salat

Günün təamı – Novruz süfrəsi üçün gözəl tərtibatlı salatlar – FOTOLAR

Baxış sayı: 1. 682

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə Novruz bayramında süfrənizi bəzəyəcək bir neçə salat resepti təqdim edirik.

 

Kala salatı

Tərkibi: 

1 st. düyü
3 yumurta
200 q toyuq filesi (krab  çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar
1 banka qarğıdalı konservi
mayonez
ərinmiş pendir (lay-lay)
bəzək üçün pomidor və ya xiyar

Düyünü yuyub duzlu suda bişirin. Soyudun.
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin.
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın.
Pendiri tərəfi 1 sm olan kubik doğrayın.
Xiyarı kubik doğrayın.
Qarğıdalı konservinin suyunu süzün.
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın.

Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin. Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin. Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə “kala” düzəldib salatın üzərinə yerləşdirin. Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.

“Qızıl balıq”

Tərkibi: 

150-200 q suda bişmiş tıxsız balıq
1 yumurta
1 kartof
1 böyük yerkökü
mayonez
şüyüd
çuğundur
qara gavalı

Bu, lay-lay salatdır.
Bişmiş balıq ətini xırdalayıb buluda balıq formasında döşəyin. Yumurtanı sürtgəcin iri gözündən keçirib balığını üzərinə döşəyin. Azca mayonez vurun. Kartofu sürtgəcdən keçirin. Bu, üçüncü lay olacaq.
Üzərinə mayonez çəkin. Yerkökünü sürtgəcdən keçirin. Bu, axırıncı lay olacaq.
İstəyə görə, layların arasına duz və istiot da səpə bilərsiniz. Çalışın, layları döşədikcə əvvəlcədən hazırladığınız balıq konturundan kənara çıxmayasınız.
Balığın quyruğunu və üzgəcini şüyüddən, dilini və gözünü bişmiş çuğundurdan düzəldə bilərsiniz. Gözünü düzəldərkən çuğundur diliminin bir tərəfinə mayonez çəkib, bəbək yerinə də qara gavalı qoya bilərsiniz.

“Səbət” 

Tərkibi: 

istənilən salat
bulka
göy soğan, yaxud tərxun
kolbasa
duzlu çöp

Bu cür tərtibat üçün bir neçə salatdan, xüsusilə də tərkibində kolbasa, yaxud göy soğan olanlardan, istifadə etmək olar.

Bulkanın üstünü kəsib götürün.
Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Onu bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Bu, ondan ötrüdür ki, “səbətin” içinə salat qoyanda bulka islanmasın. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də götürə bilərsiniz.

Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə “səbət” toxuyun. Hazır olandan sonra içinə salat doldurun.

“Günəbaxan” 

Tərkibi: 

2 toyuq budu
400 q şampinyon
1 baş soğan
3 yumurta
150 q pendir
1 banka çərdəksiz zeytun
qarğıdalı konservi
mayonez,
şüyüd
çips (sadə)

Bu da lay-lay döşənən salatdır.

Toyuq budunu bişirib sümükdən ayırın, xırdalayın. Göbələyi xırda doğrayın, soğanla birlikdə yağda qovurun. Yumurtaları suda bişirin.

Sonra ərzaqları lay-lay döşəyin:
Əvvəlcə toyuq ətinə azca mayonez qatıb qarışdırın, buluda döşəyin.
Üstünə soğanla qovrulmuş göbələk döşəyin. Mayonez çəkin.
Yumurtanı sürtgəcdən keçirib döşəyin. Üstünə mayonez çəkin.
Pendiri sürtgəcin xırda gözündən keçirib salatın üstünə səpin.

Günəbaxan: salatın ortasına dairə şəklində çəngəllə əzilmiş bişmiş yumurtanın sarısını və bir az da qarğıdalı qoyun. Zeytunları 4 bölüb səliqə ilə bunların ətrafına düzün (bunlar günəbaxanın tumları olacaq). Hətta iki-üç sıra təkrarlaya bilərsiniz. Çipslərdən isə günəbaxanın ləçəklərini düzəldin.

“Zümrüd quşu”

Tərkibi: 

300 q toyuq əti
1 banka şampinyon konservi
1 təzə xiyar
1 bolqar bibəri
100 q pendir
5-6 ədəd qara gavalı
3 bişmiş yumurta
mayonez

bəzək üçün:
pendir
nar dənələri
qara gavalı
yerkökü
təzə xiyar
göyərti

Bütün ərzaqları ya saman kimi, ya da kubik doğrayın, qarışdırıb duzlayın, mayonez vurun, yenə qarışdırın.  Buluda çəkin. Üzərini azca hamarlayın.

Zümrüd quşu: salatın ortasından bir qədər aşağıda ərinmiş pendirdən quş bədəninə bənzər dilim kəsib qoyun. Quyruğunu sürgəcdən keçirilmiş xiyardan düzəldin. Bəzək kimi halqa doğranmış qara gavalı və nar dənələrindən istifadə edə bilərsiniz. Quyruğun konturlarını yerkökündən nazik doğradığınız zolaqlardan düzəldin. Salatın ətrafı boyu isə nar dənələrini düzün.

Nuş olsun! 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir