İngiltərənin tibb jurnalı olan “The Lancet”in verdiyi məlumatlar bu günə qədər müxtəlif derma-kosmetoloqların rəylərinin üzərinə kölgə saldı. Belə ki, jurnalın məlumatına görə, günəş şüalarından qorunmanın ən yaxşı yolu günəş şüaları altında qalmamaqdır. Qoruyucu kremlər, şapkalar, günəş çətiri və s. bu kimi vasitələr isə günəş şüalarının qarşısını çox az miqdarda alır.
İsveçrə, Danimarka və ABŞ universitetlərindəki dermatoloqlar günəşdən qorunma strategiyasını “günəşə mümkün olduğu qədər az məruz qalmaq, şapka taxmaq və qoruyucu geyimlər geymək” olaraq açıqlayıb. Günəşdən qorunmada parçanın toxunma növü, rəngi, ağırlığı və qalınlığı kimi bir çox meyarın önəmli olduğunu açıqlayan mütəxəssislərin fikrincə, tünd rənglər açıq rənglərə nisbətən daha az qoruyucu xüsusiyyətə malikdir.
Mütəxəssislər bildirirlər ki, çox günəş şüası altında qalmaq dəridə nazikləşmə, qırışma, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapilyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Terapevt Məlahət Abbasovanın sözlərinə görə, günəş şüalarının ən təsirli vaxtı saat 10.00-16.00 arasıdır. Ona görə də günün bu saatlarında daxili məkanlarda olmaq məsləhət görülür. Günəş şüalarından qorunmaq üçün (əgər açıq havada işləyirsinizsə) həmin saatlarda kölgəyə çəkilin və ya əyninizə tünd rəngli geyimlər geyinin. “Günəş kremlərinin qoruyuculuğu üzərində qeyd edilir. Buna görə də çalışın ki, kremlərin istifadə qaydalarını oxuduqdan sonra onlardan istifadə edəsiniz. Yaşlılar və gənclər dəri tiplərinə uyğun kremlərdən istifadə etməlidirlər. Unutmamaq lazımdır ki, günəş kremlərini günəşə çıxmamışdan yarım saat öncə tətbiq etmək lazımdır. Gün kremlərini dəriyə kafi miqdarda yeridilməlidir. Dənizə və ya hovuza girdikdə, dəsmalla qurulanan zaman yenidən gün kremlərindən istifadə etmək lazımdır”.
Həkim bildirir ki, yay fəslində xüsusi müalicə alanlar günəş şüalarına qarşı daha diqqətli olmalıdırlar. Çünki kimyəvi preparatlar dərinin həssaslığını daha da artırır. 3 yaşından kiçik uşaqlar, ümumiyyətlə, günəş şüaları altında saxlanılmamalıdır. Uşaqların gün ərzində itirdikləri su miqdarını tənzimləmək üçün gün ərzində çox su içirmk lazımdır.
Həmsöhbətimizin dediyinə görə, günəş dəridə qalıcı yanıqlara da səbəb ola bilər. Günəş şüaları altında qoruyucu geyimsiz və maskasız qalındığı zaman dəridə qızartı, qaşınma və bəzən sulu yaralar əmələ gəlir. Bu yaralar gün yanığı hesab edilir.
Çox zaman günəş şüalarının orqanizm üçün xeyirli olduğunu deyib uşaqları saatlarla günəş altında oynamağa buraxır, böyüklər isə dənizkənarında, hovuz başında gün vannası qəbul edirlər. Mütəxəssislərə görə, günəş şüaları xeyirlidir, amma düzgün zamanda qəbul edildiyində. Günün müəyyən saatları var ki, həmin saatlarda günəş işığı altında qalmaq olmaz. Çünki bu, dəriyə zərər verməklə yanaşı insanların həyatına da son qoya bilər.
M.Abbasovanın sözlərinə görə, günəş şüaları altında çox qalınan zaman günvurma baş verə bilər ki, bu da çox zaman ölümlə nəticələnir. Günəş adətən istiliyin 32-dən yuxarı, nisbi rütubətin 60-dan çox olduğu saatlarda təhlükəli olur. Orqanizmin olduğu mühitin istiliyinin yüksəlməsinə qarşı ən əhəmiyyətli müdafiə etmə vasitələri, dəridəki damarların genişləməsi və tərləmə ilə maye itirilməsidir. Tərləmə davam etdiyi müddətdə kifayət qədər duz və su qəbul edib istiliyə dözmək mümkündür. Rütubətin nisbəti artdığı zaman tərləmə ilə olan maye itkisi azalmağa başlayır və beləcə gün vurma ehtimalı yaranır. “Günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır. Ürək, beyin, böyrək, qaraciyər kimi bir çox həyati əhəmiyyət kəsb edən orqanın funksiyası pozula bilər. Günvurma ani olaraq ortaya çıxan baş ağrısı, baş gicəllənməsi, danışma pozuntusu, huşunu itirmə, xəyal görməyə başlama, ürəkgetmə və komaya səbəb ola bilər. İki cür günvurma var. Klassik günvurma yaşlılarda, damar sərtliyi, ürək qeyri-kafiliyi, şəkər xəstəliyi olanlarda, alkoqoliklərdə müşahidə edilir. İsti dalğaları bu insanlarda infarkt və ürək çatışmazlığı ilə bağlı ölümə səbəb ola bilər. Hərarət yüksək olduğu üçün halsızlıq tipik haldır”.
Müsahibimiz bildirib ki, ağır günvurma zamanı termometr 41 dərəcəni göstərsə də, daxildə istiliyin dərəcəsi 44-ə qədər qalxa bilir. Bu halda dəri quru və qızarmış olur, nəbz sürətli, tənəffüs isə zəif olur. Bu zaman zərərçəkmiş yuxulayır və ya komaya düşə bilər.
İkinci tip günvurma – efora isə adətən işçilərdə, cütçülərdə, əsgərlərdə, idmançılarda daha çox baş verir. Əlamətləri klassik günvurmaya bənzəsə də, bunun aldadıcı bir fərqi var. Belə ki, efora günvurma zamanı bədənin daxili istiliyi çox olsa da, xaricdən çox soyuq olur. Bu zaman zərərçəkənlərdə böyrək çatışmazlığı, damarda qan laxtalanması daha sürətlə yaranır.
Abbasovanın dediyinə görə, günvurma zamanı ilk olaraq xəstədə soyudulma prosesi aparılmalıdır. Belə ki, bəzən xəstəyə maye qəbul etdirməyə çalışıb bədəni soyutma ilə məşğul olmurlar. “Əslində isə birinci bədən soyudulmalıdır.
Xəstə kölgə bir yerə uzandırılmalı, sərin su ilə yuyundurulmalı və xəstəxanaya çatdırılmalıdır”.
Həkim bildirir ki, günvurmadan qorunmaq üçün günün isti saatlarında evdə oturmaq lazımdır. İsti günlərdə həzmi asan olan yeməklər yemək, çox maye qəbul etmək, müyvə-tərəvəz yemək, siqaretdən uzaq durmaq və tez-tez duş qəbul etmək lazımdır.
Qeyd edək ki, insan orqanizmi hər bir şəraitə, eləcə də istiyə 1 həftə müddətində alışır. İlk gün hiss edilən narahatlıq sonuncu günə qədər azalıb yox olur. Buna görə də çalışın ki, bədəninizin öyrənə biləcəyi 7 gündə özünüzü günvurmadan qoruyasınız.
İradə Cəlil