– Caduya inanırsınız, doktor?
– (gülümsəyirəm. Bu sualı verirsə, deməli inanclı biridir) Dua edirəm tez-tez.
– Ay doktor, başına dönüm, bizimki duadan keçib.
Yaşı 50-yə yaxın olan qadın pasientim gileylənərək başladı mövzuya.
– Bunu nədən hiss edirsiniz?
– Bax, başına dönüm, həkim, məni səhv başa düşmə. Çox üzr istəyirəm, mənim 4 balam var. Hamsını da gücüm çatandan böyüdüb oxutmuşam. Nəsildə oxuyan bircə mənim balalarımdır. Gözüçıxmışa baldızlarım da mənim balalarım universitetə girdi, bununkular girmədi deyə uşaqlarımın taleyiylə oynayır. Bax, mənim ali təhsilli həkim qızım qalıb qıraqda, amma onun onun-bunun yanına iynə vuran qızı getdi yaxşı bir yerə ərə. Arada eşidirəm ki, kimsə balalarımı soraqlayır bunlardan. Nə sirdirsə, elə orda da qalır söhbət. Nə deyirlər, nə eləyirlər bilmirəm. Allah öz başlarında çatlatsın elədiklərini. Vallah qızım, çox şey var e, deməli, amma mən utanıram, mən onların elədiklərindən utanıram, onlar öz əməllərindən utanmır. Axırda oğlum bu söz-söhbətdən başın götürüb getdi xaricə oxumağa. Aman-zaman bircə oğlum var idi, uşağıma da nə elədilərsə, nə yerə yerləşdi, nə göyə. İçim doludu e, dolu. Onların mənə elədiklərin görəndə dəli oluram. Kimə də deyirəm, hamı deyir yəqin nəsə eləyiblər ki, hər şeyim belə yarımçıq qalıb. Yoxsa gül parçası kimi bala böyütmüşəm mən. Yoxluqla, zülümlə. Qardaşları da bir dəfə qabağa durub susdurmayıb onları. Dilin-ağzın bağlayıblar elə bil.
(Qadın danışdıqlarının hamısını hiss edir, yenidən yaşayır sanki. Əslində yaşadığı həyatda gözləntilərinin qarşılanmaması təəssüf hissi doğurub onda. O da buna anlam verə bilməyib ən asan yolu tapıb, caduyla əlaqələndirmək. Cavabsız qalsaydı, əlaqələndirə bilməsəydi, özü demiş, dəli olardı. Amma hər şey kimi bunların da bir cavabı var. Onun uşaqları ali təhsilli olduğu üçün həyata baxışı, həyatdan gözləntiləri, kariera planlamaları başqadır. Yana iynə vuran qız elə ərə getmək arzusuyla böyüdülüb, onun seçim meyarı xanımın uşaqlarıyla eyni ola bilməz əlbəttə. Və əlbəttə ki, bu cür izah verərək xalanı gərginləşdirmək olmaz. Onun öz inanc sistemi və öz cavabları var. Odur ki, birdən-birə inandığı, cavabladığı hər şeyin səhv olduğunu demək, onu bütünlüklə itirmək demək idi əslində bu gün. Ona görə prosesi etap-etap getməyə qərar verdim)
– Azərbaycan qadını ana olduqdan sonra bütün həyatını ancaq uşaq üzərindən davam etdirir. Çox gənc və baxımlı xanımsınız, amma özünüz barədə bir kəlmə də olsun danışmadınız. Mən Gülnazı ana kimi tanıdım, amma qadın olaraq, şəxs olaraq kimdi bilmədim. Bəlkə tanış olaq….
Gülnaz hekayəsin danışdıqca məsələnin bu gündən qaynaqlanmadığın anlayırdım. Özü haqqında nə isə danışmaq ona da yaxşı gəldi, özünün fərqinə vardı. Növbəti görüşlərimizdə Gülnaza daha çox yer ayırdıq. Gülnazı kəşf elədikcə, ana tərəfi də sakitləşməyə başladı.
Belə…
Bəzən belə də olur, məsələni doğru yerdə axtarmırıq deyə çıxmaza giririk. Baxış bucağımızı dəyişmədiyimiz heç bir mövzuda cavab tapa bilmərik.
Psixoloq Əfsanə Rüstəmova