Nermine Abbasova

“Həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”

Baxış sayı: 565

“Qızılca epidemik, yoluxucu bir xəstəlikdir. Xəstəliyin ən irəli vəziyyətlərində sətəlcəm və beyin iltihabı kimi vəziyyətlərə də yol aça bilir. 6 aydan əvvəlki körpələrdə nadir hallarda büruzə verir. Çünki anadan alınan anticisimlər körpəni bu xəstəlikdən qoruyur.

Bunu oxucularımızı son zamanlar tüğyan edən qızılca xəstəliyi ilə bağlı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir. Nərminə xanım vurulayıb ki, xəstəlik uşağa yaxın təmas və hava-damcı yolu ilə keçir:

“Xəstəlik virusu bədənə girdikdən təqribən 10 gün sonra əlamətlər özünü göstərməyə başlayır. Qeyd edim ki, əlamətlər özünü mərhələlər halında göstərir. İlk iki gün burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, gözdə ağrıma, öskürək olur. İşığa qarşı həssaslıq göstərir. Üçüncü gün ağız içində ağ nöqtə şəklində ləkələr görülür. Dördüncü gün isə bu əlamətlərdən sonra dəridə səpgilər meydana gəlir. Səpgilər alın və boyun bölgəsində başlayır, sonra bədənə yayılır. Yüngül qabarıq və qırmızı səpgilər bəzən başqa komplikasyonlara da yol aça bilər. Bunlar orta qulaq iltihabı, beyin iltihablanması, sətəlcəm və sairdir. Xüsusilə qızılca keçirən körpə uşaqlarda orta qulaq iltihabı olur”.

Terapevt deyir ki, xəstəlikdə səpgilər görüldükdən sonra 1 həftəyə qədər davam edir və sonra öz-özünə itməyə başlayır. Həkimin sözlərinə görə, uşağın qızdırmasını salmaq üçün ona bol maye verilməlidir:

 

“Uşağın yaxşıca istirahət etməsi də əhəmiyyətlidir. Həkim uşaqda qızılcadan ötəri ortaya çıxan əks təsirlərin aradan qaldırılması üçün lazımi tədbirləri görür və əks təsirləri aradan qaldırıcı müalicəni edir. Məsələn: görülən qızdırma üçün həkim tərəfindən qızdırma salıcı dərmanlar təklif edilir. Burun axıntısı üçün burun damcısı təklif edilir. Öskürək üçün isə otaq nəmləndirilir, bitki mənşəli çay və ilıq su içirilir. Gözdəki ağrı üçün ilıq su və pambıqla gözə masaj edilir.

Nərminə xanım qeyd etdi ki, körpəni qızılca xəstəliyinə qarşı qorumaq üçün peyvənd təqvimindəki peyvəndlər nizamlı olaraq vurulmalıdır. Həkim deyir ki, peyvənd uşaq üçün 95%-ə qədər qoruma təmin edir:

“Qızılca xəstəliyində özünü göstərən sətəlcəm, orta qulaq iltihabı, beyin iltihabı kimi ağırlaşmalara görə də dərman müalicəsi edilir. Uşağın işığa qarşı həssaslığı nəzərə alınaraq, işığın olmadığı yüngül qaranlıq bir otaqda dayanması təmin edilməlidir. Qızılca virusu çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə münasibətdə, ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır”.

Nərminə xanım bildirdi ki, təcili vəziyyətlərdə uşağı vaxt itirmədən həkimə göstərmək lazımdır:

“Uşağın qızdırması 39° və daha yüksək olarsa, dəri töküntüləri 4 gün və daha uzun müddət davam edərsə, yaxşılaşma müddətində təkrar köhnə vəziyyət dönərs, nəfəs alıb-vermədə problem yaşanarsa, xırıltılı nəfəs alıb vermə olarsa təcili həkim nəzarətinə götürülməlidir. Qızılcada ölüm halları kifayət qədərdir. Qeyd etdiyim kimi, qızılca miningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir”.

qizilca

 

Terapevt vurğuladı ki, qızılca diaqnozunu ancaq həkim qoya bilər. Onun sözlərinə görə, sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır:

“Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın. Qeyd edim ki, qızılca tutan və yoluxma təhlükəsi olan uşaqlar ətrafdan təcrid olunmalıdır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağça yaşlarındadırsa, həmin müəssisəyə getməməlidir”.

Nərminə xanım bildirdi ki, bu xəstəlikdə peyvənd mütləq olmalıdır. Həkim deyr ki, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürə bilər. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir