kosmetik maskalar, kremlər var.

– Göz yorğunluğu, stress, xroniki yorğunluq. Uzunmüddətli stress və yorğunluq dərinin vəziyyətinə çox mənfi təsir edir və, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

– Siqaret tüstüsündə və spirtli içkilərin tərkibində olan ziyanlı maddələr orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Toksinlər qanda və orqanizmin toxumalarında yığılaraq, o cümlədən, gözlərin altında göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

– Balanslaşdırmamış pəhrizlər, aclıq, düzgün olmayan natamam qidalanma, qidalanmada əsas qidalı maddələrin, vitaminlərin, mineralların çatışmazlığı insanın sağlamlığına mənfi təsir edir. İlk növbədə bu dəridə özünü büruzə verir – dərinin rəngi pisləşir, gözlərin altında göy kölgələr əmələ gəlir və s.

– Dəriyə düzgün olmayan qulluq (düzgün seçilməmiş krem və digər qulluq vasitələr, isti su ilə üzün yuyulması, dərinin dartılması və s.), ucuz keyfiyyətsiz kosmetika dəriyə çox mənfi təsir edir, dərinin daha tez qocalmasına səbəb olur.

– Xroniki xəstəliklər də dərinin vəsiyyətinə, rənginə və s. təsir edir. Gözlərin altında göy kölgələrin əmələ gəlməsi böyrək, qara ciyər və öd kisəsi, mədəaltı vəzi, endokrin və ürək-damar sistemi xəstəlikləri, anemiya (qanazlığı) zamanı mümkündür.

– Helmintozlar (qurd xəstəlikləri) zamanı qurdlar orqanizmi daim zəhərləyir ki, bu da, o cümlədən, göy kölgələrin əmələ gəlməsinə səbəb olur.

– Haymorit, baş ağrıları, üst dişlərin xəstəlikləri və bəzi digər pozulmalar da bu simptomun əmələ gəlməsinə səbəb ola bilər. (saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir