eynek

Gün eynəyi seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 1. 780
Qarşıdan yay gəlir. Əksəriyyət öz qarderobunu yeniləyir və mövsümə uyğun geyim, aksesuarlar almağa çalışır. Yəqin ki, bir çoxlarımızın yayda ən çox istifadə etdiyi aksesuarlar arasında gün eynəkləri özünəməxsus yer tutur. Adətən, eynək alarkən hər kəs öz zövqünü  əsas götürür. Bəs görəsən seçim qarşısında qalarkən nələrə diqqət edilməlidir? Keyfiyyətli gün eynəyini necə təyin edə bilərik? Ümumiyyətlə, düzgün seçilməyən gün eynəklərinin orqanizmə hansı mənfi təsirləri ola bilər.
Suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov cavablandırdı. O, bizimlə söhbətində bir sıra maraqlı məqamları qeyd etdi: “Gün eynəklərinin gözə mənfi təsirləri haqqında əksər insanlarda yanlış fikir formalaşıb. Əslində isə optik eynəklərdən fərqli olaraq, gün eynəkləri yalnız günəş şüasını orqanizmə miqdarından artıq keçirdiyi zaman mənfi təsirli olur. Əgər istifadə etdiyiniz eynəyin günəş şüalarını qarşılamaq qabiliyyəti normal səviyyədə deyilsə, bu zaman gözə düşən şüaların miqdarı həddən artıq ola bilir. Belə olan təqdirdə isə  işığın toksik təsirindən gözdə müxtəlif xəstəliklər əmələ gələ bilər. Ona görə, gün eynəkləri də optik eynəklər kimi həkim məsləhəti ilə alınmalıdır. Çünki yalnız göz həkimləri eynəyin şüa sındırma dərəcəsi və digər parametrlərinin insanın gözünə uyğun olduğunu təyin edə bilər. Dünyanın bir çox ölkələrində istər optik, istərsə də gün eynəyi həkim nəzarəti olan yerlərdə satılır. Təəssüflər olsun ki, Azərbaycanda hələlik bu qayda tam formalaşmayıb. Bəzən hətta küçələrdə belə gün eynəklərinin satıldığını görə bilirik. Məsləhət görərdim ki, eynəklər mütləq həkim məsləhəti əsasında alınsın”.
Həkim deyir ki, təsadüfi yerlərdə satılan eynəkləri almaq düzgün deyil: “Bir həkim olaraq eynəklərin optikalarda, həkim nəzarəti olan yerlərdə satılmasının tərəfdarıyam. Bu, çox önəmlidir. Çünki yalnız belə olan halda təsadüfi yerlərdə satılan eynəklərin satışının qarşısı alınmış olar. Gün eynəyinin funksiyası gözə düşən günəş şüalarının miqdarını azaltmaqdır. Əslində, heç bir eynək günəş şüalarının miqdarını tamamilə sıfıra endirə bilməz. Eynəyin keçiricilik qabiliyyəti normal olmalıdır ki, lazım olan miqdarı tənzimləyə bilsin. Bəziləri elə bilir ki, allergik olan şəxslər eynək taxdıqda, bu problem aradan qalxmış olur. Əslində, bu heç də belə deyil. Allergiyası olan şəxslər gün eynəyi taxdığı zaman, sadəcə, qıcıqlanmanın qarşısı alına bilər. Burada onun xüsusi bir funksiyası yoxdur. Keyfiyyətli eynəyi necə və haradan almaq məsələsinə gəldikdə isə bu haqda da konkret nəsə demək düzgün olmaz.
Azərbaycanda belə bir düşüncə formalaşıb ki, Çinin istehsal etdiyi eynəklər birmənalı olaraq keyfiyyətsiz məhsullardır. Əslində, bu heç də belə deyil. Çinin istehsal etdiyi elə keyfiyyətli gün eynəkləri var ki, hətta  Avropada da satılır. Yəni, demək istədiyim odur ki, eynəyin istehsal olunduğu firma əsas deyil. Önəmli olan aldığınız məhsulun keyfiyyətidir. Brend sayılan elə eynək markaları var ki, onların məhsullarının keyfiyyətinə insanlarda bir əminlik var, amma bəzən heç də belə olmur. Yenə də qeyd edirəm ki, keyfiyyətli məhsulu yalnız həkimlər xüsusi cihaz vasitəsilə yoxladıqda tanımaq olar. Yoxlama zamanı eynəyin keyfiyyəti, onu alan şəxsin gözünə uyğun olub-olmamasını təyin etmək olur. Bunu yalnız həkim təyin edə bilər. Kimsə hər hansı bir eynəyin digərinə nisbətən daha keyfiyyətli olduğunu iddia edirsə, bu, düzgün deyil. Sonda bir daha qeyd etmək istərdim ki, gün eynəkləri optik eynək kimi gözün görməsinə müsbət, yaxud mənfi təsir göstərmir. Sadəcə olaraq keyfiyyətsiz gün eynəkləri günəşin şüalarından qoruya bilmir və bu zaman gözdə qıcıqlanma yarada bilər”.
Şəbnəm Mehdizadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir