Gülay Zeynallı: “Bu məqamda sevgidən söhbət gedə bilməz…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 147

Bu cütlük haqqında mətbuatda tez-tez boşanmaları barədə xəbərlər yayılsa da, onlar bu xoşagəlməz şayiələrin həqiqətə çevrilməsinə imkan vermir. Çünki ailənin təməli möhkəmdir, o, əbədi sevgi üzərində qurulub. Onlar bütün sınaqlardan üzüağ çıxaraq nümunəvi cütlük olmağa çalışır…

“Publika.az”-ın  “Te Amo” layihəsinin bu həftəki sayında məlahətli səs sahibi Gülay və onun idmançı həyat yoldaşı Kamil Zeynallının sevgi hekayəsindən danışılıb. Səmimi müğənni ideal ailə münasibətləri barədə fikirlərini bizimlə bölüşüb. Gülay Zeynallının etiraflarına keçməzdən qabaq cütlüyün necə tanış olmasına nəzərə salaq.

Gülayla Kamil Zeynallı Azərbaycan şou-biznesinin ən unikal cütlüklərindən biridir. Zeynallıların sevgi hekayəsi  romantik filmlərdəki kimi dostluq münasibətlərindən başlayıb. Belə ki, Gülayla Kamil tanış olanda onların hər ikisi öz çalışdığı sahədə kifayət qədər tanınırdı, amma şəxsən tanış deyildilər. Onların ilk tanışlığı verilişlərin birində baş tutub. Sonradan bu  tanışlıq dostluğa çevrilib. Hətta yaraşıqlı idmançı Gülayın “Yandım” adlı klipində onun tərəf-müqabili rolunda çəkilib.

Çox keçmir ki, gənclər dostluqdan əlavə, onları bir-birinə daha ülvi hisslərin birləşdirdiyini başa düşür və dostluq münasibətləri sevgiyə çevrilir…

Səhnəmizin gözəl müğənnisi ilə Kamil Zeynallı 2010-cu il noyabrın 23-də özünə təmtəraqlı toy çaldırıb. Toyda şou-biznes nümayəndələri, xalq artistləri və bir çox tanınmış simalar iştirak edib.

Mərasimin ən yaddaqalan hadisəsi isə bəyin qonaqlar qarşısında ən sevdiyi müğənninin məhz Gülay olduğunu dilə gətirməsi olub. Kamil toyunda hamının qarşısında ömrünün sonuna qədər məhz Gülayın mahnılarını dinləyəcəyinə söz verib. Gülay da xüsusi olaraq, həyat yoldaşı üçün yazılmış “Röyamdasan” adlı mahnını ifa etmişdi. Həzin musiqi sədaları altında oxuya-oxuya rəqs edən cütlük o vaxtdan bəri bir-birinin əlini buraxmır…

Cütlüyün xoşbəxt nikahından Sahilə adlı qızı var.

– Gülay xanım, sizcə, evlilik qadını müdrikləşdirir?

– Evlilik həyatı nəinki qadını, hətta kişini də müdrikləşdirir. Həyat təcrübəsini artırır.

– Ömrünün sonuna qədər birlikdə yaşamaq istədiyin insanı tapdığını nədən anlayırsan?

– Həmin insan səni xoşbəxt edirsə, deməli, öz yarını tapmısan. Bundan başqa, qarşı tərəfin həyat tərzindən, dünya görüşündən də bunu müəyyən etmək olur. Səni anlayırsa, düz seçim etmisən.

– Sevgi qurban tələb edir?

– Əlbəttə, sevgi böyük qurbanlar tələb edir. Ailədə söz-söhbət düşməməsi üçün bir çox məsələlərin üstündən keçməli olursan. Sevən insan güzəştə getməyi bacarır. Ailədə hər iki tərəf səbirli olmağı bacarmalıdır.

– Amma evlilik sevgini öldürür deyirlər.

– Deməzdim. Sadəcə, sevgi forması dəyişir, münasibətlər daha  doğmalaşır. Ümumiyyətlə, xoşbəxt ailə həyatının birinci şərti səbirli olmaqdır. Cütlüklər bir-birinə hörmət etməlidir. Məsələn, elə insanlar var ki, ailə daxilindəki problemlərə heç iki gün tab gətirə bilmir. Həm də ailənin problemləri, sirri evdən bayıra çıxmamalıdır. Qızlar bunu qulağına sırğa eləməlidir. Sevgidən əlavə, hörmət də olmalıdır. Hörmətin mövcud olmadığı yerdə sevgidən söhbət gedə bilməz.

– Necə düşünürsünüz, qadın eyni zamanda həm karyerasında, həm də ailə həyatında uğur qazana bilər?

– Şükürlər olsun ki, bu, məndə alınır.

– Hər iki məsələdə uğurlu olmağı necə bacarırsınız?

– Çünki ailəmi də, sənətimi də çox sevirəm. Əgər bir işə ürəyini qoyursansa, onun pis alınması mümkün deyil.

– Qısqanclıq və məşhurluq ailə münasibətlərinə necə təsir edir?

– Həddindən artıq qısqanclıq sevgini zədələyir. Amma qısqanclığın sevgi əlaməti olduğunu inkar etmək olmaz. Sevgi olan yerdə qısqanclıq da olur. Bizə gəldikdə, bir-birimizə çox inanır və etibar edirik. Etibar da istənilən münasibətlərin təməl daşıdır.

– Xəyanətin izini silmək mümkündür?

– Xəyanəti bağışlamaq olmaz! Heç vaxt!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir