tebiet

Həftəsonu hansı rayonlarda dincəlmək olar?

Baxış sayı: 895

“Yay mövsümü iyunun 15-dən sentyabrın 15-nə kimi olan müddəti əhatə edir. Hələ ki fürsətimiz var, bir həftə simvolik də olsa, yay mövsümündən bəhrələnməliyik”. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirir.

Məlum olduğu kimi, ölkə ərazisində karantin rejimi növbəti dəfə yumşaldılıb. Sentyabrın 8-dən paytaxtdan şəhərlərə, eləcə də rayonlara gediş-gəliş açılıb.

Görəsən, pandemiya dövründə ən çox ziyan dəymiş turizm sektoru buna hazırdırmı? Bundan sonra bu sahənin fəaliyyəti necə tənzimlənəcək? Bölgələrimizdə pandemiyadan sonra turizmin tez və effektli dirçəlişi üçün nələr nəzərdə tutulub?

Suallarımızı cavablandıran Kənan Quluzadə bildirib ki, insanların rayonlarda istirahətə böyük marağı var. Həftə sonu üçün regionlardakı otellərə sifarişlərin sayı çoxdur:

“Əsas məsələ ondan ibarətdir ki, yenidən sərtləşdirmə tədbirləri zərurəti yaranmasın. İnsanlarımız, sənayemiz, turizm səyahətlərini təşkil edənlər, turoperatorlar öz fəaliyyətlərini, istirahəti elə qurmalıdır ki, yoluxmalar artmasın, yenidən sərt karantinə qayıtmağa ehtiyac olmasın. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Avqust ayında Nazirlər Kabinetinin pandemiya dövründə hotellərin fəaliyyətinin tənzimlənməsi qaydaları ilə bağlı qərarı olub və monitorinqlərin həyata keçirilməsi Dövlət Turizm Agentliyinə tapşırılıb. Biz də digər dövlət qurumları, yerli icra orqanları ilə birgə artıq 3 həftədir ölkə üzrə fəaliyyət göstərən hotellərdə həftədə iki dəfə olmaqla monitorinqlər keçiririk. Əsas məqsədimiz həm istirahət edən insanları, həm də qonaq qəbul edən turizm subyektlərini maarifləndirməkdir, buna da nail olmuşuq. Monitorinqlərin bir müsbət məqamı da ondan ibarətdir ki, bəzi hotellər fəaliyyətlərini dondurmuşdu, onlar bilmirdilər bu qaydalarla işləyə biləcəklər, ya yox. Artıq beş hotel fəaliyyətini bərpa edib”.

Kənan Quluzadə onu da əlavə edib ki, ümumən monitorinqlər ölkə üzrə 229 hoteli və mehmanxananı əhatə edib:

“Hotel personalı üçün monitorinqi həyata keçirənlər və Turizm Könüllüləri İctimai Birliyinə qoşulanlar üçün öncə təlimlər keçirilib. Hazırda 229 hoteldən 150-si fəaliyyət göstərir. Turizm könüllüləri bu hotellərin hər birində gün ərzində maarifləndirmə işləri aparırlar. Ümumən monitorinqlər 174 xidmət üzrə aparılır və bal sistemi tətbiq edilir. Bura qəbul şöbəsindən tutmuş digər xidmətlər daxildir. Burada eyni zamanda hotellərin reytinqləşdirilməsi də həyata keçirilib. Son nəticələr göstərib ki, 174 baldan Bakı və regionları üzrə 168, 167, 157 bal toplayan hotellər var. Bu onu sübut edir ki, hotellər bu qaydalara əməl edə bilirlər. Əsas məsələ personalın və hoteldə qalanların COVID-19 testindən mütəmadi keçirilməsi idi, o da ötən həftədən etibarən ləğv edildi. Bundan əlavə, qaydalara əməl edən hotellərə ”Sahman” nişanı verilib ki, vətəndaşlarda o nişanı görən kimi əminlik yaransın. “Sahman” nişanı o deməkdir ki, həmin obyekt insanların sağlamlığı üçün təhlükəsizdir. Biz vətəndaşlara müraciət edirik ki, “Sahman” nişanı olan, eləcə də digər hotellərdə problem gördükləri zaman sosial şəbəkələrdə yazsınlar və ya DTA-ya zəng vuraraq xəbər versinlər. Bununla da problemləri tez bir zamanda həll etməyimizə yardımçı olsunlar”.

Kənan Quluzadənin fikrincə, gediş-gəlişin bərpası o demək deyil ki, istirahət mərkəzləri fürsətdən istifadə edib yüksək qiymətlər tətbiq etsin:

“Yaxın vaxtlarda ”Macəra yaxındadır!” adlı kampaniyaya başladıq. Orada səyahət təşkil edən şirkətləri, turoperatorları könüllü olaraq cəmlədik ki, hər bir insanın büdcəsinə uyğun səyahətlər paketi formalaşdırılsın. Bu sahədə işləyən ictimai təşkilatlarla danışmışıq. Rayonlara gediş-gəlişin açılması o demək deyil ki, fürsətdən istifadə edib, istirahət mərkəzləri yüksək qiymətlər tətbiq etsin. Düzdür, qiymət məsələsi dövlət tərəfindən tənzimlənmir. Amma yenə də əhalinin azalmış gəlirləri nəzərə alınmalıdır və hər kəs öz büdcəsinə uyğun yerdə istirahət etməlidir. Biz çox ümid edirik ki, vətəndaşlarımız yaranmış fürsətdən istifadə edəcəklər. Amma çox böyük xahişimiz var, yenidən sərt karantin rejiminin olmaması üçün qaydalara riayət etsinlər”.

Onun sözlərinə görə, bundan sonra növbəti vacib mərhələ sərhədlərin açılması ilə bağlıdır:

“Daxili turizm başladı, növbəti hədəfimiz xarici ölkələrə gediş-gəlişin bərpası, sərhədlərin açılmasıdır. Biz araşdırırıq ki, bunu hansı mexanizmlərdən, hansı üsullardan istifadə edərək təmin etmək olar. Ümumən turizm dünyada və Azərbaycanda ən çox ziyan çəkmiş bir sahədir. Bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə 4 dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 2,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib. Bakı, Sumqayıt şəhərlərindən və Abşerondan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir