17523502_1281218448613461_9186070313844212504_n

Günel Eyvazlı: “Bəyənmirsənsə, sən daha əlasını yarat, mat elə”

Baxış sayı: 7. 171

Müsahibimiz gənc şair və yazıçı Günel Eyvazlıdır.

 

– Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – “Sozvuçie” azərbaycanlı gənc şairlərdən bir qisminin şeirlərini yayımlayıb. Bu sırada siz də varsınız. Təbrik edirik.

– Çox sağ olun, minnətdaram. Həm də diqqətinizə çatdırım ki, iki həftə bundan öncə Cümhuriyyətimizin 100 illiyi münasibətilə “Çağdaş Azərbaycan Antologiyası – gənclər” adlı almanax Türkiyədə türk dilində işıq üzü gördü. Kitabda yer alan gənc qələm sahibləri arasında mən də var idim.

– Buna görə də təbrik edirik. Amma ümumiyyətlə, necə hesab edirsiniz, müasir ədəbiyyatımızı dünyaya çıxmağa layiqdirmi?

– Tam səmimi söyləyəcəyəm. Mübaliğəsiz. Çağdaş ədəbiyyatımıza nəzər salsanız, gənclərimizin poeziyasında, prozasında dünyəviliyi, bəşəriliyi görə biləcəksiniz. Azərbaycan ədəbiyyatı, həmçinin ədəbiyyat yaradan qələm sahiblərinin fundomental düşüncə tərzinin nəticəsində yaranan ədəbi nümunələrimiz çox qürurla, sanballa yeriməkdədir, inkişaf etməkdədir.

Əlbəttə, bu inkişaf zəncirvari şəkildə baş verdi. Nəşriyyatlarımız dəyərli kitabların tərcüməsinə vəsait ayırdılar. Bir zamanlar dünya ədəbiyyatı pəncərəsindən baxmaqda yardımçı olan xarici dil bilgisi əgər tək-tək adamların düşüncələrini qidalandırmağa xidmət edirdisə, indi öz ana dilimizdə yetəri sayda tərcümə olunmuş dünya ədəbiyyatı incilərini oxuya bilərik. Elə bu tərcümə axını şüurların da təzələnməsinə, düşüncə tərzinin yenilənməsinə səbəb oldu ki, qələm insanları monoton çərçivədən, ənənəçilikdən sıyrılıb çıxmağı bacardılar. İnanıram ki, yaxın illərdə sorağımız uzaqlardan gələ biləcək. Mən buna inanıram yox, əminəm. Və burada söhbət antologiyalardan, tərcümə edilmiş əsərlərimizdən getmir. Dünyaya Azərbaycan ədəbiyyat adamının düşüncə tərzi, ədəbi priyom və mətnin mayasında dayanan ideya və forma çıxacaq.45421984_1714510618651286_6652854283660165120_n

– Postmodernizmi təmsil edənlər arasında klassikləri birmənalı şəkildə qəbul etməyənlər var. Sizcə, bu münasibət nə qədər arqumentli, əsaslı və ədalətlidir?

– Bilirsiz, özündən öncəkiləri bəyənməmək duyğusunda olmaq haradasa gənclik çılğınlığından başqa bir şey deyil. Yəni bunun modernizmlə, postmodernizimlə heç bir əlaqəsi yoxdur. Tənqidçisənsə, vaxtilə olunmuş təhlili bəyənmirsənsə, buyur, tənqid və təhlil elə. Yox, yazıçısansa bəyənmirsənsə, sən daha əlasını yarat, mat elə.

– Sizcə, yerli gənc müəlliflərdən kimlər 15-20, 50-60 il sonra dövrünün ədəbiyyatının ən yaxşı nümayəndələri kimi xatırlanacaq?

– Belə suallar verdikdə ,mən Nastradamus deyiləm, deyə cavablandırırıram (gülür – V.M.) Doğrudur, öncəni proqnoz etmə qabiliyyətim var və bu proqnoz və güclü altıncı hissimə arxalanaraq əminliklə söyləmək istəyirəm ki, bizi xatırlayacaqlar. Çağdaş ədəbiyyatımız Berlin divarını uçura biləcək.

Sovet dövrünün qadağalarından, çap edilmə mümkünsüzlüyündən ağızdolusu danışanlar var aramızda. Amma sizə söyləyim ki, ən böyük çətinliyi biz gənclik gördük. İlk addımlarımızda sənət xatirinə qonararsız, saytlarda köşələrlə, məqalələrlə, bədii yazılarla çıxış etməyə başladıq. Azərbaycanın ən çətin ədəbi dönəmində boy verməyə, inkişaf etməyə çalışdıq. Bir tərəfdən iqtisadi məhrumiyyətlər, digər tərəfdən sosial məhrumiyyətlər var idi.

Məhz istedad dalğasının nəticəsində mətbuatımızda, sayt və dərgilərdə qonarar sistemi yavaş-yavaş bərpa olunmağa başladı. Dərgilərin, qəzetlərin qapısı əsl qələm sahiblərinin üzünə açıldı. Tərəzinin gözünə əsl sənət ilə, bayağı sənət qoyuldu. Sənət qalib gəldi. Bizə etimad göstərməyə başladılar.

45506164_183324555905789_5742090293696528384_n

Bilirsiniz, hər şey bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Ədəbi dərnəklər, dinləmə ocaqları yaradıldı. Azərbaycan Yazıçılar Birliyində “Gənc Ədiblər Məktəbi” təsis olundu, Bakı Slavyan Universitetində “Yaradıcılıq fakültəsi” yaradıldı. Ədəbiyyat çayxana arealından normal, sivil, etik masa ətrafında cəmləndi. Şəxslər bir-birini, özlərinin yaradıcılıq nümunələrini tanımağa başladı. Disskusiya, ədəbi mübahisələr  çox böyük inkişafverici qüvvədir.

Şəxsin, qələm adamının imzasını təsdiqetmə dönəmi mövcuddur. Əgər şəxs dedi-qodudan, yersiz ədəbi savaşmalardan sıyrılıb, zəkası üzərində qüvvəsini cəmləyərsə, bununla bərabər, öz yazıları ilə öncəki nəslin nümayəndələrinin diqqətini üzərində cəmləyə bilərsə, cəmiyyətə mesaj ötürə bilərsə, oxucular tərəfindən sevilib və yazıları birmənalı qarşılanmayaraq müzakirə obyektinə çevrilirsə, vəssalam, imza təsdiq olunur. Bundan o tərəfə yalnız və yalnız ədəbiyyat haqqında düşünərək yaradıcılıq imkanlarını genişləndirmək, daha keyfiyyətli, daha fundamantal əsərlərinlə çıxış etmək qalır.

İmzasını təsdiqləməyən insanlar var ki, onlar ədəbiyyatda olsalar da “yox” kimi bir şeyə çevrilirlər. Baxın, bu, bədbəxtçilikdir. Çünki həmin adamlar yersiz sayıqlamaları, qeybətləri, ifrat nihilistik adətləri ilə sağlam insanların enerjisini vampircəsinə özlərinə çəkirlər.

– Hesab olunur ki, müharibələr, faciələr ədəbiyyatın, mədəniyyətin inkişafına təkan verir, onu stimullaşdırır. Sizcə, bizim ədəbiyyatımızda bu nə qədər hiss olunub?

– Məhrumiyyətlərin çox böyük energetikası mövcuddur. İnsan alaq otu kimi susuz, daşa dönmüş mühitdə nəyin bahasına olursa-olsun boy verməyə çalışan məxluqdur. Qarabağ müharibəsinin sosial depresiyasından indi-indi bir az çıxmağa başlayırıq. Təsəvvürünüzə gətirin, birdən-birə Azərbaycanda xaotik durum yaranır. Bir tərəfdə torpaq itkisi, digər tərəfdə axışan insan seli, yersiz, yurdsuz insanlar, iqtisadi çətinlik, işsizlik, yenidən qurulmağa başlayan dövlət və s. Bütün bunlar mənim uşaqlıq dönəmlərimə təsadüf edirdi. Biz baxın, bu dövrün, bu hay-həşirin içində böyüyən uşaqlarıq. Həmin sıxıntılar ovucunda əzilən ədəbiyyat özünə nəfəslik axtarırdı. Əslində, ədəbiyyat olmasa da olardı. Amma ədəbiyyatsız da mümkün deyildi. Və yaxud, sosial şəbəkələrin mənfi cəhətlərini kənara atsaq, bizim sosiallaşmağımızda, virtual ədəbi, siyasi, sosial arenaya çevrilməyimizdə çox yardımçı oldu. Baxır innovativ imkanlardan kim necə istifadə edir. Yararlana bilən, əlaqə qurmağı bacaran, qalibdir. Yox əgər işin-gücün ancaq pıçhapıç, onun-bunun əməyini dəyərləndirməməkdirsə, yəni evdə etdiyin hərəkəti virtualda da davam etdirirsən. Bu da inkişaf qarşısında yalnız maneə olacaq.

– Bir az da siz barədə.

– İbtidai sinifdə oxuyanda müəyyən cızma-qaralarım olurdu. Buna, əlbəttə ki, ədəbiyyata gəliş demək olmaz. Sanki hazırlıq dönəmi idi, məşq idi.

Hələ tələbə olarkən  öz şeirlərimi Təbrizdə nəşr olunan “Körpü” jurnalının redaksiyasına göndərmişdim. 2003-cü ildə. 19 yaradıcı gənc arasından mənim yazılarım seçilərək müntəzəm olaraq Cənubi Azərbaycanımızda nəşr olunmağa başladı. Əslində, buna mistik bağlılıq da demək olar. Mənim hər iki valideynimin ana xətti Cənubi Azərbaycanlıdır – Ərdəbil və Təbrizdəndirlər. Elə ilk başlanğıcın Təbriz olması mənim üçün ulu babalarımın xeyir-duası idi, sanki.

Sonra ara-sıra yerli mətbuatda görünməyə başladım. Yolumun üstündə həmişə xeyirxah insanlar oldu. 2004-cü ildə Yeni Azərbaycan qəzetinin “Ədəbiyyat əlavəsi”ndə tez-tez imzam görünməyə başladı. Sonra “Ulduz”, “Sirdaş” və s.

Ədəbiyyata ikinci gəlişim 2011-ci ildə oldu. Bu, yeni nəfəs idi. Sanki sükutdan sonra yaranan yaradıcı tufan idi. O qədər mütaliə etmişdim ki, yaradıcı pauzam beynimi alt-üst edirdi. Amma bu təlatüm, bu coşğu öz effektini göstərə bildi. Öncə sosial mövzularda qələmə aldığım köşələr, məqalələr ajiotaj yaratmağa başladı. Müzakirə obyektinə  çevrildi. Bütün saytlar onlarla çalışmaq təklifini mənə verirdilər. Əməkdaşlıq edirdim. Həmin illərdə, bu tanıtımın ardından Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul oldum. Bir il sonra Prezident Təqaüdünə layiq görüldüm. Ən mötəbər jurnallarda müsahibələrim, düşüncələrim, ədəbi nümunələrim yayımlanmağa başladı. Yaradıclıq nümunələrim mən çaba etmədən, səy göstərmədən antologiyalarda yer almağa başladı. Ekspert qismində TV-lərdə göründüm. Xaricdə yayımlanmaq üçün yazılarımın tərcüməsi ilə bağlı təkliflər gəlməyə başladı.

Sonra “Kaspi”də, “Ədəbiyyat qəzeti”ndə tərcümələrim göründü. Bəyənildi. Yeni tərcümə profilindən gen-bol yararlandım. Ən gözəl, cəmiyyətin tanış olmadığı ədəbiyyat nümunələrini, psixoloji, fəlsəfi mətnləri rus dilindən dilimizə tərcümə etdim. “Ədəbiyyat qəzeti”nin əməkdaşına çevrildim. Belə deyək, siması olmağa başladım. Ümumiyyətlə, bu qəzetin mənim fəaliyyət yolumda rolu əvəzsizdir. Çapa gedən Kultroloji, fəlsəfi, ədəbi yazılarım ədəbiyyata həm yaxın, həm uzaq insanların diqqətini çəkdi. Baş redaktorun diqqətini çəkdi. Qəzet sanki ədəbi nəfəslik missiyasını gerçəkləşdirməyə başladı, mənim üçün tribuna oldu, oxucularla görüşə gəldiyim daimi ünvana çevrildi. Mənə çoxlu zənglər olurdu. Yazılarımı təqdir edirdilər, tərifləyirdilər, sevirdilər. Bütün bu işlərin fonunda qəzetin təsis etdiyi və mənim üçün çox dəyərli olan “Əli bəy Hüseynzadə” mükafatına layiq görüldüm. Növbəti il Sumqayıt İcra Hakimiyyəti tərəfindən, Gənclər və İdman Nazirliyinin Sumqayıt şöbəsi tərəfindən “İlin gənc yazıçısı” adına layiq görüldüm. Yəni bütün bunlara və sadalamadığım neçə-neçə mükafatlara tanışdıq, qohumluq, əlaqələr yolu ilə deyil, sırf yaradıcılığımla, yazılarımla nail oldum.  İnkişaf kordinatlarım hamının gözü qarşısındadır. Ətrafımda o qədər yaxşı insanlar var ki. Adlarını çəkməsəm də istəyirəm bilsinlər ki, daima mənə dostluq əlini uzadan bütün insanlar həmişə yaddaşımdadır. Yəqin həyatımın növbəti ahıllıq, xatirə dönəmində bütün bu hadisələri memuar olaraq, şəxsləri adbaad, əməlbəəməl kağıza köçürüb ədəbiləşdirəcəm.

45361621_526886621108747_2017578591151194112_n

– Kimləri mütaliə edirsiniz?

– Yaxşı sualdır. Mənim yaradıcılıq depo mənbəyim təkcə bədii nümunələr deyil. Bunu daima təkrarlayıram. Çalışdığım qədər beynimi yaradıcı insanların düşüncə zibilxanasına çevirmirəm. Beynimi bacardığım qədər təmiz saxlamağa və mənə məlum olan mənbələrdən qidalanmağa çalışıram. Amma yanımızda, bizimlə birgə ədəbi meydanda kimlərin olmasını, kimlərlə çiyin-çiyinə yürüdüyümüzü, kimin qüvvəsinin nə qədər olmasını şəxsən özüm üçün müəyyən etmək istədiyimdən, əlbəttə, ilk abzasdan diqqətimi çəkən müəllifləri oxuyuram. Sonra daima o imzaları axtarıram. İndiki işimlə əlaqədar olaraq, yəni “Ədəbiyyat qəzeti” saytının redaktoru olaraq mətnləri mütləq oxuyuram. Bu, çağdaş ədəbiyyatımızın qələm sahiblərinin hansı yaradıcı bacarıqda olması gerçəkliyini mənim üçün aydın edir. Bəli, adamlar var ki, çox yazır, əslində heç nə yazmır. Bir də görürsən böyük mətn içində hər şey var, amma heç nə yoxdur. Əgər bir zamanlar Füzulinin, Nizaminin Söz haqqında söylədiklərini söz olaraq qəbullanırdımsa, indi həqiqətən də sözün nə qədər qiymətli olmasının və onu bihudə yerə mətnlərdə xərcləyənlərin fərqindəyəm.

Konkret suala gəlincə – daha çox siyasi, tarixi, fəlsəfi traktatlar oxuyuram. Amma adları deməyəcəyəm…

– Ən təsirli ədəbi nümunəniz hansını hesab edirsiniz?

– “İsopiya” adlı hekayəm ilk akkordlardan ictimaiyyətin diqqətin üzərinə çəkməyi bacardı. “Cadugər”, “Tutenxaton”, “Katarsis”, “Enarey-Kahin”, “Muxtar” hekayələrimə bir yaradıcı gözlə baxdıqda, sanki başqasının yazısı olaraq qiymət versəm, çox fərqli, çox düşündürücü, çox dünyəvidir. Sonuncu qələmə aldığım “Pikasso” pyesim diqqəti üzərində cəmləməyi bacardı. Esselərim çox sevilir. “Edamın bir addımlığında” (Bu yazıdan sonra Zəlimxan Yaqub mənə telefon açmışdı), “Qadın ədəbiyyatı”, “Nəhənglər”, “Siluet” və s. esselərim mənim üçün tanıtım mətnlərimə çevrildilər. Şəxsiyyət vəsiqəsi rolunu oynadılar. Şerilərim – sonuncular- “Sən tanrısan”, “Araxna” çox sevildi. Siyahını uzatmaq mümkündür. Sadəcə, insanın özü haqqında nəsə deməsi bir az diskomfort yaradır. Amma tənqidçilər, ədəbiyyat biliciləri yaradıcılığım haqqında çox danışıb.

– Ən təsirli misralarınız?

“Dağlar onları aşmaq üçün deyil, nələrisə gizlətməkdir arxasında”, “Heç günəş də düşündüyün istilik deyil, nə də işıq. Bədənin nəmini buxarlandırmaqdan ötrüdür. Göydə bulud olsun, yenidən yağmağa”.

Bayaq qeyd etdim öncəgör qabiliyyətimi. Əslində, bu bacarıq bir çox dünya ədiblərinin yaradıcılığında özünü göstərir. Bu, alt şüurda baş verən prosesdir. Bəzən istəməyərəkdən, sanki Kosmik fəzadan heç kimə məlum olmayan informasiyanı götürə bilirsən. Bir də görürsən şeirimdə, nəsr əsərində hansısa fikri söyləyirəm. 3 ay, 4 ay sonra – tez bir zamanda həmin elementin gerçəkləşməsini müşahidə edirəm. “Muxtar” hekayəmdə, “İsopiya”, “Kahin”də belə nüanslar var. İndi sitat gətirdiyim “Səbəb” şeirinin də alt qatında müəyyən mənim özümdən asılı olmayaraq deyilən kəlmələr vardır ki, mən o həqiqətləri çox sonra dini mətnlərdə görməyə başladım. Halbuki, o şeirlər yazılana qədər “Tövrat”dan, “İncil”dən xəbərsiz idim.

 

Söhbətləşdi: Vüsal Məmmədov

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir