Həkim, mənə “firma dərmanı” yazma. Bu, əslində çox zaman ürək ağrısı ilə eşitdiyim bir cümlədir. Amma hər zaman bu məsələ ilə bağlı xəstələrlə uzun söhbətlərimiz olur. Dərmanların əksər hallarda iki adı olur. Birincisi – bütün həkimlərə tanış olan ümumi (jenerik) adı, yəni, təsiredici maddə. İkinci ad isə – satış adıdır. Başqa cür desək ticarət adı.
Məsələn, ürək döyüntüsünə görə yazdığımız bir dərman var – Bisoprolol. Biz həkimlər öz aramızda bu adı eşidəndə hansı dərmandan söhbət getdiyini, onun nə işə yaradığını, hansı xəstəliklərə yazıla bildiyini, hansılara əks təsir olduğunu bilirik. Bu bisoprololu Avstriyada bir adla, Türkiyədə bir adla, ABŞ-da isə başqa adla istehsal edirlər. Bütün qutuların üzərində dərmanın hər iki adı göstərilir. Buna əsasən bütün həkimlər sizin təzyiq yüksəkliyinizə, nəbz artışınıza və ya damar tutulmalarına görə “firma dərmanı” yazır. Sadəcə olaraq bu firmalar dərmanı öz istədiyi və ölkəsinin icazə verdiyi qiymətə istehsal edir və digər ölkələrə ixrac edir.
Biz həkimlər bunu hansı prinsiplə seçirik?
Tibbi sığortası olmayan ölkədə iki prinsip nəzərə alınır (bu insaflı həkimlərə aiddir): xəstənin maddi vəziyyətini nəzərə almaq və dərmanın təsirinin yaxşı olmasından əmin olmaq. İkinci hal təcrübəyə dayanır. Həkimlərin ən böyük reklamı müalicə etdiyi xəstələridi. Şəxsən mənim həkim olaraq ən sevdiyim şey – xəstəmin mənə qohumunu, qonşusunu, dostunu gətirməsidir. Ona görə də, uzun illər təzyiq yüksəkliyindən əziyyət çəkən xəstələr bizim yanımıza gələndə təbii ki, ən yaxşı dərmanı yazmaq məcburiyyətindəyik. Yaxşı dərmanlar isə əksər hallarda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə istehsal olunur. Bəzən belə sualla rastlaşırıq: Necə olur ki, sovet dönəmində ucuz dərman yazılırdı və xəstə onunla sağalırdı? Cavabı çox sadədir: o vaxt hər şey ucuz idi, ekologiya bu qədər çirkli deyildi, qidalar daha təmiz idi, insanlar daha sağlam idi.
Ümumiyyətlə həkim olaraq insanların bunu bilməsini istəyirəm, həkimə inanmadığınız və güvənmədiyiniz halda həmişə nə isə tərs olacaq. Düşünürsünüz ki, müalicə edən həkimin yaxşı həkim olduğunu necə biləcəyik? – Yazdığı müalicənin effektindən. Əminəm ki, çox adam professor, elmlər namizədi, yaşlı həkim anlayışı ilə həkim seçir. Bunların heç biri həkimin savadı üçün göstərici deyil. Çox savadlı professorlar qədər, savadsızları da var. Cavan həkimlərin də həmçinin. İllərdir mütaliə edən, yenilikləri təqib edən yaşlı həkimlər də var, yerində sayan, 30 il öncə tibbi necə bilirdisə indi də elə bilən həkimlər də. Tibb isə sabah robot həkimlər hazırlaya biləcək qədər sürətlə inkişaf edir. Sağlam olun!
Kardioloq Günay Rəhimova