magaza

Hər gün 3-5 qəpik bahalaşma… – Sahibkarların qiymət “oyun”u

Baxış sayı: 1. 115

Son günlər bəzi məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Alıcılar meyvə-tərəvəzlərin, yağın, un məmulatlarının qiymətinin artdığını iddia edirlər.

Əksər məhsulların qiyməti hər gün 3-5 qəpik də olsa, bahalaşır. Bir çoxları bunu bazar iqtisadiyyatının yazılmamış qanunları adlandırır. Lakin məlum durum istehlakçıların narazılığına səbəb olur.

Ərzaq məhsullarının bahalaşmasında obyektiv və subyektiv səbəblərin olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, dünya bazarında taxılın və unun qiyməti artdığı üçün bu Azərbaycana da təsir göstərir.

Ekspert bildirir ki, şirniyyat məhsullarında və müxtəlif un məmulatlarında qiymət artımına səbəb Azərbaycanın başqa ölkələrdən buğda idxal etməsidir:

“Özümüzü keyfiyyətli buğda istehsalı baxımından tam təmin edə bilmirik. Bu problemlər olduğu üçün mütləq qonşu ölkələrdən, əsasən də Qazaxstandan və Rusiyadan taxıl almaq məcburiyyətindəyik. Bu da qiymətlərin artmasına təsir edir.

Bahalaşmanın obyektiv səbəblərdən biri də odur ki, indi mövsümlə əlaqədar bəzi məhsulların bazara tam çıxmadığını görürük. Ona görə də bazarda daha çox xaricdən gətirilən məhsullar üstünlük təşkil edir. Əsasən də kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etdiyini nəzərə alsaq, bu bahalaşmaya təsir edən amillərdən biridir.

Bahalaşmaya səbəb olan subyektiv amillər də var. Təəssüf ki, Azərbaycanda təqribən Novruz bayramından etibarən məhsulların yay mövsümünün əvvəlinə qədər bahalaşadığını müşahidə edirik. Bu, hər zaman belə olub”.

İqtisadçı vurğulayır ki, bahalaşmaya səbəb olan məqamlardan biri də bazarda rəqabət mühitinin kifayət qədər oturuşmamasından qaynaqlanır:

“Rəqabət məcəlləsinin qəbul olunması və rəqabət mühitinin daha geniş formada yaradılması qiymətlərin tənzimlənməsində mühüm rol oyanaya biləcək amillərdəndir. Amma bir tərəfdən yayın əvvəlindən başlayaraq ən azından kənd təsərrüfatı məhsullarında qiymətin sabitləşməsi, hətta ucuzlaşması baş verə bilər. Bu mövsümdən irəli gələn məqamdır.

Qiymətlərin tənzimlənməsi təqribən oktyabr ayına qədər davam edə bilər. Əsasən meyvə-tərəvəzlərdə, kənd təsərrüfatı məhsullarında qiymətlərin ucuzlaşmasını görəcəyik. Amma noyabr ayından başlayaraq Yeni il ərəfəsində növbəti qiymət artımı dalğasını görə bilərik. Çünki Azərbaycanda pis ənənə formalaşıb. Həmişə Yeni il və Novruz qabağı qiymətlərin daha sürətlə artmasının şahidi oluruq”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir