abbas ehmed 1

Hər aşiqin dövranı var: Unudulmuş məşhurlar

Baxış sayı: 610

Şöhrəti və tamaşaçı sevgisini əlində tutmaq, unudulmamaq, illərə meydan oxumaq hər insana nəsib olmur. Ulduzların bəziləri dünyada daim baş verən dəyişikliklərə uyğunlaşmağı bacarır, bəziləri isə uyğunlaşmır. Dünyada, eləcə də Azərbaycanda ya vəlvələdən, ya zəlzələdən uzaqlaşan xeyli sayda tanınmış var. Beləliklə, bir zamanlar məşhur olub, unudulan yerli məşhurları sizə xatırladır. Necə deyərlər, “Hər aşiqin dövranı var”…

Abbas Əhməd – 80-ci illərin axırı, 90-cı illərin ortalarına qədər bu müğənni Bakıda çox məşhur idi. Xüsusən gənclərin sevgi himninə çevrilmiş “Ürəyim yanar” mahnısı ilə insanların qəlbini qazanan müğənni uzun illərdir Vətəndən uzaq düşüb.

Xalq artisti Sərxan Sərxan da bir zamanların sevilən ulduzu olub. Ötən əsrin sonlarında xüsusi ilə gənc xanımların sevgisini qazanan Sərxan Sərxan Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. “Ay gecikən məhəbbətim” mahnısı ilə sevilən sənətçi bir neçə filmə də çəkilib.

Eyni taleyi yaşayanlardan biri də “Aşıqlar” qrupudur. “Aşıqlar”ın yaranmasında əsas məqsəd o zaman Azərbaycan musiqisini dünyada təbliğ etmək idi. Çünki bu ağır missiyanı uzun illər çiyinlərində daşıyan “Qaya” vokal kvarteti parçalanmaq ərəfəsində idi. İkinci güc kimi yaradılan “Aşıqlar” qaynar nöqtələrdə – Əfqanıstanda konsert proqramı ilə də çıxış edirdi. Təəssüflər ki, 1989-cu ildə qrup dağıldı. Amma Elxan Şıxəliyev 1997-ci ildə köhnə heyətin bəzi üzvlərini bir araya yığaraq, kollektivi bərpa etdi. Lakin nə zaman əvvəlki zaman idi, nə də “Aşıqlar” əvvəlki “Aşıqlar” idi. Qrup özünün ikinci baharını yaşaya bilmədi.

2000-ci illərdə “Səni deyə-deyə” mahnısı ilə məşhurlaşan Ella da sənətdən uzaqlaşıb. Xatırladaq ki, tanınmış ifaçı 2007-ci ildə rejissor olan həyat yoldaşı Stas Rubençik ilə birgə Azərbaycandan Almaniyaya köçüb.

Bir zamanların ən populyar qruplarından biri də “N-brothers” olub. Namiq Qafarov rəhbərliyi ilə yaranan qrupun üzvləri tez-tez dəyişsə də, qrup 2000-ci illərin əvvəllərində şou aləmində çox tanınırdı. N.Qafarov müsahibələrinin birində qrupun yaranmasından bəhs edərkən peşman olduğunu dilə gətirmişdi:

“Bu ideya məndən gəldi. Başıma daş düşəydi. Mən bilməzdim ki, şou-biznes bu günə düşəcək. Mənim şirkətim var idi. Onun nəzdində qrupu yaradanda adını ingilis dilində ona görə qoydum ki, bizdə də şou-biznes inkişaf edəcək, xarici ölkələrə gedəcəyik. İndi baxıram ki, Biləcərini keçmək yox, “Şamaxinka”da ilişib qalmışıq”.

1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu olan “Dəyirman”. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi.

“Dəyirman” 1996-ci ildə Azərbaycan musiqi səhnəsində “Ya Qarabağ, Ya Ölüm” mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.

2000-lərin əvvəllərində məşhur olub, hazırda sənətdən kənar qalan sənətçilərdən biri də Qismət Məmmədzadədir. Məlahətli səsi ilə tanınan müğənni “Qismət birdir”, “Bakinskiy roman”, “Bura vətəndir” kimi mahnıların müəllifidir. O eyni zamanda bir çox filmlərdə də rol alıb.

Unudulan məşhurlar sırasında olanlardan biri də “Tək səbir”in rəhbəri Həsən Əliyev. Həsən Əliyev 2000-ci illərin əvvəlində televiziya tarixinin ən reytinqli layihəsinin rəhbəri olub.

2004-cü ildə “Azəri Star” mahnı müsabiqəsindən tanınıb sevilən Arzu Xəlilova da yaradıcılıq karyerasına son qoyub. Qəfil parlayıb və bir anda ekranlardan itən ifaçı “Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” mahnıları ilə populyarlaşmışdı. Müğənni türk vətəndaşı ilə ailə qurub və sənətdən uzaqlaşıb.

 

Şahpəri Abbasova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir