Lale Ibrahimova

Həkim-nevroloq: “İdmançılara və sıravi insanlara belə masaja getməməyi məsləhət görürəm”

Baxış sayı: 1. 297

Son illər insanlar arasında nevroloji problemlər, onurğa sütununda protruziyaların, yırtıqların ortaya çıxması kimi xəstəliklər xeyli artıb. Demək olar ki, bu xəstəliklər zəmanənin xəstəlikləri sırasında olan ürək-damar və onkoloji xəstəliklərlə “rəqabətə” girib. Mövzunun aktuallığını nəzərə alıb bu xəstəliklərlə çox effektiv mübarizə aparan Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu, neyrofizioloq, neyroreabilitoloq, idman sahəsi üzrə dietoloq və nutrisioloq Lalə İbrahimovaya müraciət etdik.

Qeyd edək ki, pasiyentləri üzərində xeyli fərqli müalicə üsullarını tətbiq edən Lalə həkimə artıq xarici ölkələrdən də müraciət edənlərin sayı artır. Olduqca təvazökar olması səbəbindən özü bu barədə danışmaq istəmədi, amma digər suallarımızı cavablandırmaq üçün vaxt ayırdı.

 

– Lalə xanım, ölkəmizdə onurğa sütununda protruziyaların, yırtıqların yaratdığı ağrılar çoxalıb. Bu problemə sizin baxışınızı bilmək maraqlıdır.

– Hazırda fəqərəarası disk yırtığı, protruziyalarla əlaqədar dünyanın bir çox ölkələrində mübahisələr gedir. Yəni bir qrup həkim bunların ağrı verdiyini, digər qrup isə ağrı vermədiyini bildirir. Mən nevroloq kimi, onurğa sütununun quruluşuna və kliniki təcrübəmə əsaslanaraq demək istəyirəm ki, fəqərəarası protruziyalar və yırtıqlar ağrı vermir.

 

– Dediklərinizi nə ilə izah edə bilərsiniz?

– Onurğa sütunun quruluşu, protruziyalar, yırtıqlar haqqında kifayət qədər danışılıb, mən bəzi əlavələr edəcəyəm. Fəqərəarası disk yırtığı və protruziyalar onurğadan çıxan sinir kökcüyü ilə fərqli horizontal səviyyələrdə yerləşir. Yırtıq çox böyük olmalıdır ki, sinir kökcüyünü sıxsın, həmçinin sinir kökcüyünün çıxdığı yerdə ağrı reseptorları yoxdur. Bu isə o deməkdir ki, sinir kökcüyü yırtıqla sıxılarsa, o zaman ağrı olmayacaq, parez yaranacaq. Parez olan ətraf keyləşir, hərəkət məhdudlaşır, nevroloji statusda böyük dəyişikliklər olur. İnsanda elə bir duyğu yaranır ki, sanki bu ətraf onun deyil. Həmçinin kiçik çanaq orqanlarının funksiyası pozulur. Çox şükürlər olsun ki, belə hallar az rast gəlinir.

 

– Lalə xanım, əməliyyatsız, müalicə nəticəsində yırtıqların protruziyaları aradan qaldırmaq mümkündürmü?

– Yırtıq fəqərəarası diskin mərkəzində yerləşən, amortizasiya rolu oynayan jelatinəbənzər maddədir. Yırtığın geriyə doğru çəkilməsi mümkün deyil, çünki vertikal çox böyük təzyiq altındadır. Həmin bu yırtığın tərkib hissəsi 70 % sudan ibarətdir. Zamanla tərkibindəki su sorulur və yırtıq ölçücə kiçilir. Hətta yox ola da bilər. Buna isə zaman lazımdır.

 

– Maraqlıdır, bəs bu ağrıların yaranmasının səbəbi nədir?

– Dayaq-hərəkət sistemində ağrıların əsas yaranma səbəbi triqqer nöqtələridir. Triqqer nöqtələrinin yaranma səbəbi isə çox müxtəlifdir, mübadilə pozğunluğu, travma, stress və s… Həmçinin triqqer nöqtələri travmaların, travmalar isə triqqer nöqtələrinin yaranmasına səbəb olur. Bütün travmalardan, oynaqlarda aparılan əməliyyatlardan, gips sarğılarından sonra yaranan ağrılar triqqer ağrılarıdır.

7fb8db6e-b89c-439c-890b-df05a775b144.jpg (17 KB)

– Televiziyada, sosial şəbəkələrdə bu ağrıları protruziya və yırtıqların yaratdığı bildirilir. Siz nə deyə bilərsiniz?

– KT və MRT müayinəsi təxminən 30-40 il əvvəl yaranıb. Əvvəllər rentgen müayinəsi idi. Bu müayinə ilə onurğa sütununda yırtıq və protruziyaları diaqnostika etmək mümkün deyil. KT və MRT müayinəsi vasitəsilə yırtıq və protruziyaları aşkarlayan kimi bütün həkimlər ağrıların əsas yaranma səbəbini tapdıqlarını düşündülər. Beləliklə, yırtıq aşkarlandı, ağrısı olan hər kəsi əməliyyat etməyə başladılar. Lakin həkimlər, əsasən də neyrocərrahlar diqqət etdilər ki, əməliyyatlardan sonra çox zaman ağrılar keçmir, bəzən hətta güclənir. Sonralar fəqərəarası disk yırtığı olan 20 000 insan arasında sorğu keçirildi. Sorğuda iştirak edənlərin 40 %-ində yırtığın olmasına baxmayaraq, heç bir zaman ağrıdan şikayət etmədiklərini bildirdilər. Bu isə həkimləri ciddi şəkildə düşündürdü və onlar ağrıların protruziya və yırtıqla əlaqədar olmaması fikrinə gəldilər. Əvvəlki ədəbiyyatlarda bunların ağrı yaratdığı yazılırdı. Mən də vaxtilə elə bilirdim. Lakin son məlumatlar, aparılan araşdırmalar, həmçinin kliniki praktikamda çox şiddətli ağrı ilə müraciət etmiş, yırtıq və protruziyası olan  heç bir ağrıkəsicinin kömək etmədiyi pasiyenti biz bir neçə dəqiqə ərzində ağrılardan azad etməyimiz bir daha sübut etdi ki, yırtıq və protruziya ağrı vermir.

 

“Əhval-ruhiyyənin pozulmasına imkan verməmək və çox güclü narahatlıqlardan sonra qısa müddətdə bərpa olunmağı bacarmaq gərəkdir”

 

– Doktor, bəlkə açıqlayasınız, triqqer nöqtələri nədir və bu nöqtələrin eşitdiyimiz iynəterapiyadakı nöqtələrlə eynidirmi, yoxsa fərqlidir?

– Triqqer nöqtələri əzələ liflərində olan mikrokontrakturalardır. Bunlar əzələdə olmamalıdır. Əgər əzələdə triqqer nöqtəsi varsa, belə əzələ reflektor yığılır və daim tonusda olur. Belə əzələdən mərkəzi sinir sisteminə – onun fəaliyyətdə olmamasına baxmayaraq – fəaliyyətdə olması haqqında yanlış informasiya gedir. Belə halda əzələdə mübadilə prosesləri pozulacaq və distrofik dəyişikliklər gedəcək. Çin təbabətində, iynəterapiya, refleksoterapiya “çzen-çzyu terapiya” adlanır. Onlar belə hesab edirlər ki, bədənimizdə müxtəlif yollarla daim enerji dövr edir. Qərbdə bu yollara meredian deyilir. Düşünürlər ki, daxili orqanlarımızın sağlamlığı, ağrıların olmaması bu meredianlarda dövr edən enerjidən asılıdır. Bu meredianlarda isə nöqtələr var. Bunların dəqiq yerləri var və bunları bu terapiya ilə məşğul olan həkimlər əzbər bilməlidirlər. Həmçinin aşi nöqtələri var, bunlar merediandan kənar nöqtələrdir. Aşi nöqtələri triqqer nöqtələridir.

 

– Demək, triqqer nöqtələrinin terapiyası Çin təbabətinə aiddir, eləmi?

– Bir az ətraflı məlumat vermək istəyirəm. Mən bu terapiyanın inkişafında həm Şərqin, həm də Qərbin böyük rolunun olduğunu düşünürəm. Keçən əsrin əvvəllərində ağrıların terapiyası ilə məşğul olan həkimlər iki qrupa bölünürdu: iynəterapevtlər və meredianlarda nöqtələri yandırmaqla müalicə edən və xalq təbabəti ilə məşğul olan həkimlərə. Həmin dövrdən bu iki qrup arasında rəqabət gedir. Bu mübarizə müalicənin effektivliyinə görə deyil, siyasi mübarizə olur  və yekun bütün iynəterapiya mərkəzləri bağlanır. İynəterapiya ilə məşğul olan həkimlər dayaq-hərəkət sistemindəki ağrıların müalicəsini əzələ-vətər meridianı və aşı nöqtələrində işləyərək müalicə ediblər. Xalq təbabəti ilə məşğul olanlar isə daxili orqanların xəstəliklərinə daha çox diqqət edirlər, əzələ-vətər meredianına və aşi nöqtələrinə diqqət etmirlər. Beləliklə, iynəterapevtlər ara həkimlər kimi sərbəst fəaliyyət göstərirlər. Bu haqda informasiya isə atadan oğula ötürülür. Keçən əsrin ortalarında isə iynəterapiya Çində dövlət səviyyəsində canlandırılır, lakin siyasi mübarizə yenə də davam edir və  bu haqda ədəbiyyatların yazılması iynəterapevtlərə deyil, xalq təbabəti ilə məşğul olanlara verilir. Onlar isə yuxarıda qeyd etdiyim kimi, əzələ-vətər meredianarı və aşi nöqtələri haqqında demək olar ki, məlumat vermirlər. Bunlar haqqında çox az informasiya bəzi ədəbiyyatlarda olur. 60-cı illərdə Con Kennedinin oynaq ağrılarını onun həkimləri Travel və Simons triqqer nöqtələrini açmaqla müalicə edirlər. O, özünü o qədər yaxşı hiss edir ki, bunu araşdırmaq haqqında tapşırıq verir. Beləliklə, onlar bir neçə il geniş miqyaslı araşdırma aparırlar və triqqer nöqtələrinin iki cildlik atlasını ərsəyə gətirirlər. Həmçinin Tom Mayers və başqa alimlər çox gözəl və maraqlı araştırmalar aparırlar və özlərinin miofassial zəncirlərini yaradırlar. Bu miofassial zəncirlər elə əzələ-vətər meredianlarıdır. Artıq bir neçə ildir ki, Amerika triqqer nöqtələrinin terapiyasına, həmçinin miofassial zəncirlərə, fassiyaterapiyaya cox ciddi diqqət edir, onun təbliği ilə məşğul olur, bununla bağlı müxtəlif ölkələrdə seminarlar keçirilir. Yeri gəlmişkən, bu mövzuda mən də bir neçə dəfə seminar keçirmişəm.

 

– Bilirik ki, siz idmançılarla da çalışmısınız. Əzələdə triqqer nöqtəsi peşəkar idmançının fəaliyyətinə necə təsir edə bilər?

– İdmançıların sıravi insanlardan fərqli cəhətlərindən biri budur ki, onlarda aktiv əzələlərin sayı idmanla məşğul olmayan insanlardakından çoxdur. Onlar mürəkkəb hərəkətlər edirlər. Bu hərəkətlər uzunmüddətli məşqlərin hesabına miofassial zəncirdə əzələlərin aktivləşməsi hesabına baş verir. Əgər əzələdə triqqer nöqtəsi varsa, həmin əzələdə disfunksiya olacaq və yekun oynaqda hərəkətin koordinasiyası pozulacaq. Bu performansın aşağı düşməsi travmaya səbəb olacaq. Ümumiyyətlə, idmançılarda nə aktiv, nə də gizli triqqer nöqtələri olmalıdır.

 

– Bir çox insan ağrıları olunca fitneslə məşğul olmaqla və ya masaja getməklə həmin ağrılardan azad olmaq istəyirlər. Bu, doğrudurmu?

– Ümumiyyətlə, ağrı ilə məşq etmək olmaz. Hər bir əzələnin öz funksiyası var, hərəkətlər isə bu əzələlərin hesabına olur. Əgər hansısa bir əzələdə ağrı varsa, fiziki yüklənmə verərək bu ağrını azaltmağa çalışırıqsa, həmin əzələnin funksiyası digər əzələlərin üzərinə düşəcək. Beləliklə, həmin oynaqda hərəkət düzgün olmayacaq və yekunda əlavə fiziki yüklənməyə məruz qalmış əzələlərdə triqqer nöqtələri formalaşacaq. Bu isə düzgün yanaşma deyil. Əzələ çox böyük orqan olması ilə yanaşı, çox zərif orqandır. Bədənimizdə 600-ə qədər əzələ var. Masajçı əzələni çox yaxşı tanımalıdır. Mən idman masajının əleyhinəyəm, belə masaj əzələlərə travma verir. Həmçinin idmançılara və sıravi insanlara belə masaja getməmələrini məsləhət görürəm.

 

– Lalə xanım, bir sıra xəstəliklərə səbəb olan stress mühitindən uzaqlaşmaq, ümumiyyətlə, sağlam ömür sürmək üçün hansı reseptiniz var?

– Stress insanlarda nəinki ruhsal ağrı yaradır, həmçinin fiziki ağrılara da səbəb olur. İnsan yaşadığı müddətdə orqanizmin bütün hüceyrələrinin çox ehtiyac duyduğu bir maddə var: bu, endorfindir. İnsan bütün ömrü boyu bu endorfini qazanmaq üçün yaşayır. Endorfin sintezi arzulara çatdıqda, xoş xəbərlər eşitdikdə, qarşılıqlı sevgidə, qələbə qazandıqda, gözəl, dadlı yemək məclislərində, hüzurda və s. anlarda sintez olunur. Bu maddənin sintezinin kəskin azalması zamanı hüceyrələrdə destruktiv dəyişikliklər baş verir və beləliklə, xəstəliklər yaranır.  Müasir dövrdə stressi idarə etməyi öyrənmək lazımdır. Əhval-ruhiyyənin pozulmasına imkan verməmək və çox güclü narahatlıqlardan sonra qısa bərpa olunmağı bacarmaq lazımdır. Bunun üçün dərmanlarla kömək edirik, lakin psixoloji yardıma çox ehtiyac olur. Bunun üçün insan psixologiyasını bilmək lazımdır. İndi dünyanın bir çox ölkələrində psixoloqlar seminarlar keçirirlər. Həmçinin bizim ölkədə də bu fəaliyyətə başlanılıb. Mən arzu edirəm ki, belə seminarlar çoxalsın. Buna çox böyük ehtiyac var. Mən hər kəsə belə seminarlara getməsini, bu istiqamətdə biliklərini artırıb, qurban, yazıq rolundan şagird roluna, xilaskar rolundan köməkçi roluna, aqressor rolundan isə müəllim roluna keçərək yaşamasını, bu səviyyədə davam etməsini məsləhət görürəm.

 

Elşad PAŞASOY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir