“Azərbaycanın rayon yerlərində, qəsəbə, kənd xəstəxanalarının çoxunda ailə həkimləri artıq fəaliyyət göstərir”.
Bu sözləri Azərbaycanın əməkdar həkimi, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihov deyir. O bildirir ki, hazırda Bakıda, eləcə də digər şəhərlərdə ailə həkimlərinin fəaliyyət göstərmələri üçün müvafiq işlər gedir:
M.Salihov qeyd edib ki, artıq Bakıda universitet bitirənlər arasında ailə həkimi kimi fəaliyyət göstərənlər var:
“Ailə həkimi olmaq üçün Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) var. Ora müraciət edənlər üç ay sırf bu ixtisas üzrə məşğul olurlar və onlara bunun haqqında sənəd verilir.
Hazırda ölkədə o qədər dar ixtisaslı həkimlər əmələ gəlib ki, bunun sayəsində müalicə düzgün getmir. Məsələn, vətəndaşlar eyni anda bir neçə həkimə müraciət edirlər. Nəticədə müxtəlif dərmanlar alınması tapşırılır. Bu isə düzgün deyil, xəstə eyni anda müxtəlif dərmanları qəbul edə bilməz. Ona görə ailə həkimi ilə bağlı problemlər qısa müddətdə həllini tapmalıdır. Ailə həkimi xəstənin problemini biləcək və onu düzgün istiqamətləndirəcək. Bununla da insanların fərdi olaraq müxtəlif ixtisaslı həkimlərə müraciət etməsinə ehtiyac qalmayacaq”.
Professor əlavə edib ki, ailə həkimi sistemi icbari tibbi sığortanın tərkib hissəsidir:
“İcbari tibbi sığorta tətbiq olunan Ağdaş, Mingəçevir, Yevlax pilot rayonlarında Ailə təbabəti mərkəzləri yaradılıb. Düşünürəm ki, ölkədə icbari tibbi sığortanın geniş tətbiq olunmasına başlandıqdan sonra ölkə ərazisinin bütün yerlərində ailə həkimləri yaradılacaq. Bundan sonra hər şey müsbət yöndə dəyişəcək”.
Xatırladaq ki, ilkin səhiyyə xidməti üçün ailə həkiminə müraciət etmədən öz səhiyyə rayonunda xəstəxanaya gedib müayinə olunan şəxslərin icbari tibbi sığorta haqları müəyyənləşib.
Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib ki, öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat, öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə üçün 5 manat, stasionar xidmət üçün 30 manat ödəməlidirlər:
“Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq üçün 15 manat ödəməlidirlər. Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır”.