valideyn ve usaq

Güclü övlad yetişdirməyin sirləri

Baxış sayı: 669

Zaman-zaman valideynlər övadları ilə necə davranmalı olduqlarını bilmir, sərbəstlik verməli olduqları halda uşaqları sıxır, məhdudiyyətlər qoyacaqları məsələlərdə isə sərbəstlik verirlər. Valideynin vəzifəsi uşaqları böyütmək və onların öz təcrübələrini qazanmalarına kömək etməkdir. Bunları edərkən isə ifrata varmamaq çox önəmlidir. Uşaq tərbiyəsində əsla yol verilməməli olan davranışlar var ki, bunları bilmək uşaqları tərbiyə etməkdə valideynlərə böyük fayda verə bilər.

Pedaqoqlara görə, şüurlu davranan və valideyn olmağa hazır insanların uşaq tərbiyəsində bilməli olduqları davranış şəkli aşağıdakılardır.

 

Uşaqların yerinə özünüz danışmayın 

Valideynlər uşaqlarına ünvanlanan sualları onlardan əvvəl cavablandırmağa meyilli olurlar. Bu, adətən onların övladlarını yaxşı tanımalarından irəli gəlir. Halbuki valideynin mənimsədiyi bu vərdiş gələcəkdə uşağın öz adına qərar verməsinə mənfi təsir göstərə bilər. Buna görə də, uşağa suallara cavab verərkən dəstək olmaq, bəzi məqamlarda yardım etmək olar, amma qətiyyən onun əvəzinə danışmaq doğru deyil.

Bununla yanaşı, bir çox valideyn uşaqları ilə dostluq qurmağa çalışır ki, övladlarının onlardan gizlin bir sirri olmasın. Valideynlərin bunu niyə etdiyi məlumdur, məqsəd uşaqları ətrafda olan təhlükələrdən qorumaqdır. Amma onlar unudurları ki dost – sənin sirlərini, problemlərini və sevinclərini bərabər səviyyədə danışa, bölüşə və birlikdə əylənə biləcəyin insandır. Elə buna görə də insan ancaq dostlarıyla rahat bir şəkildə danışa, sıxılmadan özünü ifadə edə bilir. Yəni valideyndən övlada dost olmaz. Valideyn yalnız anlayış və səbrlə övladına dəstək olaraq aradakı güvən bağını qüvvətləndirmiş olar. Yalnız bu yolla övladlarını qorumaq istədikləri təhlükələrə qarşı müdafiə edə bilərlər.

 

İstəklərini sərt bir şəkildə rədd etməyin 

Ən pisi də odur ki, valideynlər bəzən fərqində olmadan öz istəklərini övladlarına diqtə edirlər. Əvvəllər uşaq bunlara tabe olsa da, zaman keçdikcə bu, onun asiləşməsinə, ailəyə qarşı çıxmasına, ailədən uzaqlaşmasına səbəb olur. Buna görə də, doğru olduğuna inandığınız şeyləri, öz təcrübələrinizi, fikirlərinizi uşağa diqtə ilə yox, fərqli formalarda, uyğun bir dillə, onun xoşuna gələcək tərzdə aşılaya bilərsiniz. Bu yolda uşaqlarınızın ehtiyaclarına, istəklərinə qarşı diqqətli olmaq, onları müşahidə etmək sizə kömək edəcək. Onlara yaxşı vərdişlər aşılamaq istəyirsinizsə, zorakılığa baş vurmayın. Çünki yalnış davranış üsulları ilə doğru davranışlar aşılamaq mümkün deyil.

 

Gündəlik işlərində onlara kömək edin 

Uşağa kömək etməklə onların əvəzinə onların öhdəliklərini yerinə yetirmək arasındakı fərqi ən çox da analar qəbul etmir. Müəyyən bir yaş həddinə gəlmiş uşağı geyindirmək, yedizdirmək, yaxud onun əvəzinə yatağını toplamaq, onu yuyundurmaq doğru deyil. Əvəzində, geyinəcəyi paltarları seçməsinə kömək edə, yatağını toplayarkən, yuyunarkən yanında olmaq kifayət edir. Bu mərhələdə onun səhv etdiyi məqamlarda düzəlişlər etmək ən doğrusudur. Xüsusilə də 2-3 yaşlarındakı uşaqlar bir çox şeyi özləri etməkdə maraqlı olurlar. Amma valideynlər demək olar ki, böyüyüb evlənənə qədər bir çox şeyi uşaqlara həvalə etmirlər. Bu da onların həyatda qazanacaqları təcrübələrin, bacarıq və vərdişlərin qarşısını almaq deməkdir. Uşaqlara özləri ilə bağlı olan işləri özlərinin həll etməsini lap kiçik vaxtlardan aşılamaq onlarda vərdiş yaranmasına səbəb olur və böyüdükcə ortaya çıxan təmbəllik probleminin də qarşısını alır.

 

Zövqlərinə və bəyəndikləri şeylərə müdaxilə etməyin 

Adətən musiqi zövqlərimizi, sevdiyimiz kitab janrlarını, geyim tərzlərimizi uşaqlarımıza da tətbiq etməyə çalışırıq. Bu davranışda əslində, pis bir niyyətimiz olmasa da, uşağın fərd olma potensialına zərər veririk. Həm də adətən uşaqların onlara aşılananın tam ziddinə getdiyi müşahidə olunur. Bu da diqtə olunanlara qarşı bir növ etirazdır. Öz zövqlərinizi uşağınız üzərində tətbiq etməyə çalışmaqdansa, onunla zövqləriniz, bəyəndiyiniz musiqi, film, əsər, yaxud əyləncə tərzi ilə bağlı söhbət etmək daha doğrudur. Bu davranışlardan birincisi uşağın seçimlərini məhdudlaşdırdığı halda, digəri onun dünyagörüşünün zənginləşməsinə səbəb olur.

 

Öz hesablarını tutmağı və xərclərini idarə etməyi öyrədin 

Valideynlər həmişə uşaqların nə qədər xərcliyi olduğunu öyrənmək, verdiyi pulu hara xərclədiyini bilmək istəyirlər. Buna görə onun çantasına girmək, eşələməkdənsə, özlərinə sual vermək yolunu seçin. Əks halda, bu, uşağın sizə olan etimadını və güvən hissini sarsıdacaq. Uşağınızın hara, nə qədər pul xərclədiyini, nə qədər pulu qaldığını öyrənməyə çalışmaq yerinə, onlara yavaş-yavaş maliyyə planlaşdırmasını, pulun idarə olunmasını öyrədin. Bu vərdiş gələcəkdə də onların gəlirlərini düzgün idarə etmələrində faydalı olacaq.

 

Uğurları ilə fəxr edin, amma o uğurları mənimsəməyin 

Valideynlərin ən çox etdikləri yalnışlardan biri də uğur qazanan uşağa, “atasının balasıdır”, “mənim kimi bacarıqlıdır” və sair kimi yanaşmalardır. Onların uğurlarını öz adınıza çıxartmağa çalışmayın. Yaxud da, “öyrənməyə başladıq”, “oxumağı öyrənirik” kimi yanaşmalar da eyni qəbildən, yalnış davranışlardır. Yeriməyi öyrənən də, yazıb-oxumağı mənimsəyən də onların özləridir və  bütün bunlar onların uğurudur. Bu baxımdan, uşaqlar böyüdükcə işlər daha da ciddiləşir, böydükcə daha böyük nailiyyətlər əldə etmək lazım gəlir. Ona görə də, kiçiklikdən onların uğurlarına öz adınıza çıxmayın ki, öz uğurlarını özləri sahiblənsinlər. Bu, onlarda bir sonrakı nailiyyətə çatmaq üçün motivasiya, özünə inam mənbəyi yaradır. Bunu onların əlindən almaq, yanlış davranışdır.

 

Seçimlərinə qarşı çıxmayın

Hər uşaq özünü ifadə etməyə başladığı vaxtdan seçim etmə haqqına da sahib olur. Təbii ki, hər məsələdə seçim etmələrinə icazə vermək mümkün deyil. Amma xüsusilə hədiyyə seçərkən onlara qətiyyən müdaxilə edilməməlidir. Bu, onlarda seçmək, qərar vermək və nəticələri ilə üzləşmək bacarıqlarını formalaşdırır.

 

Şəxsi həyata müdaxilə edərkən diqqətli olun

Bu qayda xüsusilə övladları həddi-büluğa çatmış valideynlər üçün keçərlidir. Uşaqlar dostları ilə görüşə, vaxt keçirə bilərlər. Bu, onların ən təbii haqqıdır. Mühafizəkar ailələrdə, xüsusilə də qız uşaqlarının qarşı cinsdən biriylə dost olması qadağan olunur, kiminlə dost olacağına, kiminlə vaxt keçirəcəyinə belə valideynləri qərar verirlər. Gənc bir fərdi bu qədər sıxışdırmaq heç də yaxşı nəticələr vermir. Uşaqlarınızın şəxsi həyatlarının olmasına imkan vermək, onları dostluq etdikləri şəxslərlə bağlı sual atəşinə tutmaq əvəzinə, özünüzə qarşı güvən və hörmət yaradaraq onları qoruya bilərsiniz. Düzgün tərbiyə almış bir insan yanlış davranışara sahib insanlarla vaxt keçirməyi onsuz da sevmir və qısa vaxtda onlardan uzaqlaşır. Unutmayaq ki, uşaqlara dəyər vermək onları təzyiq altında saxlamaq mənasına gəlməməlidir.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir