QADIN

Gülüşlə cəlbedici olmaq mümkündürmü? – ARAŞDIRMA

Baxış sayı: 1. 535

Aparılmış araşdırmalara görə, qarşımızdakı adamın bizimlə əlaqədar fikri ilk 7 saniyədə yaranır. Həm iş həyatında, həm də şəxsi həyatda ünsiyyət və qarşımızdakı insanlarda yaratdığımız ilk təəssürat çox əhəmiyyətlidir.

Gözəl və etibarlı bir gülüş insanda müsbət təsir yaradaraq doğru ünsiyyət qurmağa köməkçi olur. Cəzbedici gülüş üçün dişlərin sağlam olması çox əhəmiyyətlidir. Bu gün demək olar ki, hər bir ailədə dişlə bağlı müəyyən problemlər vardır. Bəs diş sağlamlığına necə fikir vermək lazımdır? Dişləri çürüdən səbəblər hansılardır? Dişlərə necə qulluq etmək, onu xəstəliklərdən necə qorumaq lazımdır? Sağlam dişlərin və etibarlı gülüşün açarı nədir? Milli.Az xəbər portalı bütün bu suallara ətraflı şəkildə aydınlıq gətirəcək.

Sağlam dişlərə necə sahib olmalı?

Dişlərin sağlamlığına kiçik yaşlardan fikir vermək lazımdı.
– Dişlərdə qoz-fındıq kimi qalın qabıqlı çərəzləri sındırmaq olmaz.
– Gündə ən azı iki dəfə dişləri təmizləmək lazımdı. Çünki ağızda bakteriyalar 12 saatdan bir çoxalır.
– Yemək yeyəndən sonra mütləq ağızı qarqara etmək məsləhətdi. Belə olanda qida qalıqları dişin dibində ilişib qalmır.
– Dişlərin funksiyası çeynəməkdir. Yumşaq qida qəbul etmək dişlərin daha tez çürüməsinə səbəb olur. Odur ki, dişləri çox işlətmək lazımdı.
– Xırçıldayan meyvə – tərəvəz (alma, kök, turp, xiyar) yemək diş ərpinin yaranmasının qarşısını alır.

Diş sağlamlığı ilə əlaqədar doğru bildiyimiz səhvlər, səhv bildiyimiz doğrular…

Bəzən insan öz sağlamlığı üçün xeyirli və zərərli olanları yaxşı fərqləndirə bilmir. Təbii ki, bütün bunlar orqanizmdə problemlərin yaranmasına səbəb olur. Bəs diş sağlamlığı haqqında insanların səhv və doğru fikirləri hansılardır:

– “Ağız qoxusu problemi hamıda var” deyənlər səhv fikirləşirlər. Ağız qoxusu – çürük diş, diş əti xəstəliyi, həzm sistemi ilə əlaqədar narahatlıqlar, üst tənəffüs yolu infeksiyalarından qaynaqlanan ağız problemidi. Bu, insanların ictimai həyat fəaliyyətinə təsir edən bir faktordu. Dişi fırçaladıqdan sonra dilin üst qisminin xüsusi dil fırçası və ya diş fırçasının sapıyla sıyrılaraq təmizləmək ağızda mikrobların çoxalmasının qarşısını alır. Başqa problemlər yoxdursa, bu təmizləmə ağız qoxusunun qarşısını ala bilər.

– Validenlər düşünürlər ki, uşağın süd dişi çəkildikdən sonra bu dişlərə plomb qoydurmaq olmaz, onsuz da yeni dişlər çıxacaqdır. Əslində bu, səhv yanaşmadı. Çünki uşağın süd dişinin erkən çəkilişi yeni çıxacaq daimi dişlərdə mürəkkəbliyə və çənə sümüyünün inkişafında pozulmalara səbəb ola bilər. Ona görə də, bu dişlərə plomb qoyulmalıdı.

– Bəzi insanlar fikirləşirlər ki, sərt diş fırçası ilə dişləri sürtəndə dişlər daha yaxşı təmizlənir. Əslində bu, yanlış fikirdir. Çünki dişləri yaxşı fırçalamaq fırçanın sərtliliyi ilə deyil, fırçanın texnikasıyla əlaqədardır. Ümumiyyətlə, orta sərtlikdə olan diş fırçalarının istifadə edilməsi məsləhətdir. Çox sərt fırçalar dişləri zədələyə bilər.

– Düşünürük ki, dişləri sərt şəkildə (fırçanı dişlərə möhkəm basaraq) fırçalamaq daha yaxşı təmizləyər. Əslində bu da səhv düşüncədi. Dişlərin mina təbəqəsi aşındığı üçün, altdakı sarı təbəqə ortaya çıxar və dişlər daha sarı görünər. Bundan əlavə, sərt fırçalama dişlərdə həssaslığa və diş əti çəkilməsinə səbəb ola bilər.

– Ağardıcı əsaslı diş pastaları dişlərə zərər verər, zamanla aşındırmalara səbəb olar. Bu fikir doğrudu. Diş ağardırıcısı kimi bazarda satılan məcunlar əslində dişləri ağartmaz. Siqarət çəkənlər üçün istehsal edilmiş diş məcunlarının tərkibində çox miqdarda aşındırıcı maddələr var. Bu məcunlardan davamlı olaraq istifadə diş minasına qalıcı zərərlər verə bilir.

– Karbonat (soda) və duzla fırçalamaq dişləri ağartmaz. Bu doğrudu. Karbonat və duz iri gimircikli maddələr olduğu üçün dişin mina təbəqələrini zədələyə və cıza bilər. Nəticədə dişlər parlaqlığını və yeyib içdiyimiz qidalarla daha qısa zamanda təbii rəngini itirər.

– Diş ağartma əməliyyatı mütləq bir diş həkimindən professional kömək alınaraq edilməlidi. Kənardan deyilən vasitələrlə diş ağartmağa çalışmaq son dərəcə səhvdi. Ağartma əməliyyatı, normal diş rəngini daha da açmaq üçün edilər. Ağartmanın edildiyi ilk dövrlərdə qəhvə, çay və siqaret kimi dişləri rəngləndirəcək faktorlardan uzaq durmaq lazımdı. Ağartmanı həyata keçirən həkimin  tövsiyyələrinə qulaq asılsa, ağartmanın heç bir yan təsiri olmaz.

– Diş daşını təmizlətdirmək dişin minasına zərər verər. Bu səhv fikirdir. Diş daşı təmizliyini mütəxəssis bir həkim doğru şəkildə həyata keçirərsə mina zədələnilməsinə səbəb olmaz. Çünki diş daşı təmizliyi əməliyyatında diş toxumasına zərər verilmədən, diş səthinə aid olmayan sonradan yaranmış hissəciklər (val, diş daşı) təmizlənir.

– Ağrıyan dişi çəkdirib xilas olmaq problemin həlli demək deyil. Dişi müalicə edərək mümkün olduğunca ağızda tutmaq lazımdı. Bu doğru yanaşmadır. Çürük diş üçün mümkün olan hər cür müalicə tətbiq olunmalıdı. Çünki nə funksiya, nə də estetik cəhətdən heç bir protez öz dişinizdən daha yaxşı ola bilməz.

Dişləri necə fırçalamalı?
Dişləri fırçalamaqda məqsəd dişlərin üzərinə yapışmış və gözlə görülə bilməyən hissəcikləri təmizləyərək sağlam bir ağıza sahib olmaqdı.
Ağız sağlamlığını qorumaq üçün 3 vasitəyə fikir vermək kifayətdi: diş fırçası, diş pastası və diş ipi. Diş fırçasını 3-4 aydan bir dəyişmək məsləhətdi. Dişlərinizi yumazdan əvvəl  fırçanızı sabunla yuyun. Çünki bakteriyalar fırçanın dərinliklərinə toplanır. Sərt tüklü fırçadan istifadə etmək məsləhət deyil. Dişləriniz zədələnə bilər. Gündə iki dəfə dişləri fırçalamaq və yeməkdən sonra diş ipindən istifadə etmək sağlam ağızın açarıdı.

 

Nəyə görə qədim insanlarda kariyes problemi olmayıb?

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. B.e-dan qabaq I əsrdən eramızın VII əsrinə qədər olan dövrdə qədim insanlarda kariyes çox az olub. Çünki qədim insanlar indiki qidalarla deyil, daha sərt qidalarla qidalanırdılar və onların diş-çənə sistemində güclü çeynəmə prosesi gedirdi. Ancaq VII əsrdən başlayaraq insanlar buğda, arpa ilə qidalanmağa başlayıblar, un məmulatı ilə qidalanma artdıqca kariyesin faiz göstəricisi yüksəlib.
Azərbaycanda əhalinin 90-95 faizində kariyes var 
Karbohidratın artıq dərəcədə qəbulu dişlərdə kariyes yaradır.İnsan orqanizmində flüor adlı mikro elementin  normal miqdarda olmaması diş xəstəlikləri yaradır. Flüor suyun tərkibində olur və diş səthini bərkidir,dişlərin parıltılı görünməsinə kömək edir. Azərbaycanda flüor Abşeronun quyu sularında çoxdur. Normaya görə, bir litr suda bir milliqram flüor  olmalıdır. Flüor 2 milliqramdan artıq olanda da dişlər üçün yaxşı deyil. Məhz suyun tərkibinin nizamlanmaması Azərbaycanda kariyes probleminin artmasına səbəb olmuşdur. Ona görə də bu gün, demək olar ki, hamının diş və ağız sağlamlığı ilə bağlı problemi var.

Dişləri çürüdən səbəblər: hansı qidalar dişlərə ziyandır
Davamlı olaraq qəhvə içmək dişlərə ziyandı. Ofis şəraitində işləyənlər bütün günü qəhvə, şirniyyatla çay içir, əlüstü mədəni doldururlar. Bu hal ağızda turşu ifraz edən bakteriyaları aktivləşdirərək diş səthində yaşamasına və dişlərin çürüməsinə səbəb olur. Həkimlər bu halın qarşısını az da olsa almaq üçün qəhvəni arada südlə içməyi məsləhət görürlər. Ümumiyyətlə çay və qəhvə şəkərsiz və ya az şəkərli içilməlidir. Şirniyyatları qəbul edəndən sonra mütləq dişlər fırçalanmalıdı.

Həddindən artıq şirniyyat yemək dişlər üçün zərərlidi. Şirin maddələr kariyesin yaranması üçün münbit şərait yaradır. Dişlərin üstünü yapışqan edir, bakteriyaları özünə çəkir və nəticədə diş zədələnir, qaralır və tədricən çürüməyə başlayır.
Faydalı qidalara gəldikdə isə, qara şokolad dişlər üçün çox xeyirlidir. Çünki onun tərkibində olan yağlar şəkərin təsirindən dişlərin dağılmasının qarşısını alır. Həkimlər şirniyyat qəbulundan sonra sərt meyvə və tərəvəzdən istifadə etməyi məsləhət görürlər. Alma, xiyar dişləri təmizləyir. Pendir də faydalı sayılır.

Bəzi insanlar yeməkdən bir neçə saat sonra şirniyyat məhsulları yeməyi sevirlər. Əsas yemək payından dərhal sonra yeyilən şirni əsas yeməyin bir parçasıdır və çürüməyə səbəb olan bakteriyalar zərərsizləşdiyi üçün təkrar aktiv hala gələ bilməz. Buna görə də şirniyyatın acqarına yeyilməsi məsləhət deyil. Şirniyyatın yemək payları içərisində istehlak edilməsi diş sağlamlığı üçün əhəmiyyətlidir.

Hamının açıq havada ləzzətlə yediyi əlüstü fast-food məhsulları və qəbul etdiyi qazlı içkilər də dişə zərər verir. Çünki bu qidaların tərkibində olan çoxlu miqdarda turşu dişin toxumalarını zədələyir, kariyesin yaranması üçün münbit şərait yaradır.

Siqaret çəkmək ağız quruluğu, ağız qoxusu, dişlərin saralmasına və hətta ağız xərçənginə qədər bir çox xəstəliyə səbəb ola bilər. Yalnız sağlam dişlər üçün deyil, eyni zamanda sağlam bir həyat üçün siqareti atmaq lazımdır.

Yemək yedikdən sonra diş üçün ediləcək ən yaxşı iş su və ya süd içməkdir. Yeməkdən sonra içilən bir stəkan su, yemək qırıntılarını ağızdan uzaqlaşdırar və ağızda təmiz mühit yaradır. Bundan əlavə süd içmək dişdə kalsiumun yaranmasına səbəb olur.
Meyvə və tərəvəzlərdən bol istifadə nəinki dişlər, eləcə də bütün orqanizm üçün mütləqdir. Çünki orqanizmin vitamin ehtiyacı onlarla ödənir. Sərt meyvə və tərəvəzlərin qəbulu dişləri mexaniki olaraq təmizləyir. Məsələn, almanın dişlənilərək yeyilməsi ön dişlərdə mexaniki təmizliyə səbəb olar.

Çalışın şəkərsiz saqqız çeynəyin. Saqqız çeynəmək istəyəndə şəkərsiz olanlarına üstünlük vermək diş üçün xeyirlidir. Çünki şəkərsiz saqqız ağız suyunu artırır və ağızda turşuluğu neytrallaşdırır, kariyesin yaranma səbəbini aradan qaldırır.

Diş sağlamlığı üçün xeyirli olan vitaminlər

C vitamini diş əti üçün çox xeyirlidir. Gündə 1 qram vitamin C diş əti xəstəliyi yaradan xüsusi bakteriyaları məhv edir. Bəzi şirələrin tərkibində (portağal, şaftalı, mandarin və s.) turşu vardır. Bu maddə dişin üst təbəqəsini zədələyir. Ona görə də şirələri çöplə içmək məsləhət görülür. Üzümdən istifadə də dişlər üçün xeyirlidir. Mütəxəssislər üzümdə fitoximik yetişdirici komponentlər aşkar ediblər ki, bu da ağız boşluğunda kariyes və diş əti xəstəliyi yaradan bakteriyaların yox olmasına imkan verir.

Dişlərin sağlamlığı üçün kalsium ən önəmli elementlərdən biridir. Kalsiumla zəngin olan süd və süd məhsulları, meyvə-tərəvəz dişləri çürüməkdən qoruyur.

Vitamin D kalsiumun orqanizmə sorulmasını, sümük və dişlərdə yığılmasını təmin edir. Bu da dişin quruluşu və güclü olması üçün böyük əhəmiyyət daşıyır. Son zamanlarda həkimlərin açıqlamalarına görə, D vitamininin orqanizmdə öz vəzifəsini yetərincə yerinə yetirməsi bir genə bağlıdır. Vitamin D qəbuledici geninin düz işləməməsi dişlərdə mineral tarazlığını pozar və çürüməni sürətləndirər.

Dişdəki problemlərin digər orqanlara zərəri
İrlandiyanın paytaxtı Dublində təşkil edilən Ümumi Mikrobiologiya Dərnəyinin yığıncağında, Bristol Universitetindən professoru Hovard Jenkinson ürək xəstəliklərinin yaranma səbəbləri sırasında diş sağlamlığının da təsiri olduğunu açıqlayıb. Onun sözlərinə görə, sağlam və incə olmaq əhəmiyyətsizdir. Əgər dişlərin vəziyyəti pisdirsə ürək xəstəliyinə tutulma riski artır”. Çünki dişlərin nizamlı olaraq fırçalanmaması dişəti qanamalarına yol açır. Bu da ağızdakı yüzlərlə bakteriyaların qan damarlarına girməsinə səbəb olur. Həmin bakteriyalar qan laxtalanmasını yaradan hissələrə yapışaraq qanın ürəyə çatmasına mane olur və infarkt riskini artırır.

İnsan bədənində ən çox mikrobun olduğu orqanlardan biri də ağızdır. Ağızdakı müəyyən bir xroniki infeksiya mərkəzlərinin yaranması orqanizm üçün bir infeksiya qaynağıdır.Çürük bir dişdə yaranan iltihab prosesi qonşu toxumaları da korlayır. Dişin kökündə hər hansı bir xəstəliyin yaratdığı infeksiya və mikroorqanizmlər qan yoluyla  bədənin fərqli yerlərində iltihaba  səbəb olar. Qana qarışan mikroblar ürək, böyrək və beynin fəaliyyətinə mənfi  təsir edər.

Sağlam təbəssümün qədrini vaxtında bilmək lazımdır
Uşaqlara  dişə qulluq vərdişini körpə yaşlarından aşılamaq məsləhətdir. Unutmayın ki,  körpənizin gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərinə düzgün qulluqdan başlayır. Kiçik yaşlardan başlayaraq tərkibində şirin maddələr olan qidalara  nəzarət etmək lazımdır. Gündə iki dəfə-səhər yeməkdən sonra və axşam yatmamışdan öncə uşaqların dişləri tərkibində çox az flüor olan diş məcunu ilə fırçalanmalıdır. İlk dişlər çıxan zaman körpənizin dişlərini yumşaq və nazik parça ilə silərək təmizləyin. Diş fırçasından istifadə təxminən 1 yaşdan sonra məsləhət görülür. Seçilən fırçanın yumşaq və körpəyə uyğun olması vacibdir. Bu zaman fırçanı yalnız su ilə islatmaq məsləhətdir.

Hamiləlik dövründə dişlərə daha çox qulluq edilməlidir. Gün ərzində 120-150 qr kalsium qəbul edilməlidir. Əgər kalsiuma olan ehtiyac ödənilməzsə, körpənin inkişafı üçün lazım olan miqdar ananın sümüklərindən qarşılanar. Ana kalsiuma olan ehtiyacını süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər kimi kalsiumla zəngin olan qidalarla ödəyə bilər.

Dişlərin təbii və süni yolla ağardılması
Son zamanlarda dişlərin bəyaz görünüşü üçün ağartma üsulundan (bleaching) çox istifadə edirlər.Yadda saxlamaq lazımdır ki, tez-tez dişlərin ağardılması diş minasını xarab edir. Nəticədə dişlər çox həssas olur və tezqırılır. Zədələnmiş mina boyaq maddələrini özünə daha tez hopdurur. Stamotoloji klinikada dişləri 8-9 ton, ev şəraitində xüsüsi vasitələrlə təxminan 4 ton, diş fırçası ilə isə 2 tona qədər ağartmaq olur. Stamotoloji klinikada ağartma əməliyyatını tez-tez aparmaq məsləhət görülmür. Bu proses ildə bir dəfə aparıla bilər. Ağardıcı pastalardan isə həftədə 4 və ya 5 dəfə istifadə etmək olar. Dişləri həkim məsləhəti ilə ağartmaq lazımdır. Hər bir şeyi həkimlə məsləhətləşmədən həyata keçirmək zərərli ola bilər. İldə 1-2 dəfə diş həkiminə getmək, ağızı yoxlatmaq sağlam həyat tərzinin açarıdı.

“Hollivud gülüşü” nədir və bu, onlarda necə alınır?
Hollivud ulduzlarının təbəssümünə hamı heyranlıqla baxır. Əlbətdə ki, onların da diş problemləri olur və demək olar ki, çoxlarının dişləri saldırmadır. Cərrahiyə yolu ilə ağızlarına farfor diş taxdırırlar. Dişlərdəki çürük, aşınma, qırıq və ya strukturca pozulmaların müalicəsində istifadə edilən “laminate farfor” adı verilən “yarpaq farfor” təbii dişə bəyaz görünüş verir. Farfor yarpaqlar istənilən rəng, boy və şəkildə hazırlanır. Bununla  dişlərin şəkil və rənglərini qalıcı olaraq dəyişdirmək mümkündür. Qalıcı ağartma istəyən xəstələr farfora çox böyük üstünlük verirlər. Xüsusilə siqaret çəkənlər daha cilalı və ləkə tutmayan səthlər təmin etdiyi üçün laminate farforları seçirlər. Çünki bu farforlarda hər hansı bir rəng dəyişikliyi olmur.

Təbii ki, “hollivud gülüşü”nə sahib olmaq güclü maliyyə tələb edir. Belə təbəssümün təbii yolla alınması mümkün olmadığına görə “Hollivud gülüşü” əfsanəyə çevrilib. Ulduzlar estetik əməliyyat keçirərək, parlaq təbəssümləri ilə xüsusi imic yaradır, aləmi özlərinə heyran edirlər. “Hollivud gülüşü” müasir Amerika estetikasının möcüzəsi sayılır.

Gözəl dişlərlə gülüş insanın özünə olan güvəninin simvoludur. Cəzbedici gülümsəmə və dümağ dişlər digər insanlarda yaxşı fikir formalaşdıra bilər. Unutmaq lazım deyil ki, insan dünyaya bir dəfə gəlir. Axı niyə hər şeyin yaxşısına siz sahib olmayasız?!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir