siyaset

Güclü siyasətçilərin zəif iradəsi – TÜSTÜ BURULĞANINDA YARANAN SİYASƏT

Baxış sayı: 1. 448

Siqaret çəkməklə bağlı belə bir deyim var: “Yeniyetmə vaxtı siqaret çəkməklə kişi olduğumuzu sübut etmək istədik, böyüdükdən sonra isə siqareti atmağa cəhd edərək, kişi olduğumuzu nümayiş etdirmək arzusunda olduq…”.

Əslində bu ifadənin ikinci hissəsindəki fikir həqiqətən də çox vaxt arzu olaraq qalır. Hətta güclü siyasətçilər belə bu məsələdə nə qədər zəif iradəyə malik olduqlarını sübut ediblər.

“Gencaile.az”  “Modern.az”-a  istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Vladimir İliç çox erkən yaşlarından, 17 yaşından papiros çəkməyə başlayıb. Uşaqlıqdan səhhətində tez-tez problemlər yaranan Leninə həkimlər bu vərdişdən əl çəkməyi tövsiyə etsələr də, dünya proletarlarının rəhbəri həkimlərin məsləhətinə qulaq asmayıb. Ancaq bir müddətdən sonra sağlamlığında yaranan problemlər rəhbəri ciddi narahat edəndə, Lenin siqaretə birdəfəlik yox deməyi qərara alıb. Hətta 1920-ci ilin mayın 1-də keçirilən tarixə düşmüş məşhur iməcilikdə qısa fasilə zamanı fəhlələr siqaret cəkəndə Lenin onların qarşısında tütünün ziyanları ilə bağlı qısa, ancaq gurultulu bir nitq də söyləyib. Amma buna baxmayaraq, elə sonralar da pivə həvəskarı olan Lenin bu içkinin ləzzətini dadanda məhdud sayda papirosunu tüstülədib. Digər vaxtlarda isə Vladimir İliçin tütün təbi gələndə pişiyini oynatmaqla özünü sakitləşdirib.

İosif Stalin isə nə az, nə çox düz 50 il sevimli qəlyanından əl çəkməyib. O daha çox “Herseqovina Flor” tütününə üstünlük verib. Filmlərdə və şəkillərdə Stalin həmişə qəlyanla əks olunub. Ancaq o papiros da çəkib. Həkimlər Stalinə qəlyan çəkməyi qadağan edəndə o başı ilə razılığını, yəni daha çəkməyəcəyini bildirsə də, heç də bu yasağa məhəl qoymayıb. Bağındakı otaqda Stalin papiros çəkərkən pəncərənin nəfəsliyini açıb və külü oradan həyətə atıb. O, bunu ona görə edib ki, külqabı təmiz qalsın və həkimlər elə bilsin ki, Stalin onların dediklərinə əməl edir. Digər bir tərəfdən Stalinin mühafizəçilərinə də rəhbərin qəlyan, yaxud papiros çəkib-çəkməməyi ilə bağlı tapşırıq verilib ki, bu haqda həkimlərə məlumat versinlər.

Günlərin birində mühafizəçilərdən biri pəncərənin alt hissəsinə vurulmuş taxtaya işarə edərək Stalinə göstərib ki, orda kül var. Stalin başını yelləyərək mühafizəçisinə deyib: “Bağışlayın, günahkaram. Amma bu günah məxfi qalmalıdır”.

Stalinin olduğu bütün otaqlarda, iş, yataq, yemək otaqlarında, hətta hamamda belə onun əyləşdiyi kürsünün yanına qoyulmuş stolun üstündən heç vaxt qəlyan, müxtəlif papiros qutuları, siqar, tütün, kibrit əskik olmayıb.

Stalin siqardan tütün kimi istifadə edib. O siqarı üç yerə bölüb qəlyanına doldurub.

Ölümünə təxminən üç ay qalmış həkimlərin ciddi təkidindən sonra Stalin sevimli qəlyanından əl çəksə də, onun həyatını xilas etmək olmayıb.

20-ci əsrin görkəmli siyasi xadimlərindən biri olan Çörçil ümumiyyətlə özünü siqarsız təsəvvür edə bilməyib. Məşhur siyasətçi gün ərzində 8-12 siqar çəkib. O, yaşadığı iqamətgahda 3-4 min ədəd ehtiyat siqar saxlayıb. Çörçil siqara olan sonsuz bağlılığını belə ifadə edib: “Yəqin ki, istər şəkillərdə, istərsə də həyatda məni siqarsız görsəniz tanımayacaqsınız…”.

Çörçilə hədiyyə vermək istəyənlər onun siqar şakərini bildiklərindən məhz ona siqar və siqar aksessuarları bağışlayıblar. Müasirlərinin dediklərinə görə, bu hədiyyələrdən böyük bir muzey yaratmaq olarmış. Çörşil gümüşdən olan kulqabısını hətta xarici ölkələrə gedərkən də özü ilə aparıb. Siyasətçi ömrünün sonuna qədər siqara “xəyanət” etməyib.

Çox erkən yaşlarından siqara həvəs göstərən Fidel Kastroya ilk siqarını 15 yaşında atası bağışlayıb. Elə həmin tarixdən başlayaraq Kastro nə az, nə çox, düz 45 il sevimli əyləncəsindən əl çəkməyib. O, Kuba siqarlarının xarici dövlətlərə ixrac olunması ilə fəxr edib: “Kuba öz siqarı ilə dünyada məhşurlaşıb…”.

Jurnalistlərə verdiyi müsahibələrin birində Fidel Kastro siqarla bağlı fikirlərini də bölüşüb: “Mən hər yerdə, iclaslarda, çıxış edərkən, radio və televiziyada olarkən, hətta xarici qonaqları qəbul edəndə belə siqardan əl çəkmirdim. Sonralar ölkədə siqaret çəkməyə qarşı mübarizə kampaniyası başlayanda siqarı atdım. Həm də səhhətim siqarla “dostluq” etməyə imkan vermirdi…”.

Özünəməxsus yaşam tərzi olan Brejnev isə sözün əsl mənasında həyatını siqaretsiz təsəvvür edə bilməyib. Hələ müharibə illərindən bu vərdişin aludəçisi olan Leonid İliç ən çox “Novost” siqaretinə üstünlük verib.

Həkimlərin siqaret qadağasını Brejnev faciə kimi qəbul edib. Bu qadağadan sonra Baş katibin ətrafına da qadağalar qoyulub ki, Brejnev heç bir yolla siqaret əldə edə bilməsin. Leonid İliçin yeganə çıxış yolu imkan düşəndə, təbii ki, evdə yox, Kremldə olarkən kimdənsə siqaret istəmək olub. Baş katibin kürəkəni Çurbanov xatirələrində bu haqda yazıb: “Rəsmi tədbirlərin birində fasilə zamanı Brejnev məndən siqaret istədi. Mən o vaxt “Kent” çəkirdim. Qutudan bir siqaret çıxarıb verdim və alışqanla yandırdım. Leonid İliç tüstünü acgözlüklə sinəsinə çəkirdi. Siqareti çəkib qurtardıqdan sonra mənə dedi ki, belə siqaret çəkməyim. Yəqin ki, “Kent” xoşuna gəlməmişdi. O, tünd siqaretləri xoşlayırdı. Bu hadisədən sonra mən cibimdə iki qutu siqaret saxlayırdım. Bir qutu “Kent” özüm üçün, bir qutu “Paytaxt” qayınatam üçün”.

Uzun illər Brejnevin tərcüməçisi işləmiş Viktor Suxodrevin Baş katibin tütün ehtirası ilə xatirələri də maraqlıdır: “Brejnevi bu vərdişdən ayırmaq mümkünsüz bir iş idi. Həkimlər ona siqaret çəkməməyi məsləhət görəndə o qəqara almışdı ki, çəkdiyi siqaretlərin sayını azaltsın. Bunun üçün Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları Brejnevə xüsusi siqaretqabı düzəltmişdilər. Belə ki, bu qab yalnız 45 dəqiqədən bir açılırdı. Qabdan siqaret götürüldükdən sonra o bloka düşürdü və yenidən açılması yalnız 45 dəqiqədən sonra mümkün olurdu. Sonralar Brejnevi siqaretdən tam məhrum edəndə, Baş katibin ən yaxın ətrafındakılar ona bir dənə olsun belə siqaret “qıymayanda” Leonid İliç yeni üsula əl atdı. O siqaret çəkən mühafizəçilərindən, köməkçilərindən xahiş edirdi ki, siqareti onun yanında çəksinlər və tüstüsünü ona tərəf buraxsınlar. Ən qəribə fakt odur ki, Brejnev Siyasi Büronun iclasında da mühafizəçisini öz yanında otuzdururdu və göstəriş verirdi ki, siqaret çəksin. Bir dəfə xarici ölkə liderləri ilə görüş keçirilirdi. Görüşün arasında Brejnev qəfil özünü narahat hiss etməyə başladı. Ətrafına boylandı. Xarici qonaqlar siqaret çəkmirdilər, bunu Brejnev əvvəlcədən müəyyənləşdirmişdi. SSRİ tərəfindən görüşdə Qromıko iştirak edirdi ki, o da siqaret çəkən deyildi. Baş katibin köməkçisi də, həmçinin, siqaretdən uzaq adam idi. Görüşdə iştirak edənlərin arasında siqaret çəkən yalnız mən idim. Leonid İliç üzünü mənə tutdu:

– Vitya, sən ki siqaret çəkənsən. Yandır birini, xahiş edirəm.

Mən siqaret yandırdım. Tüstüsünü kənara buraxırdım. Hər halda qonaqların yanında, rəsmi görüşdə siqaret çəkmək mənim üçün bir o qədər də rahat və xoş deyildi. Bu dəfə Brejnev səsinin tonunu bir az qaldırdı:

– Vitya tüstünü mənə tərəf…

Bu səhnə heç vaxt yadımdan çıxmır. Tərcüməçi oturub başda, çəkdiyi siqaretin tüstüsünü piləyir SSRİ kimi nəhəng bir dövlətin başçısının sifətinə…”.

Əhalisinin ən çox siqaret çəkdiyi ölkələr sırasında Şimali Koreya liderlərdən biridir. Yəqin ki, bu statistikada ölkə başcısı Kim Çen Inin rolu da böyükdür. Kim Çen Inin siqaretə aludəçiliyi ilə bağlı inanılmaz faktlar açıqlanıb. Belə ki, o, siqar, siqaret, siqaretçəkmə ilə bağlı aksessuarlar, siqaret tütünləri, siqaret kağızı və s. üçün 5 il ərzində 43 miyon dollar vəsait xərcləyib. Ağılasığmaz fakt olsa da, hər halda inandırıcıdır, çünki Kim Çen In həmişə təəccübləndirməyi bacarıb.

Bax, beləliklə də, bəzi məşhur siyasətçilərin siyasətləri tüstü burulğanlarının arasında yaranıb…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir