Elmi mühitdə böyüyür, ali təhsil üçün seçimini də bu yolu düşünərək edir. Azərbaycanda elmi istiqamətdə fəaliyyət göstərir, sonra Rusiyaya gedir, ancaq 6 il sonra daha yaxşılara baxır və Amerikaya getmək qərarı verir. 24 ildir ki ABŞ-da elmi fəaliyyətlə məşğul olur. Söhbət ABŞ-da tədqiqatçı alim kimi çalışan azərbaycanlı Aqşin Tağıyevdən gedir.
Qeyd edək ki, A.Tağıyev 1986-ci ildə Moskva Tibb İnstitutunun tibbi biologiya fakültəsini bitirib. 1986-1988-ci illərdə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda baş laborant və elmi işçi kimi fəaliyyət göstərib. 1988-1991-ci illərdə Moskva Hematoloji Elmi Mərkəzdə aspirant olub, 1992-ci ildə həmin institutda “Azərbaycanda Beta-talassemiya Mutasiyalarının və Haplotiplərinin Spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bu namizədlik işi ilə Azərbaycanda ən çox yayılmış irsi qan xəstəliyi olan beta-talassemiyanın anabətni DNT (dezoksiribonuklein turşusu) diaqnostikasının bünövrəsini qoyub. 1992-1998-ci illərdə həmin elmi-mərkəzdə “Gen mühəndisliyi” laboratoriyasında kiçik elmi işçi, sonralar isə böyük elmi-işçi kimi çalışıb.
1998-ci ildən 2022-ci ilədək ABŞ-ın Ayova Universitetində tədqiqatçı-alim kimi çalışıb. 2022-ci ilin iyun ayından “Wake Forest University” Tibb Kollecində “Cytogenetics” laboratoriyasının direktoru kimi fəaliyyət göstərir. Amerika Tibbi Genetiklər Heyətinin diplomatıdır. 42 elmi məqalənin müəllifidir.
“Biri fizika idi, biri həkimlik”
– Riyaziyyatçı ailəsinin övladının tibbi sahəni seçməyi necə oldu?
– Atam 50-ci illərin sonunda Azərbaycanın ilk proqramçılarından olub. Sonra həm də universitetdə tətbiqi riyaziyyat fakültəsində professor işləyirdi. Anam proqramçı olsa da, sonradan uşaqlara görə riyaziyyat müəllimi kimi çalışmışdı. Biz üç qardaşıq, digər ikisi valideynlərim kimi proqramçıdırlar. Mən isə orta məktəb vaxtı iki istiqaməti hədəf olaraq götürmüşdüm. Biri fizika idi, biri həkimlik. Fizikaya öz marağım var idi. Anam isə məni həkim kimi görmək istəyirdi. Mənim təhsil aldığım sahə biofizika oldu. Təhsili başa vuranda qazandığımız status həkim-fizik idi. Bu, həkimlik deyildi. Fakültənin əsas məqsədi tibb sahəsində işləyəcək alimlər hazırlamaq idi.
– Yəni o vaxt bu seçimi edəndə elmi istiqamətdə gedəcəyinizi bilirdiniz?
– Atam elm adamı idi, ölkə xaricində çap olunurdu. 20-ci əsrdə Azərbaycanın ən yaxşı riyaziyyatçılarından biri hesab olunur. Məcburiyyət yox idi, amma uşaqlıqdan elmi mühitin içində idim və bu yol sanki proqramlaşdırılmışdı.
– Siz bu sahədə təhsil alıb illərlə laborant kimi də qala bilərdiniz.
– Sahənlə bağlı harada olmağının birinci səbəbi şəxsi ambisiyalarla bağlıdır. Moskvada institutu bitirəndən sonra Azərbaycanda iş axtaranda, yalnız iş tapmaq prinsipi ilə yanaşmırdım. Həm məni maraqlandıracaq sahə olmasına fikir verirdim, həm də elə iş yeri istəyirdim ki, ordan aspiranturaya getmək imkanım olsun. Bir neçə yerə getdim, məni qane etmədi. Ona görə avqustun 1-i işə düzəlməli idimsə, sentyabra qədər çəkdi. Seçimim Hematologiya və Transfuziologiya İnstitutu oldu. Orada elmlər doktoru Rüstəm Rüstəmovla tanış oldum. O vaxt mənimlə zarafat edirdi ki, sən akademik olanda, bunu irad tutacaqlar ki, bu adam niyə işə gec başlayıb? Elə yerə getmək lazımdır ki, sənə dəstək göstərən, köməklik edən adamlar olsun.
– İş axtarışında iki istəyiniz də burda qarşılandı?
– Bəli. Həmin instituta Moskvadan tədqiqat qrupları gəlmişdi. Talassemiyaya aid tədqiqatlar aparılırdı. Genetika ilə bağlı tədqiqatlar mənim üçün daha maraqlı idi. Onlarla işləməyə başladım. O vaxt Azərbaycanda xəstə uşaqlardan qan nümunələri yığırdım, onların DNT-sını ayırırdım və tədqiqat üçün Moskvaya aparırdım. Bunu Azərbaycanda ilk dəfə edən yəqin ki mən olmuşam. Əsas məqsəd Azərbaycanda talassemiyanı törədən mutasiyaları tapmaq idi. Söhbət 80-ci illərin sonundan gedir. Sonra Moskvada davam etdim, aspiranturaya girdim. Birinci dəfə o vaxt DNT-nin nukleotid ardıcıllığını təyin etmə üsulu ilə Azərbaycanda talassemiyanı törədən mutasiyaları tapmışdıq. Bu gün o nəticələrdən Azərbaycanda beta-talassemiya daşıyıcılarının tapılmasında istifadə edilir.
“150-yə yaxın müraciət göndərmişdim”
– Niyə Rusiyada qalmadınız və ABŞ-a getdiniz?
– 1992-ci ildə Rusiyada elmi işimi müdafiə etdikdən sonra 6 il orda qaldım, laboratoriyada işlədim, böyük elmi işçiyə qədər yüksəldim. Laboratoriya rəhbəri pensiyaya çıxırdı, laboratoriyanı mənə vermək fikrində idi. Amma Moskvada qalmaq istəmədim. Çünki həm Moskvada qalmaq çətin idi, qeydiyyat tələb olunurdu, həm də o vaxt elmi mühitdə imkanlar getdikcə daralırdı.
– Daha yaxşı elmi mühit üçün getdiniz yəni…
– DNT-ni çoxaltmaq üçün istifadə olunan zəncirvari polimerləşmə reaksiyası 86-cı ildə kəşf olunmuşdu. 1988-92-ci illərdə Rusiyada mən ondan istifadə edirdim. Bu, Azərbaycana 2010-cu ildən sonra gəldi. Daha geniş istifadə isə 2020-ci ildə koronavirus pandemiyası ərəfəsində oldu. Fərqi görürsünüz. Necə ki Rusiya ilə Azərbaycanın elmi mühiti arasında fərq var idi, Rusiya ilə Amerika arasında da imkanlar, metodlar cəhətdən elə böyük fərq var idi.
– İndi Amerikaya getmək, ordakı imkanları araşdırıb tapmaq daha asandır. Siz o vaxt necə getdiniz?
– 90-cı illərin sonunda getmək qərarı vermişdim. Həmin müddətdə Amerikaya getmək üçün 150-yə yaxın laboratoriyaya müraciət göndərmişdim. Sonunda elmi cəhətdən məni tanıyan adamların da rəyi ilə lazım olan yeri tapdım.
– Genetikanın sizin üçün maraqlı olduğunu dediniz.
– Təsəvvür edin ki, hər bir hüceyrəmizdə 6,4 milyard hərf sayı var. Bütün hərflər də 46 xromosoma yığılıblar. Bir növ kitablara yığılıblar. Sən onları oxumalısan. Uzaqdan baxanda, qeyri-müəyyən gələ bilər, amma əslində dəqiq elmdir. Bu sahə getdikcə çox şeyə təsir etməyə başlayır. Müasir genetiklər deyirlər ki, qəzalardan başqa, bədənimizdə hər şey genetik baxımdan planlaşdırılıb.
“Heç nə asanlıqla əldə edilmir”
– Amerikanın elmi mühitinə düşmək üçün cəhd edən azərbaycanlılar var. Onlar nələri bilməlidirlər?
– Bilikləriniz müasir səviyyəyə uyğun gəlməli, ingilis dili biliyiniz mükəmməl olmalı, xarakteriniz elmi mühitdə işləmək üçün imkan verməli, öyrənmək istəyiniz güclü olmalıdır. Ən əsası isə elmə marağınız olmalıdır. Heç nə asanlıqla əldə edilmir. Amerikanın elmi mühiti inkişaf etmək üçün çox əlverişlidir.
– Vaxt cəhətdən yanaşsaq, elmi fəaliyyət gündəlik nə qədər zamanınızı alır?
– İndiki işim daha çox klinikidir. Amma elmi tədqiqata qayıtmaq fikrim var, heç vaxt ondan uzaqlaşmaq istəməmişəm. Vaxt məsələsinə gəlincə, elə olub ki, səhər 9-da laboratoriyaya gəlib, o biri gün axşam 5-6-da evə qayıtmışam. Bu, bir-iki dəfə yox, kifayət qədər tez-tez təkrarlanırdı. Müəyyən maddələr alırdıq, onların həyat vaxtı o qədər uzun deyil, kifayət qədər sürətli istifadə edilməlidir. Elə olub ki eksperimenti başlamaq üçün laboratoriyaya gecə saat 1-də getmişəm. Bu cür işləmək fərdi məsələdir, həvəsindən asılıdır. Amerikada nəticə əldə etmək istəyən adam çox çalışmalıdır.
– Amerikada elmin inkişafında yük daha çox kimin üzərinə düşür? Yaxşı alimlərin, yoxsa dövlətin?
– Mən “Green card”ı elmi məqalələrimin sayına görə almışam. O qədər aktiv işləyirdim ki, universitet sənədlərimi “Green card”a göndərmək qərarı verdi. Məni saxlamaqda maraqlı idilər. Bu, bir növ sizin suala cavabdır. Bacarıqlı, qabiliyyətli adam görürlərsə, onu saxlamağa çalışırlar. Bir də dövlət tərəfindən elmi tədqiqatlara böyük maliyyə ayrılır.
– Dediniz ki elmi işlərdən çox uzaq düşmək fikriniz yoxdur. Tədqiqatlarınızı davam edəcəksiniz. Hansı istiqamətdə tədqiqatlar olacaq?
– Uzun müddət prostat vəzidə şiş xəstəliyinin tədqiqi və onunla mübarizə yollarının araşdırılması sahəsində iş aparmışam. Bunu davam etmək istəyirəm. Məni bilavasitə Azərbaycanla bağlı tədqiqatlar maraqlandırır. Elmi məqalələrdə ağ irqə mənsub olanlarla bağlı “qafqazlı” termini işlədilir. Çox az adam bilir ki, bunun kökü müəyyən mənada Qafqaza – Azərbaycana gəlib çıxır. 1785-1790-ci illərdə alman alimləri K.Meiners və J.F.Blumenbax kəllə sümüklərinin ölçülərinə görə deyiblər ki, Avropada yayılan ağ irqə mənsublar Qafqazdan – Qafqaz tatarlarından – azərbaycanlılardan törəyiblər. İngilis alimi K.Renfrunun fərziyyəsinə görə, Hindistandan Avropaya qədər yayılan Hind-Avropa dil qrupu Anadoludan – Qafqazdan (7000-8000 il bundan əvvəl əkinçiliklə əlaqədar) yayılıb. Genetik dəlillərə əsaslansaq, Avropa əhalisinin Qafqaza kökləndiyini görərik. Genetikanın dəqiqliyi sübut edir ki, dünyada Adəm və Həvva olub. Avropalıların Qafqazdan getməsi məsələsi ilə bağlı ermənilər özlərini qabartmağa çalışırlar. Maliyyə və bu istiqamətdə işləməkdə maraqlı tələbələr tapa bilsəm, bunu da araşdırmaq fikrim var.
42 məqalə ilə dünya reytinqinin ilk onluğunda…
– Elmi məqalələrinizə 1400-ə qədər istinad olunub. Hansı jurnallarda çap olunmusunuz?
– Yuxarı reytinqli jurnallarda dərc olunmaq önəmlidir. Rusiyada “Molekulyarnaya biologiya” elmi jurnalının reytinqi 0,35-dir. ABŞ-da orta reytinqli jurnal 4-7-dir. Ən yüksək səviyyədə olan “Science”, “Nature” kimi jurnalların reytinqi 10-13-dür. Hələ onlarda dərc olunmamışam, amma istəyərdim. Mənim Amerikada dərc olunduğum jurnalların reytinqi 8-10 olub. (“Cancer Research”, “Journal of Biological Chemistry”, “Molecular Cancer Research” və s.). Amerikada cürbəcür saytlar var. “ResearchGate” onlardan biridir. Sən ora üzvsənsə, oradakı proqram sənin məqalələrini, onların sayını, o məqalələrə olan istinadları tapır və o saytda müəyyən reytinq verir. Həmin saytda 42 məqalə ilə dünya reytinqində ilk onluğa daxiləm.
– Elmi fəaliyyətinizlə yanaşı, Azərbaycan həqiqətlərinin olduğunuz ölkədə tanıdılması cəhətdən aktiv həmvətənlərimizdənsiniz.
– Mən Rusiyada yaşadığım müddətdə də diaspor işi ilə bağlı aktiv idim. Başa düşürdüm ki, Azərbaycanın müstəqil olması üçün Sovet İttifaqı dağılmalıdır. Ona görə də 1991-ci ildə Sovet İttifaqının dağılması ilə nəticələnən hadisələrdə fəal iştirak etmişəm. Diasporla əlaqəli mitinqlərdə, etiraz fəaliyyətlərində iştirak etməyə çalışırdım. Moskvada birinci azərbaycandilli məktəbin açılışında mənim də iştirakım olub. Amerikaya gəldiyimdə də içimdə Azərbaycana dəstək məqsədli nələrsə istəyi yarandı. Mən Ayova ştatına gəldim, burda isə ən çox halda 4 azərbaycanlı ailə olub. İndi biz təkik. Burda o qədər çox azərbaycanlı olmayıb ki, diaspor qura bilək. Ancaq əlimdən gələni etməyə çalışmışam. Bizim diaspor komitələri tərəfindən Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin tanıdılması istiqamətində məktublar hazırlanır. O məktubları yaşadığımız ölkədə lazımi yerlərə göndərmək, çap etdirmək vacibdir. Məktubları senatorlara, konqresmenlərə, prezidentlərə, qəzetlərə göndərirəm. Səhv etmirəmsə, Amerikada qəzetlərdə Azərbaycanla bağlı ən çox məqalə dərc etdirənlərdən olmuşam. Bunu özümü tərifləmək üçün yox, təəssüflə deyirəm. Aktiv azərbaycanlı çox olsaydı, daha çox etmək olardı. Məqalələrlə bağlı ermənilərin narazı reaksiyalarını çox görmüşəm.
– Sizi Amerika prezidentlərinə də Qarabağ problemi ilə əlaqədar ən çox məktub göndərən azərbaycanlı deyə xarakterizə edirlər. Hansı prezidentlərə yazmısınız?
– Corc Buşdan tutmuş Baydenə qədər bütün ABŞ prezidentlərinə məktub yazmışam. Daha çox ümumi, faydasız cavablar verilir. Senator və konqresmenlər arasında göndərilən məktublara daha dəqiq cavab verənlər var.
– Cavab sizi qane etmir, ümumi cavab verirlərsə, niyə yazmağa davam edirsiniz?
– Təsəvvür edin ki, Azərbaycan sözü heç yerdə səslənmir. Siz təkrar-təkrar o sözü səsləndirirsiniz, bu, adamların diqqətində olur. Onlarda belə təsəvvür yaranır ki, bu ölkədə azərbaycanlılar yaşayır və onların öz maraqları var. Amerikada azərbaycanlı və türklərin sayı 1 milyona yaxın olar. Bu adamların heç olmasa 50 mini vaxtaşırı məktub yazsaydı, etnik qrupumuzu nə qədər tanıtdıra bilərdik. Çox olmaq kifayət etmir, həm də orda olduğumuzu hiss etdirməli, aktiv olmalıyıq. Başa düşməlidirlər ki, bu etnik qrup seçkiyə təsir edə bilər, demək onların maraqlarını nəzərə almaq lazımdır.
– Azərbaycanlıların 1918-ci ildə Bakıdakı soyqırımı (ermənilər tərəfindən) ilə əlaqədar Ayova Parlamentinə qətnamə qəbul etdirə bilmisiniz.
– Senatorlara, konqresmenlərə, prezidentlərə təkcə Azərbaycan deyil, ətraf mühitin korlanması, siyasət və s. çox faktorla bağlı müraciətlər göndərirdim. Mövzun ancaq Azərbaycanla bağlı olanda, bu, bir növ etnik qrupa aid məktublar səviyyəsində olur. Sən ölkənin inkişafı üçün məsələlərlə bağlı yazanda, onlara daha maraqlı gəlirsən. Yəni aktivliyini görürlər, səni tanıyırlar, öz məsələnlə bağlı da yazanda, artıq onların diqqətində olursan. Əldə etdiyim bir nəticə qeyd etdiyiniz sənədin qəbulu oldu. Xocalı faciəsi ilə bağlı da çox məktub göndərmişəm, təəssüf ki, ya ümumi cavab verilir, ya da ümumiyyətlə, reaksiya olmur. Burda çox məsələləri nəzərə alırlar, məsələn, erməni lobbisinin təsir qüvvəsini. Düşünürəm ki, bir Azərbaycan-türk toplumu kimi, biz Amerikada daha aktiv və koordinasiya olunmuş şəkildə çalışmalıyıq. Azərbaycan diaspora qruplarının maliyyə imkanları da yaxşılaşdırılmalıdır ki, daha çox iş görmək mümkün olsun.
Aygün Asimqızı