bina

Güzəştli mənzillərin satışında daha bir YENİLİK

Baxış sayı: 1. 735

Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişiklik güzəştlə əldə ediləcək mənzil üçün ipoteka kreditinə dair tələblə bağlıdır. Qaydaya əsasən, indiyə qədər mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməli idi. Bu zaman kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna sayılırdı. Dəyişikliyə əsasən, agent bank və borcalana mənzilin satış qiymətinin 90 faizi çərçivəsində kredit məbləğini müəyyənləşdirmək sahəsində birmənalı sərbəstlik verilib. Başqa sözlə, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.

Qanun dəyişikliyini Modern.az-a şərh edən iqtisadçı Vüqar Bayramov deyib ki, dəyişiklikdən əvvəl ipoteka kreditlərinə müraciət edən şəxs satış qiymətinin 90 faizi həcmində kredit götürmək imkanına malik idi:

“Əgər krediti 90 faizdən az götürürdüsə, o zaman həmin şəxsin yazılı şəkildə, rəsmi müraciət etməsi şərt idi. Məsələn, mənzilin satış qiyməti 100 min manatdırsa, bu zaman mənzil almaq istəyən şəxs 90 min manat deyil, 60 min manat kredit götürmək istəyirdisə, buna görə yazılı müraciət etməli idi. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu prosedur ləğv edilib. Kredit məbləğini agent bank və borclanan öz aralarında sərbəst şəkildə müəyyən edə bilərlər. Yəni, əgər vətəndaş 90 min manat deyil, 60 min manat kredit götürmək istəyirsə, artıq bunun üçün yazılı müraciət etməyə ehtiyac yoxdur”.

Ekspert bildirib ki, bu, müəyyən yığımı olan vətəndaşlara ipoteka krediti götürən zaman seçim sərbəstliyi verir:

“Nəticə etibarilə prosedurların sayının azaldılması və ipoteka kreditlərinə əlçatanlığın artması baxımından vacibdir”.

Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

–  gənc ailənin üzvü olan şəxslər: (şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
– məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi
növündə xidmət keçən şəxs;
– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
– fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
– idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman
xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların
mükafatçısı (I, II və ya III yer);
– elmlər doktoru elmi dərəcəsi olan şəxs;
– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan
Respublikasının hərbi qulluqçuları;
– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir